“Əsgərə məhəbbət ana laylasından, torpağa məhəbbətdən başlayır. Orta məktəblərdə 1-ci sinifdən 11-ci sinfə qədər tədris materialları ilə təlqin olunur ki, hər bir kəs Vətəninin qorunmasında töhfəsini verməlidir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili Şahlar Əsgərov bir müddət öncə Facebook sosial şəbəkəsindəli profilində yazdığı “əsgərə məhəbbət, düşmənmə nifrət” statusunu şərh edərkən deyib.
O həmçinin qeyd edib ki, əsgərə məhəbbət məmurların onların əsgərlikdən qayıtdıqdan sonra işlə təmin olunmasına, dövlətin, cəmiyyətin onların ailə və ev qurmasına kömək etməsindən başlayır. Onun sözlərinə görə, bütün bu tədbirlər kompleks şəkildə aparmalıdır.
“Bu resept və ya molla duası deyil ki, yazıb verəsən ki, “Əsgər, xöşbəxt ol”. Ardıcıl təbliğat aparılmalı, əsgərə ardıcıl qayğı göstərilməlidir”.
Ş.Əsgərov qeyd edib ki, cəmiyyəti istiqamətləndirmək lazımdır ki, əsgərə məhəbbət də formalaşsın. O, deyib ki, əsgər arxasında xalqı görməlidir: “Ac qalmamalı, vaxtlı-vaxtında yeməli, yuyunmalı və bilməlidir ki, onun arxasında xalq durub. O xalqı görəndə daha da qüdrətli olur”.
Bu gün cəmiyyətdə əsgərə münasibətin onu qane edib-etməməsinə gəlincə, professor bildirib ki, o da bu cəmiyyətin bir üzvüdir.
“Vətənin məhəbbətini hər bir kəs şəxsi mənafeyindən üstün tutarsa, onda vətənpərvərlik möhkəm və güclü olur” deyə əlavə edən Şahlar Əsəgərov bu sözün son zamanlar çox işlənməsindən məmnun olduğunu ifadə edib.
Vətənpərvərlik sözünün mənasını açan professor bildirib ki, vətənpərvər insan hər bir addımı atanda həmin hadisədə şəxsi mənafeyini Vətənin mənafeyi ilə müqayisə etməlidir: “Görsün ki, bu Vətənin mənafeyinə uyğun gəlir, yoxsa yox. Əgər gəlmirsə, o addımı atmasın”.
Aytən ƏLİYEVA