
2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasının 10 il i tamam olacaq. Fond mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
“Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması ideyası ilk dövrlərdə çox mühüm məqsədə xidmət edirdi. Burada başlıca olaraq insanların bu prosesdə iştirakını təmin etmək, orduya alternativ fondlar hesabına müxtəlif problemlərin həllində millətin və cəmiyyətin gücündən faydalanmaq ideyası öndə tutulmuşdu. Lakin təəssüf olsun ki, məsələnin kütləviləşməsi, bütün dünyada yaşayan soydaşlarımızın bu prosesə qatılması sonrakı dömnəmlərdə özünü göstərmədi”.
Bu sözləri Modern.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi, millət vəkili Zahid Oruc “Bu gün cəmiyyətin Silahlı Qüvvələrə Yardım Fonduna münasibətini necə qiymətləndirirsiniz” sualını cavablandırarkən deyib.
O bildirib ki, ilk dövrlərdə hərakat halında özünü göstərən bu proses nəticəsində Silahlı Qüvvələrə Yardım Fonduna cəmi bir neçə milyon vəsait toplanıb.
“Bu da məhz hərbi sfera ilə bağlı olduğundan, bir tankın, bir topun üzərində ekvivalent olaraq ölçüldüyündən çox kiçik rəqəmdir. Hesab edirəm ki, toplanan vəsait Azərbaycan insanlarının ümumi gücündən çox-çox aşağıdır. Nəzərə alsaq ki, 5 milyona yaxın Azərbaycan insanının yaşı 18-dən yuxarıdır və bunların hər birinin sadəcə 1 manat ödəməsi şərtində Fondun vəsaiti xeyli arta bilər. Və yaxud fərqli bir rəqəmlər halında və heç bir xüsusi maddi yük yaratmadan, ailə büdcəsinə zərər vurmadan, yüz milyonlara da çevrilə bilər”.
Zahid Orucun sözlərinə görə, Fonda vəsait toplanışının zəifliyi barədə belə fikirlər səslənə bilər ki, Azərbaycan dövlətinin bu illər iqtisadi gücü artıb, məhz ordunun da maliyyələşməsi bilavasitə büdcədən ən prioritet sahə kimi hər zaman nəzərdə tutulduğundan bu gün Azərbaycan dövləti bu problemlərin hamısını qarşılamaq imkanındadır:
“Əlbəttə, mən bu prosesin biyara çevrilməsinin də əleyhinəyəm. Yəni hansısa kollektivlər üzərinə rəhbərliklərdən xüsusi tapşırıqların gəlməsi və bəzən də bu xoşməramlı milli maraqlara dayanan məsələnin fərdi bir istehlak yerinə çevirilməsi, yaxud da başqalarının üzərinə xüsusi öhdəliklər qoyulması da qəti şəkildə yolverilməzdir”.
Deputat qeyd edib ki, burada niyyət cəmiyyətin güclənməsi və bu prosesdə ordu ilə harmonik şəkildə təhlükəsizliyimizdə hamımızın iştirakının təminatıdır : “Bu proses könüllü xarakter daşımalıdır. Bu elə bir milli ideya səviyyəsində olmalıdır ki, başqa xalqlarda sanki vətən naminə, millətin gələcəyi adına on və ya yüz illərlə gizli və açıq səviyyədə toplanan vəsaitləri əvəz etsin. Biz nədən yəhudi dünyasından nümunələr gətiririk? Bəzən bədnam ermənilərin də yüz illərdir ki, öz milli ideyalarına pul xərclədiklərini görürük”.
İstənilən məsələnin iqtisadi bazis üzərində işlədiyini deyən komitə üzvi bildirib ki, ən gözəl məram və proqram da onun maliyyə əsasları olmadan işləməyəcək: “Ona görə də düşünürəm ki, bundan sonrakı dönəmdə də bu prosesə diqqət yetirməyimiz çox gərəklidir. İstər parlament, istərsə də digər dövlət və hakimiyyət qollarının bu prosesdə öncül olması imkan verərdi ki, xaricdə yaşayan insanlarımız da hər zaman Azərbaycan milləti və dövləti adına bu fonda öz yardımlarını göstərsinlər. Biz ilk dövrdə parlamentdə çağırış edilərkən belə bir yardım aksiyasında bulunmuşduq. Əgər gərəkərsə, hər zaman bundan sonrakı dönəmdə də bu prosesə öz töhfəmizi verməyə hazırıq”.
Zahid Oruc eyni zamanda əksər həmkarlarının da bu fonda yardım etdiyinin şahidi olduğunu vurğulayıb.
“Və ilk aylarda da buna həqiqətən sistemli yanaşıldığını görmüşəm. Söhbət həmin vəsaitlər hesabına texnika, texnologiya və ya başqa xarakterli resurs alınmasına yönəlməyindən getmir. Bildiyim qədər fondun yaradılış nizamnaməsinin əsas müddəalarında Silahlı Qüvvvələrin ayrı-ayrı şəxslərinə, bəzən qruplarına, hansısa məsələyə və ya layihəyə bu vəsaitlərin yönləndirməsi qeyd edilib. Söhbət məhz bundan gedir. Belə olan halda başqası üçün kiçik görünən bir vəsait Silahlı Qüvvələrdə fəaliyyət aparan insanların həyatı üçün böyük rol oynaya bilər”.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.
Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir. Müdafiə Nazirliyinin ötən ilin oktyabrında açıqladığı rəqəmlərə görə, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitlərlə bağlı məlumat belədir: 17 661 446 manat, 140 791 dollar, 593 avro.
Aytən Əliyeva