“Onun Azərbaycana gəlməsi ilə bağlı heç bir problem yoxdur”
“2011-ci ilin iyun ayında İspaniyada həbs olunmuş və bir müddət sonra azadlığa buraxılmış “Evsen” Şirkətlər Qrupunun qurucusu və rəhbəri Əli Evsenin Bakıda olması barədə məlumatlar doğrudur. Onun Azərbaycana gəlməsi ilə bağlı heç bir problem yoxdur”.
Bu barədə iş adamının qohumu, Milli Məclisin deputatı Hacı Qalib Salahzadə Modern.az-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Ə.Evsen sərbəst şəkildə ölkəyə gəlib-gedə bilir: “Onun burada ailəsi, nəvələri var. Hazırda o, ailəsinin başındadır. Özü ilə neçə dəfə görüşmüşəm. Axşam da birgə qonaqlığımız var”.
Xatırladaq ki, təkcə Azərbaycanda deyil, Türkiyə və Avropada kifayət qədər tanınan türk iş adamı 2011-ci ilin iyunun 15-də İspaniyanın paytaxtı Madrid şəhərində həbs olunmuşdu.
İddiaya görə, Əli Evsen Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin yaxın adamı, İspaniya vətəndaşı Hüseyin Salemi, onun oğlu Halid Salemi ilə birgə qeyri-qanuni fəaliyyətdə suçlandırılırdı.
İstintaq dövründə Əli Evsenin azadlığa buraxılması üçün 18 milyon avro girov tələb olunub. Lakin Əli Evsenin vəkilləri 2011-ci il avqustun 2-də onun azadlığa buraxılmasına nail olublar.
Q.Salahzadə qeyd edib ki, Ə.Evsenin üzərindən bütün ittihamlar götürülüb: “Həmin işlə bağlı istintaq işləri davam etdirilir. Məhkəmənin nə vaxt keçiriləcəyi bilinmir. Adətən Avropada məhkəmə işləri illərlə yubanır”.
Qeyd edək ki, Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.
Əli Evsenin qızı Allahşükür Paşazadənin oğlu ilə ailə həyatı qurub. Hacı Qalibin oğlu isə şeyxin qızı ilə evlənib.
Modern.az