Modern.az

Qırğızıstanda azərbaycanlı deyəndə ağla biznesmenlər gəlir - Diaspor fəalı

Qırğızıstanda azərbaycanlı deyəndə ağla biznesmenlər gəlir - Diaspor fəalı

Aktual

1 Sentyabr 2026, 16:12

Azərbaycan - Qırğızıstan əlaqələri son illərdə müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bu əlaqələrdə təhsil və gənclər arasında münasibətlər də xüsusi yer tutur. Azərbaycanda təhsil alan qırğızlar olduğu kimi, Qırğızıstanda təhsil alan azərbaycanlılar da var.

Onlardan biri də Qırğızıstanda yaşayan azərbaycanlı gənc Kurmanaliev Əliəsgər Modern.az-a fikirlərini bölüşüb:

“Qırğızıstanda azərbaycanlılar deyəndə düşünürəm ki, ilk növbədə insanların ağlına qonaqpərvərlik, böyüklərə hörmət və Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri gəlir. Həmçinin bir çoxları azərbaycanlıları zəhmətkeşlik, sahibkarlıq və güclü ailə dəyərləri ilə əlaqələndirirlər. Ümumilikdə, Qırğızıstan cəmiyyətinin azərbaycanlılara münasibətini çox müsbət və mehriban hesab edirəm. Qırğız və Azərbaycan xalqları arasında çoxlu oxşarlıqlar var. Ailəyə, böyüklərə, milli adət-ənənələrə hörmət və qonaqpərvərlik hər iki xalq üçün xarakterikdir. Buna görə də Qırğızıstanda yaşayan azərbaycanlılar özlərini kifayət qədər rahat hiss edirlər".

Azərbaycanlılar asanlıqla qırğızlarla qaynayıb-qarışır:

Azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının da yaxşı olduğunu düşünürəm. Onlar Qırğızıstanın ictimai, mədəni və iqtisadi həyatında fəal iştirak edirlər. Eyni zamanda öz dillərini, mədəniyyətlərini və adət-ənənələrini qorumağa çalışırlar. Məncə, bu, milli kimliyi qoruyaraq yaşadığın cəmiyyətin bir hissəsi olmağın yaxşı nümunəsidir. Azərbaycanlı tələbələrə də ümumilikdə münasibət yaxşıdır. Qırğızıstan xarici tələbələr üçün kifayət qədər açıq ölkədir. Azərbaycanlı tələbələr burada rahat şəkildə təhsil ala, yerli gənclərlə ünsiyyət qura və tələbə həyatında iştirak edə bilirlər. Əlbəttə, hər ölkədə olduğu kimi, çox şey insanın özündən, davranışından və uyğunlaşmaq istəyindən asılıdır. Azərbaycanda olduğu kimi, Qırğızıstanda da müəyyən stereotiplər mövcuddur. Bəzən azərbaycanlıları çox emosional, qonaqpərvər, sahibkarlığa meyilli, ailəyə və ənənələrə böyük dəyər verən insanlar kimi təsəvvür edirlər. Amma düşünürəm ki, stereotiplər hər zaman real insanı əks etdirmir. Milliyyətindən asılı olmayaraq, hər insanın öz xarakteri var".

Qırğızlar Azərbaycana gəldikdə buradan xoş təəssüratlarla ayrılırlar:

