
Orta məktəblərdə sınaq imtahanları başlayıb. Modern.az saytının təhsil naziri Misir Mərdanov müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində ümumi orta (9-cu sinif) və tam orta təhsil (11-ci sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanlarına 28 yanvar tarixindən start verilib.
Yanvarın 28-də Bakı şəhərində 11-ci sinif şagirdləri mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama imtahanları verdilər..
Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsindən bildirilib ki, 11-ci siniflərdə sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
Bakıdakı məktəblərin 22 minə yaxın 11-ci sinif şagirdi 72 imtahan mərkəzində sınaqdan keçib.
Bu imtahanlarda şagirdlər 120 sualı cavablandırıblar. İmtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb.
Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək.
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayacaq. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.
Nazirin əmrinə əsasən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də bu ilki mərkəzləşdirilmiş qaydada aparılacaq sınaq imtahanlarında iştirak edə biləcəklər.
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.
Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Modern.az