Modern.az

Müəllimlər Təhsil Nazirliyinə şikayət ediblər

Müəllimlər Təhsil Nazirliyinə şikayət ediblər

Ölkə

8 Fevral 2012, 10:55

2011-2012-ci tədris ilində yaş senzinə görə 10106 nəfər müəllim işdən azad edilib


Yerli təhsili idarəetmə orqanlarının təqdim etdiyi vakant yerlərin təhlili əsasında 2011-2012-ci tədris ilində kənd məktəblərində vakant olan müəllim yerlərindən 309-u rayon mərkəzindən 20 kilometrədək məsafədə yerləşən məktəblərdə, 391 yer isə rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən məktəblərdə olub. Nəzərdə tutulan 800 yerdən 100-ü Naxçıvan Muxtar Respublikasına ayrılıb. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında bildirlib.

Nazirlər Kabinetinin Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən, kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan müəllimlərin aylıq əməkhaqqına 3 il müddətində ayda 70 manat əlavə edilməsi, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birləfəlik yardımın ödənilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyi bildirib ki, Nazirlər Kabinetinin həmin qərarına uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilir və Maliyyə Nazirliyinə təqdim edilir. 2011-2012-ci tədris ilində ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə tutulub.

2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrində  vakant olan 2177 müəllim yerinə işə qəbul üçün 9342 nəfər elektron ərizə vermiş namizədlərdən 8658 nəfərin ərizəsi təsdiq olunaraq imtahana buraxılıb. Onlardan 6856 nəfəri 2011-cı ilin 26 iyul - 29 avqust tarixlərində keçirilmiş test imtahanlarında iştirak edib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayaraq  müsahibəyə buraxılmış 1216 nəfərdən 1038 nəfərinin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul etdib. Müsabiqədə 9 mindən artıq müəllimin iştirak etməsinə, onların yalnız 11 faizinin işə qəbul olunmasına baxmayaraq, nəticələrdən şikayət edən olmayıb.

Müsabiqədən sonra vakant qalan yerlər 2011-ci ilin sentyabr ayında nazirliyin saytında yerləşdirilib və keçid balını toplayan, lakin işə qəbul olunmayan müsabiqə iştirakçıları həmin yerlərə ərizə veriblər. Vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil olmub, eyni ixtisasdan ən yüksək bal toplayandan başlayaraq müvafiq seçimə uyğun vakant yerlərə yerləşdirmə aparılmıb. Bu mərhələdə 193 nəfərin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul edib.

Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə və boş qalan yerlərə əlavə yerləşdirmə başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə boş yerlər qalsa da, dərs ilinin başlanması ilə əlaqədar məktəblərin sinif komplektlərinin formalaşdırılması və bu barədə rəsmi hesabatların təsdiqlənməsi, fənlər üzrə dərs bölgüsünə müvafiq dəyişikliklərin edilməsi əvvəlcə mövcud vakansiyaların dəyişilməsinə gətirib çıxarıb. Vakansiyalarda dəyişikliklərin edilməsinə digər bir səbəb də "Ümumtəhsil məktəbinin nizamnaməsi"nə əsasən cari dərs ilində siniflərdə şagird sayı normasının artırılması, şagird yerdəyişməsi ilə əlaqədar sinif komplektlərinin bağlanması və ötən dərs ilinə nisbətən şagirdlərin sayının azalması olub. Eyni zamanda, yerli təhsili idarəetmə orqanlarına ehtiyac olan məktəblərə kadr sıxlığı olan məktəblərdən daxili yerdəyişmə vasitəsilə müəllimlərin keçirilməsi səlahiyyəti verilib və onlar həmin səlahiyyətə uyğun olaraq müraciətlər əsasında yerdəyişmələr aparıblar.

Təhsil Nazirliyinin məlumatına görə, 2011-2012-ci tədris ili başlandıqdan sonra bəzi ümumtəhsil məktəblərində yeni vakant yerlər də yaranıb. Buna səbəb isə Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən 65 yaşı tamam olmuş müəllimlərin işdən azad edilməsi, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli, 215 nömrəli qərarına əsasən maksimum dərs yükünün 24 saat müəyyənləşdirilməsi olub.

Təhsil Nazirliyinin məlumatına görə, 2011-2012-ci tədris ilinin əvvəlində yaş senzinə görə 10106 nəfər müəllim işdən azad edilib, onların dərs yükü digər müəllimlər arasında bölüşdürülüb, bu mümkün olmadıqda isə vakant yer kimi göstərilm və işə qəbul üçün müraciət olunub. Həmin vakant yerlərə yalnız işə qəbul üzrə keçirilmiş müsabiqədə iştirak edərək müvafiq keçid balını toplamış ehtiyat kadrlar ərizə verib və komissiyanın qərarına uyğun olaraq işə qəbul edilib.

Məktəb hesabatlarının təhlili göstərib ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı isə 10 min nəfərədək azalıb. Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də müsbət təsir edib, bu nisbət ötən dərs ili ilə müqayisədə 0,2 artaraq 8,5 olub. Son 10 ildə ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilib. Ötən dərs ilinə nisbətən gündüz ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı 16,6-dan 16,8-ə yüksəlib.

Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı bir sıra problemlər də qeydə alınıb. Bəzi namizədlər elektron ərizə dolduraraq onu qeydiyyatdan keçirməkdə çətinlik çəkib, bu da onların İnternetdən  istifadə bacarıqlarının kifayət qədər olmaması ilə bağlı olub. Namizədlərdən bəzilərinin kompüterdən istifadə bacarıqlarının kifayət qədər olmadığından imtahanda çətinlik çəkdikləri müşahidə edilib. Elektron ərizənin doldurulması zamanı bəzi namizədlərin vakant yerləri düzgün seçməməsi, ərizənin onların özü tərəfindən deyil, kənar şəxs tərəfindən doldurulması, bu səbəbdən də "şəxsi kabinet"ə daxil olmaq üçün kod və parolun onlara məlum olmaması imtahan prosesində əlavə gərginliklər yaradıb.
Yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən yeni işə qəbul olunmuş müəllimlərin işə təyin edilməsi məsələsinin qəsdən yubadılması hallarına da yol verilib, işə qəbul olanlara vakansiya barədə verilən məlumatda göstərilmiş saatdan az dərs saatı verilib.

”Ucqar kənd məktəblərinə işə qəbul olunan müəllimlərə diqqət və qayğının göstərilməməsi, yaşayış yeri ilə təmin olunmaq və digər həvəsləndirmə tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsində yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə nazirliyə şikayətlər daxil olub”-deyə Təhsil Nazirliyinin məlumatında bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı