31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Məlumata görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.
Birinci Qarabağ müharibəsi üzrə itkin düşmüş şəxslərdən 3 222 nəfəri hərbi qulluqçu, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində sistemli fəaliyyətini davam etdirir.
2026-cı ilin avqust ayında:
* 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub, ümumi say 910-a çatıb
* Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub, ümumi say 267-yə çatıb
* DNT və məhkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı 328 olaraq qalır
* İndiyədək 32 kütləvi dəfn yeri aşkar edilib
2026-cı ilin yanvar-avqust aylarında ümumilikdə 79 insan qalığı aşkar edilərək ekshumasiya olunub, 57 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib, 64 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.
Hazırda 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.
