Bəşər Əsədin arvadı və uşaqlarının olduğu maşın karvanı geri qaytarılıb
Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən qüvvələr onun ailəsinin ölkədən çıxmasının qarşısını alıblar. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, prezidentin qohumları yanvarın 29-da axşam Suriyanı tərk etməyə cəhd ediblər.
Məlumatda qeyd edilir ki, Suriyanın təhlükəsizlik xidməti paytaxt Dəməşqdən Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədi, uşaqlarını, anasını və digər qohumunu çıxarmağa çalışıb. Müxalifətin bildirdiyinə görə, bir neçə avtomobil karvanı hava limanına tərəf gedərkən hücuma məruz qalıb. Atəş açıldığından maşınlar prezident rezidensiyasına geri qayıtmaq məcburiyyətində qalıblar.
Dəməşq ətrafında isə hakimiyyət qüvvələri ilə müxalifət döyüşçüləri arasında qarşıdurma davam edir. 2011-ci ilin mart ayından başlayan qarşıdurma nəticəsində ən azı 5400 nəfərin həlak olduğu bildirilir.

Modern.az