Modern.az

Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?

Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?

Ölkə

1 Fevral 2012, 10:41

Safruh

İndi Azərbaycandakı ictimai durumu, özəlliklə dini yöndən gərgin olaraq dəyərləndirə bilərik. Azərbaycan Dövləti söz yox ki, bu məsələlərə sakit, saymaz yanaşa bilməz.

Burada Dövlətin mövqeyi xalqa tam aydın olmalıdır. Xalq da Dövlətin mövqeyinə güclü dəstək verməlidir. Hər yerdə, hər bölgədə, hər kənddə! Əhaliyə başa salınmalıdır ki, Dövlətimiz dünyəvidir və din onun heç bir işinə qarışa bilməz.

Əhali, xalq da bilməlidir ki, onun Dövləti Anayasada elan edildiyi kimi dünyəvi dövlətdir. Məncə, indi xalq buna şübhəylə yanaşır. Çünki hər yan məsciddir. Televiziyalar da məsciddir! Heç dəxli olmayan verilişlərdə dinə istinadlar baş alıb gedir. Xalq də elə bilir ki, Dövlətin «dünyəvi» elanı siyasətdir, kitab üçündür. Ona görə də bir çox məsələlərdə, xüsusən dinə münasibətdə xalq Dövləti başa düşmür. Bundan Dövlət də əziyyət çəkir. Bu əziyyət onun içərisində sabitsizliyin yaranmasında özünü göstərir. Sanki ikihakimiyyətlilikdir!..

Dinə münasibətdə xalqla Dövlət arasında  anlaşılmazlıq olanda Dövlətin zəhmi, qırımı zəifləyir. İç işlərində, yəni qeyri-mütəşəkkil əhali ilə münasibətdə güclü görünən Dövət xarici güclərə, eləcə də dinə qarşı münasibətdə, dirənişdə gücsüz görünür. Bu, həm Dövlət, həm də xalq üçün çox təhlükəli haldır.

Xalq öz dövlətini sevməlidir. Xüsusən indiki durumdakı xalqımız. Dövlət – xalqın sığınacağıdır.

İndi içimizdə at oynadan din məsələsi xarici güclərə söykənir. Bu, onların idealogiyası – dayağıdır. Bunu bilməyən yoxdur. Ancaq mənim şəxsi təsəvvürümə görə, bu işdə Azərbaycan Dövləti əlində olan imkanlara baxanda az cəsarətli görünür.

Dövlətin dinə münasibəti onun dünyəvi oluğunu hər addımda göstərməlidir. Dünyəvi mədəniyyət mərkəzləri, tədbirləri təşkil olunmalı, yoxdursa, qurulmalıdır. Ölkəyə din axını indikindən qat-qat artıq cəsarətlə məhdudlaşdırılmalıdır. İndiki Azərbaycanda din – gərəyindən, məncə, on qat çoxdur!

Azərbaycanda mənim zənnimcə, ateizm yoxdur, ancaq bir vaxtlar olub. Ateizmin imkanı ilə gerçəkliyi eyni şey deyil. Sabah ateizm üçün şərait yaranar, bugünkü dinçilərin çoxu atesit olar. Bütövlükdə ateizm nə din üçün bir qorxu yaradır, nə Dövlət üçün. Ateizm yalnız mənəviyyatı pozan bir şeydir – hərcayilik yaradan. Ona qarşı da dünyəvi dərin mədəniyyət qoyulmalıdır. Bu işlərə əsla barmaqarası baxılmamalıdır.

Əslində indiyə qədər harada guya ateizm təzahürü görünürdüsə, oranı din tutub, xalqın mədəniyyəti tutmalıykən. Din də bizim Dövlətimiz və Xalqımız üçün zərərli bir təsisatdır və əhalini dinin öhdəsinə buraxmaq olmaz. O yerdə ki, münsif rolunu din oynayır, Azərbaycan xalqının və Dövlətinin dəyərləri tam dolğunluğu ilə yaşayıb işləyə bilməz.

Hansı dəyərin adı çəkilirsə, tez aparıb dinə bağlayırlar. Elə Babəki də. Son vaxtlar onun üstünə düşüblər. Türklükdən gələn adət-ənənələrimizi, lap Dədə Qorqudu da – hamısını aparıb dinə bağlayırar. Sanki xalqımızın heç bir dəyəri yoxmuş və ola bilməzmiş. Hamısı dindən və Batıdan gəlirmiş – yadlardan.

Hamı bilir ki, din də ərəb xalqının mədəniyyətidir. Ərəb xalqı da yaşayır, sayı çox, torpağı, sərvəti çox. Bu, onun tarixidir, özü yiyə dursun!  

Azərbaycan xalqı öz böyüklərini verməlidir. Bu böyüklər dindən gələn olmamalıdır. Dindən nə gəlibsə, gəlib və gedib. Məncə, efirdə dinin qabarmasına Dövlət yol verməməlidir. Din orada qabardıqca Dövlət zəifləyir. Dövlətin zəifləməsinin hesabına din qabarır.

Kütlənin sevgisi çox böyük gücdür. O güc dinə yox, Dövlətə yönəlməlidir. Dövlət o sevgini xalqdan yalnız maddi stimullarla qazanmamalıdır. Dövlətin güclü Sözçüləri, natiqləri olmalıdır – xalqı öz, yəni dini olmayan dəyərləri əsasında yetişdirən, böyüdən.

Dövlət dinin ipini yığmasa, din dövlətin ipini yığacaq (və yığmaqdadır). Buna qətiyyən yol vermək olmaz! Bu sahədə gecikmə çətinliyin bir az da artması, ölkənin gələcəyinin dumanlara bürünməsi demək olar.

Yurdumuzda Azərbaycan Dövlətini öyən, sevən, qüdrətləndirən Ruh gərəkdir, Ruh yaranmalıdır. Hər yerindən qalxan dövləti tənqid edir, kimisi ondan çörək, birisi vəzifə istəyir. Sanki dövlət yetimxanadır. Dövləti sevmək hansısa iqtidarı sevmək deyil. Və iqtidarı dövlətə, dövləti iqtidara qarşı qoymaq deyil. Ayrıca olaraq deyirəm ki, iqtidara yalmanmaq dövlət sevgisi deyil. Dövlət sevgisi – ruhani, mənəvi sevgidir, hünər sevgisidir!

Azərbaycan əsgərini, gəncliyini sevmək, onları bilikli etmək gərəkdir. Din yoluyla o, necə savadlana bilər?! Daha da savadını itirər, ağlı korşalar.

Bu işləri kəndlərdə aparmaq gərəkdir. On minlərlə gəncimiz var ki, onların içində Dövlət iş aparmır, onlar idarə olunmayan dinin ixtiyarındadır. Onların çoxu başıbəlalı Azərbaycan tarixini oxumaq yerinə Çərəkə oxuyur, ərəb sözlərini əzbərləyir.

Məscidlər də süsləndikcə, “müqəddəs yerlərə” anlamsız və çağdaşlığa uyğunlaşmayan zəvvar axını gücləndikcə... xalqın sevgisi dinə yönəlir, Dövlətinə yox!

Hələ üstəlik, dünyəvi Dövlətimizdə baş alıb gedən dini bayramlar, küçələr boyu axıdılan qurbanlıq qoyunların al qanları... Bu gedişlərlə Dövlətimiz öz dünyəviliyini və müstəqilliyini qoruya bilməz!

...Biz ateizmi sevmirik, dini sevmirik, Müqəddəsliyi sevirik, Dövlətimizi, Yurdumuzu, Xalqımızı sevirik!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı