Elməddin Muradlı
Kimi qar dərdi çəkir, kimi Qarabağ
Qar. Ağappaq yağıntı. Düşdüyü yeri bəmbəyaz rəngə boyayır. Mən bu qarı ağappaq ləkəyə bənzədirəm. Hər yerə ləkə salır, ağ ləkə. Sonra bu ləkə dönüb və donub buz olur. Bax, bu ağ ləkənin qara tərəfləri bu zaman üzə çıxır. Necə? Bax, belə. Məsələn, deyirlər, qarlı havada yolların və küçələrin təmizlənməsi üçün Bakı şəhərinin ərazisində 130-dan çox texnika işləyir.
Amma götürüb hesab aparsan bunun yalan olduğu üzə çıxar. Ola bilər ki, 30 texnika işləyir, 100 texnikada, yəni, 100 maşında isə bu 30 texnikaya nəzarət edənlər oturub şəhəri gəzirlər. Bizdə belə şeylər çox olur. Baxırsan ki, haradasa bir briqada işləyir. Cəmi 5-6 işçi-fəhlə var. Onların başında isə 4-5 rəhbər işçi dayanır. Biri müdir, biri onun müavini, biri mühasib, biri mühəndis, digəri isə iş icraçısı. 5 fəhləyə 5 müdür nəzarət edirsə, orada hansısa işin keyfiyyətli olacağını düşünməyə dəyməz.
Bakının qardan təmizlənməsi də eynən bunun kimidir. Artıq hamı bilir ki, qar əsasən hansı küçələrdə təmizlənir - Hacıbala Abutalıbovdan daha yüksək vəzifəsi olan məmurların və dövlət adamlarının keçdiyi yollarda. Onların evə və işə gəlib gedəcəyi yollar tər-təmiz olur. Məsələn, Nazirlər Kabinetinə gedən yol həmişə tər-təmizdi. Amma “Gülüstan” sarayı tərəfə ayrılan yolu təmizləmirlər heç vaxt. Çünki o istiqamətdə heç bir nazir və məmur getmir. Gedən yetim-yesirdi, bunun da Hacıbala Abutalıbova heç bir dəxli yoxdu. Amma demək istəyirəm ki, əgər Hacıbala yoldaş düşünürsə ki, o məmurlar bizdən artıq adamlardı, çox səhv edir. Onların çoxusu boyca çox aşağı adamlardı, vəzifəsi nə qədər böyük olsa da.
Qarın əlində əsir-yesir qalan məmurlar utanmalıdır. Demirik ki, gəlin hər küçəni təmizləyin. Heç olmasa, əsas gediş-gəliş olan yerlərdə iş görülsün. Boş-boş rəqəmlərlə kimin başını aldadırsınız? Mən ümumiyyətlə, bu rəqəmlərin qəti əleyhinəyəm. Rəqəm heç nəyi dəyişmir. Yalnız ortada olan fakt nəyisə dəyişə bilər. Milli Məclisin yaz sessiyasının ilk iclasında deputatlardan biri çıxışında bir rəqəm səsləndirdi. İclasdan sonra həmin deputata yaxınlaşıb rəqəmi dəqiqləşdirmək istəyəndə, mənə dedi ki, «o rəqəmləri özümdən dedim, bir az da şişirtmişəm. Onu yazma».
Bax, buna görə zəhləm gedir rəqəmlərdən. Bakını qarın, ağappaq qar ləkəsinin cəngindən alıb heç olmasa ictimai nəqliyyatın hərəkətinə şərait yaratmaq üçün rəqəm yox, fakt lazımdı. Fakt isə odur ki, yoldaş Abutalıbov bir neçə gün əvvəl «Eurovision-2012» yarışmasının açarını əldə edib və başı o açara qarışıb. Ona görə də, Bakı qarın əlində əsir olub. Təkcə Bakı yox, bütün Azərbaycan qara təslim olub.
Küçələrdə bir-birini əzən maşınlar, yıxılıb əzilən insanlar, yol kənarında dayanmış avtobuslar acı bir mənzərədi. Hələ sonra buzlu yollarda daha ağır nəticələri görəcəyik. Bu ağappaq ləkə deyəsən bizi hələ çox incidəcək. Deyəsən bu il günahlarımız çox olub. Ağ ləkəmiz də çox oldu. Dünya qarın, boranın əlində əsir qalıb. Yaponiyada qarın qalınlığı 30 sm-ə çatıb. Bizim Bakıda bundan xeyli aşağı olsa da, yaponlardan fərqli olaraq, biz daha böyük problemlər yaşayırıq. Hələ bu nədir ki? Qarın yağması dayanandan sonra palçıq, gölməçələr və daha nələr görəcəyik Bakının mərkəzində. Bütün bu işlərin qarşısını almaq üçün Bakı şəhər İcra Hakimiyyətinin hər cür imkanı var. Bunun həlli yollarının açarı da bu idarədədi. Amma nə olsun ki?
Yol çəkiləndə kanalizasiya üçün xətt çəkilmir, yolu çəkib sonra qazıb yaman günə qoyurlar. Texnika qarı təmizləmək üçün küçəyə çıxır, bir dəfə o başa gedir, bir dəfə də bu başa. Vəssalam. Hacıbala əfəndi də oturub evində isti sobanın yanında, «Eurovision-2012»nin açırını da qucaqlayıb xumarlanır özü üçün. Onun nəyinə lazım kim küçədə qalıb, təcili-yardım maşınları çağırışa vaxtında gedib çata bilmir? Abutalıbov niyə belə mənasız şeyləri düşünüb dərd çəkməlidir? Vaxt var idi həftənin 3 günü, günün iki saatı jurnalistlər Hacıbala Abutalıbovu Bakının müxtəlif yerlərində yaxalayıb sual-cavab eləyirdilər. Artıq neçə ildir Bakı meri jurnalistlərdən qaçır. Səbəbini özü bilər. Amma nahaq belə edir. Biz onu çox istəyirdik axı…
Yazının bu yerində maraqlı bir məqam yadıma düşdü. «Fəryad» filminə hamımız baxmışıq. Orada erməni köpək oğlu Xoren arvadının yuxusuna girir və hər dəfə də «Qarabağ, dərdim mənim» deyib qışqırır. Başda Hacıbala müəllim olmaqla, bizim səlahiyyətli məmurlarımız isə indi pəncərədən bayıra baxıb qışqırırlar: «Qara bax, dərdim mənim». Bax, bu iki dərd fərqli də olsa, kimə nə lazımdırsa onu düşünür. Hər ikisi bizim üçün ləkədir. Biri qara ləkə, biri ağappaq ləkə. Ləkələrdən yaxa qurtarmaq lazımdır dostlar. Ləkə ləkədir. İstər ağ olsun, istər qara.
P.S. Mənimçün qarın ancaq bir maraqlı tərəfi var. Nə şaxta baba düzəltmək, nə qarda sürüşmək, nə də qartopu oynamaq mənimçün maraqlı deyil daha. İndi qaranlıqda pəncərəni açıb siqaret çəkə-çəkə qara baxmaq, qar havası udmaq daha gözəldir. Qar dənələri adamın üz-gözünə, siqaretin üstünə, ovcuna düşüb əriyir. Hələ də anlaya bilmirəm ki, qar dənəsi adamın ovcunda əriyib suya dönərkən niyə belə gözəl görünür? Adama elə gəlir ki, qar dənəsi əriyərkən yaşayır və adamın üzünə gülür…