Sabiq hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilib.
Modern.az xəbər verir ki, 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Əsəd Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən Tural Nuriyev isə 4 min manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, təqsirləndirilən Əsəd Əliyev tanışı olan hərbi qulluqçunun mobil telefonla danışarkən onun və xidmət yoldaşlarının barəsində narkoloji ekspertiza keçirildiyini öyrənib. Həmin telefon söhbərində 4 hərbçi vaxtilə narkotik istifadə etdiklərinin qan analizi nəticəsində aşkarlanacağından narahat olduqlarını bildiriblər.
Ə.Əliyev bundan istifadə edərək qanunsuz yolla qazanc əldə etmək qərarına gəlib. Bu məqsədlə telefonla yoluxucu xəstəliklər ixtisası üzrə rezidenturada təhsil alan hərbçi tanışı T.Nuriyevə niyyətini bildirib. Bundan sonra onlar analiz verən şəxslərdən 10 min manata yaxın pul alaraq analiz nəticələrinə təsir edəcəklərini bildiriblər.
Zərərçəkən şəxslər aldadıldıqlarını anlayandan sonra hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bununla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.(APA)