Məhkəmə orqanlarındakı qanunsuzluq kütləvi xarakter almağa başlayıb. Əvvəllər Avropa İnsan Haqları Məhkəməsinə ayrı-ayrı vətəndaşlar müraciət edirdisə, indi bu nüfuzlu instansiyaya eyni vaxtda beş yüz adam şikayət ərizəsi göndərir. Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan vətəndaşları ilə bağlı çıxardığı qərarların sayı-hesabı itib.
Elbrus Bəşirov İsmayıllı rayon sakinidir. Elbrus müəllim İsmayıllı Rayon Məhkəməsindən şikayətçidir. Deyir ki, 3 avqust 2011-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin İsmayıllı Qaz İstismar Sahəsinə qarşı qaldırdığı iddiaya bu günə kimi baxılmayıb. Şikayətçinin sözlərinə görə, onu İsmayıllı Qaz İstismar Sahəsində tutduğu vəzifədən qanunsuz azad ediblər. O, haqlıdırmı?
Mən, bu suala konkret cavab verməyə çətinlik çəkirəm. Kimin haqlı olduğuna məhkəmə qərar verməlidir. Bəs, məhkəmə vətəndaşın müraciətinə niyə cavab vermir? İşlədiyim qəzetdə indiyə kimi bu mövzuda ən azı üç-dörd xəbər dərc olunub. Ölkənin ən çox oxunan həftəlik qəzeti Elbrus Bəşirovun problemini diqqət mərkəzində saxlasa da, məhkəmə araşdırması əsassız olaraq uzadılır. Əslində, şikayətçinin haqlı olub-olmadığını araşdıran da yoxdur. İsmayıllı Rayon Məhkəməsi ötən il noyabrın 14-də Elbrus Bəşirovun iddiası əsasında başlanmış N2(037) 419 saylı işin heç bir hüquqi əsas olmadan Bakının Xətai Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarıb. İndi isə məlum olur ki, Xətai Rayon Məhkəməsi yanvar ayının 5-də işi Bakı Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsindən isə şikayətçiyə bildiriblər ki, fevral ayının axırını kimi işi təkrar ya İsmayıllı rayon Məhkəməsinə, ya da Xətai Rayon Məhkəməsinə göndərəcəklər. Beləcə, “ötür-ötür oyunu” davam edir. Vətəndaşların hüquqlarını qorumağa məsul olan hakimlər onlara qarşı daha ciddi qanunsuzluqlara yol verirlər.
Biz Elbrus Bəşirovla sonuncu dəfə bu mövzuda söhbət edəndə, o, belə dedi: “Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi mənim iddiam əsasında başlayan proseslə eyni gündə, yəni ötən il avqustun 3-də başlayıb. Hüsnü Mübarəkin Məhkəməsinin bu gün-sabah başa çatması gözlənilir. Amma mənim iddiamın hansı məhkəmədə araşdırılacağı hələ də bəlli deyil”.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın məhkəmə sistemindəki qanunsuzluqlar dəfələrlə tənqid olunub. Avropa İnsan Haqları Məhkəməsi çıxarılan qanunsuz qərarlara görə, Azərbaycan dövlətini tez-tez təzminat ödəməyə məcbur edir. