Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
Qarabağ konfliktinin ədalətli həlli Türkiyənin ATƏT-in Minsk qrupundakı üzvlüyündən keçən yolla başlayacaq. Hesab edirəm ki, bir necə gün öncə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlunun ATƏT-in Minsk qrupunda Fransanın həmsədirlik məsələsi ilə bağlı sərt tələbi son günlərdə Fransa Senatının üzdəniraq məlum qanunun qəbulundan sonra Azərbaycan ictimaiyyətinin ürəyindən xəbər verən ən dəyərli və vaxti çatmiş bir təklif oldu.
Bu günlərdə keçmiş dövlət müşaviri Vəfa Quluzadənin müsahibəsi Fransanın ATƏT-in Minsk qrupuna necə həmsədir olma tarixini bir daha bizlərə xatırladıb. Həqiqətən də o zaman ölkəmizin Prezidenti Ulu öndər Heydər Əliyev Paris səfəri zamanı Fransa prezidentinə israrla və dəfələrlə demişdir ki, Fransanın həmsədrlik institutunda təmsil olunması açiq-aşkar erməni tərəfi olması deməkdir. Fransa prezidenti də güya obyektivliyi saxlayacağına söz vermiş və Ulu önder Heydər Əliyevi və Azərbaycan xalqını inandırmağa çalışmışdı. Lakin ötən 20 il ərzində nəinki Fransa və ya ATƏT-in Minsk qrupu tərəfsizlik nümayiş etdirib, əksinə bu illərdə heç bir irəliləyiş olmayıb və obyektivlikdən əsər-əlamət belə olmayıb. Senatın qəbul etdiyi son qanun isə Fransanın Minsk qrupunda onun hansı missiyada olmasını açıq-aşkar göstərdi. Bu qanunla Sarkozi dolayısı ilə demək istədi ki, mənim və mənim komandamın missiyasi Qarabagı Azərbaycandan uzaqlaşdırmaq və Ermənistana birləşdirməkdi.
Bundan sonra Fransanın Minsk qrupunda həmsədr qalmasının başqa anlamı yoxdu. Sual oluna bilər ki, bəlkə Sarkozi seçilmədi, yeni hökümət gəldi, situasiyanı daha yaxşı başa düşdü. Bu da sadəlövhlük olardı. Çünki bu 20 il ərzində Fransada ən azı 3 hökümət və 3 prezident dəyişib. Yəni bu olaylar göstərdi ki, Fransanın Minsk qrupunda həmsədirliyindən heç nə gözləməyə dəyməz . Azərbaycanda son günlərdə təkcə ictimaiyyətin və ya müxalifətin təmsilçiləri deyil, hökümətin yüksək səviyyəli təmsilçiləri də Fransanın Minsk qrupundakı həmsədirliyini daha kəskin tənqid edib və bu təmsilçiliyin dolayısı ilə konfliktin obyektiv həllinə zərbə ola biləcəyi səslənib. Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spigeri hörmətli Bahar xanım Muradova da bu məsələni dəfələrlə səsləndirib və Fransanın Minsk qrupunda həmsədrlik məsələsinin assambleyanın növbəti iclasında qaldıracağını bildirib.
Bu məsələ haqqında uzun-uzadı danışmağın bir lüzumu yox, məsələ tam aydındı. Artıq konkret əməli fəaliyyət göstərilməlidi. Əlbəttə, Fransanın Minsk qrupunun həmsədirliyindən kənarlaşdırılması elə də asan məsələ deyil. Amma mən də hesab edirəm ki, bununla bağlı prinsipial və ardıcıl fəaliyyət göstərməliyik. Bu mənada hörmətli Davudoğlunun fikri zərurətdən irəli gələrək məntiqə uyğundur. Bunu təkcə mövcüd reallıqla deyil, həm də tarixi təcrübədən və tarixi gerçəklikdən də irəli gəlməsi ilə də izah etmək olar.Tarixin təcrübəsi, tarixi faktlar da buna tam əsas verir. Məlumdur ki, Qafqaz regionu tarix boyu, xüsusilə də son 2- 3 yüz ildə əsasən üç böyük gücün- Çar Rusiyası, Fars İmperiyası və Osmanlı İmperiyasının marağında olub. Bölgədə bu üç güc hər zaman söz sahibi olub.
Tarixin hansısa bir mərhələsində bu güclərdən hansı biri bir az zəifləyibsə, digər cütlük öz təsirini və gücünü artırıb. Əlbəttə, Avropada və ya okeanın o tayında olan super güclərin də maraqları inkar olunmazdı. Amma bu güclər əsasən Osmanlı İmperiyasının zəifləmə və dağılma dövründə, eləcə də Çar Rusiyasının başı inqlablara qarışdığı dövrdə güclənmişdi. Xüsusilə də Azərbaycanda ilk neft yataqlarının kəşf edilməsi bu uzaq -''kənar'' gücləri bu bölgədə hegemonluğa daha çox sövq etmişdi. Bu gün artıq ''bölgənin əsas maraqlı ve haqlı gücləri'' ''kənar güclərlə “bir növ rəqabət yarışındadır. Hər kəs öz tarixi ''maraq dairəsində ''başqalarının, necə dəyərlər ''at oynatmasının'' əleyhinədir. Belə ''yarışlar'' təkcə bizim bölgəyə şamil edilə bilməz. Bu gün istər körfəz ölkələri, istər ərəb dünyası, istərsə də Afrika ölkələri, Əfqanıstan, İraq olsun, mənzərə eynidir. Dünyanın bugünkü geosiyasi xəritəsinə baxsaq bunun bir daha əyani şahidi olarıq. Türkiyənin baş naziri R.T. Ərdoğanın ərəb ölkələrinə səfəri zamanı, necə deyərlər sanki, Ərdoğan bu ölkələrə sahib oldu, Sarkoziyə qalmadı. Gözlənilməz Sarkozi-Kameron səfəri də bizi sanki tarixdə baş vermiş səhnələrə qaytardı. Məsələni, məncə uzatmağa və ya daha uzağa getməyə dəyməz. XXI əsr dünyada baş verən ən azı iqtisadi, geosiyasi, demoqrafik və miqrasiya proseslərinin nəticesi kimi bir sira ölkələrə öz tarixi gücünə, genetik yaddaşına sahib cıxmağı xatırlatdı. Çağdaş dünyamızda nə qədər ədalətsiz proseslər getsə də, bəzi hallarda bu ədalətsizliklər içərisindən ədalət rüşeymləri də cücərmişdir. Bu gün Türkiyənin bir çox anlamda bir güc mərkəzi və ya lider dövlətə çevrilməsi də tarixin ədalətli qərarı olmaqla, həm də Türkiyəyə tarix tərəfinden verilmiş ən çətin, ən şərəfli və bəlkə də son şansdır.
Bu gün Davudoğlunun da dediyi kimi Qafqaz bolgəsinin əsas söz sahibi Rusiya və Türkiyədi (Əlbəttə, İranın bugünkü durumu və imici onun Qafqaza açıq-aşkar şəkildə təsir etməkdən cəkindirir. O, özünun bu bölgədəki mövcudluğunu ancaq Ermənistana dəstəyi ilə demək istəyir). Rusiya-Gürcustan müharibəsində də bu bir daha sübüt olundu. Rusiyanın tələbləri çərçivəsində müharibəni dayandırmağa razı olduqdan sonra Gürcustana Amerika və Avropa Birliyi ancaq iqtisadi yardımla dəstək edə bildi. Sonda hətta Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini Rusiya tanıdı. Daha doğrusu, tanımaqla bir daha bəyan etdi ki, hec kəs hələ ki Rusiyanın sərhədlərində onun marağına zidd bir şey edə bilməz. Biz Rusiya-Gürcüstan müharibəsində Türkiyənin də necə rol oynadığını və bu müharibədən ''necə çıxdığını'' gördük.
Əslində bu Türkiyənin maraqlarına da xeyli uyğun oldu. Bu gün Türkiyə ilə Gürcüstan arasinda nəinki vizasız rejimdir. Hətta kimlik vəsiqəsi ilə gerçəkləşdirilən gediş-gəliş göstərir ki, Gürcüstan Türkiyənin sanki bir əyalətidir. Hörmətli Davudoğlunun da Qafqaz bölgəsində söz deyə biləcək yeganə və əsas söz sahibi olacaq iki qüvvənin Azərbaycanın Rusiya ilə tarixi, qonşuluq talelərini, sərhəd ortaqlığını və real bağlantılarını və Azərbaycanın Türkiyə ilə etnik, dil, din və mədəni, eləcə də digər sahələrdə bağlılığını nəzərə alaraq bu iki ölkənin bölgənin əsas güc və söz sahibi olmasını deməsi də tarixi zərurətdən və zamanın tələbindən xəbər verir. Əlbəttə, Davudoğlu Amerika faktorunu vurğulayır. Amma hər kəs cox gözəl bilir ki, bu gün Yaxın Şərqdə, eləcə də Ərəb dünyasında son dövrlərdə baş verən proseslərdə sübut olundu ki, Qafqaz bölgəsində də Amerikanın sözçüsü Türkiyədir. Bunu Rusiya-Gürcüstan müharibəsində və müharibədən sonrakı dövr də subut etdi, NATO-da qurucu, strateji və güclü müttəfiq, ən etibarlı, demokratik müsəlman və türk toplumu.
Bu məsələni hesab edirəm ki, davamlı olaraq daha da dərinləşdirmək və ya daha da geniş təhlil etmək lazımdır. Amma qısaca olaraq demək istəyirəm ki, bu gün Fransanın hətta Minsk qrupunda həmsədirlikdən özunun uzaqlaşması Fransanın məlum qanundan sonra kölgə duşmuş imicinə müsbət təsir edə bilər. Bu mənada istər Turkiyə tərəfi, istərsə də Azərbaycan tərəfi Qarabağ probleminin obyektiv həlli ücün Fransanın Minsk qrupunda həmsədirlikdən ya cıxarılmasına, ya da zərərsizləşdirici və ədalətli tərəf kimi Türkiyənin Minsk qrupunda həmsədirliyə gəlməsinə nail olmağa çalışmalıyıq. Məncə, Qarabağ konfliktinin ədalətli həlli də Türkiyənin ATƏT-in Minsk qrupundakı üzvlüyündən kecən yolla başlayacaqdır.