"Qırğızıstan gənclərinin Azərbaycan haqqında ilk növbədə Bakı, ölkənin müasir inkişafı, idman, musiqi və turistik məkanlar barədə məlumatlı olduğunu düşünürəm. Eyni zamanda Azərbaycanın tarixi və mədəniyyətinə maraq da tədricən artır. Son illərdə Azərbaycan beynəlxalq informasiya məkanında daha çox görünməyə başladığı üçün, fikrimcə, gənclər arasında ölkəyə maraq da nəzərəçarpacaq dərəcədə yüksəlib. Azərbaycana səfər etmiş insanlarla ünsiyyətim də olub. Onların təəssüratlarını dinləmək mənim üçün həmişə maraqlıdır. Çünki bəzən kənardan baxış insana öz ölkəsini tamamilə fərqli şəkildə görməyə imkan verir. Onlar əsasən azərbaycanlıların qonaqpərvərliyini, Bakının təmizliyini və gözəlliyini, memarlığını, milli mətbəxini və ölkənin ümumi atmosferini sevdiklərini qeyd edirlər. Bir çoxları Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və xalqlarımız arasındakı oxşarlıqları vurğulayırlar. Xüsusilə qonaqlara hörmət və ailə dəyərləri onların diqqətini çəkir”.

Milli mətbəxlərimiz bir-birinə çox oxşayır:

“Mətbəx baxımından da müəyyən oxşarlıqlarımız var. Məncə, əsas oxşarlıq yeməyə ailə və qonaqpərvərlik mədəniyyətinin mühüm hissəsi kimi yanaşılmasıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda insanlar böyük süfrə arxasında toplaşmağı, qonaq qəbul etməyi və müxtəlif yeməklər hazırlamağı sevirlər. Ət, düyü, xəmir, müxtəlif un məmulatları, göyərti və tərəvəzlər hər iki mətbəxdə geniş istifadə olunur. Əlbəttə, mətbəxlər fərqlidir, amma qonaqpərvərlik mədəniyyəti və ənənəvi yeməklərə münasibət çox oxşardır.

"Qırğızıstanda təhsil sistemi məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsili əhatə edir. Azərbaycanda olduğu kimi, ali təhsilə və mütəxəssis hazırlığına böyük diqqət yetirilir. Bununla yanaşı, təhsil proqramlarında, tədris prosesinin təşkilində və mütəxəssis hazırlığına yanaşmalarda müəyyən fərqlər var. Amma bir sistemin digərindən birmənalı şəkildə daha yaxşı olduğunu deməzdim. Hər birinin öz güclü tərəfləri var və çox şey konkret universitetdən, müəllimlərdən və tələbənin özündən asılıdır.

Tibb sahəsinə gəldikdə isə, Qırğızıstanda həm dövlət, həm də özəl tibb müəssisələri fəaliyyət göstərir. Ölkədə yaxşı mütəxəssislər, güclü həkimlər və tibbi məktəblər var. Əlbəttə, maliyyələşmə, müasir avadanlıqlar və bəzi tibbi xidmətlərin əlçatanlığı ilə bağlı problemlər mövcuddur. Bununla belə, hesab edirəm ki, Qırğızıstan səhiyyəsinin böyük potensialı var. Xüsusilə müasir texnologiyaların inkişaf etdirilməsi, mütəxəssislərin ixtisaslarının artırılması və gənc həkimlərin daim inkişaf edə bilməsi üçün şəraitin yaradılması vacibdir.

Bildiyim qədərilə, Qırğızıstanda azərbaycanlı həkimlərin sayı çox deyil, amma onlar var və müxtəlif istiqamətlərdə çalışırlar. Məncə, yaxşı mütəxəssis milliyyətindən asılı olmayaraq hər zaman tələb olunur. Tibb sahəsi ilə bağlı biri kimi mənim üçün xüsusilə vacib olan məqam müxtəlif ölkələrin mütəxəssisləri arasında təcrübə mübadiləsinin mümkün olmasıdır. Hesab edirəm ki, azərbaycanlı və qırğız həkimlər bir-birlərindən çox şey öyrənə və peşəkar əlaqələri inkişaf etdirə bilərlər.

Ümumilikdə deyə bilərəm ki, Qırğızıstan və Azərbaycan arasında çoxlu ortaq cəhətlər var. Ümid edirəm ki, xalqlarımız, xüsusilə gənclər, tələbələr və mütəxəssislər arasında əlaqələr bundan sonra da daha da möhkəmlənəcək”- o, deyib.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...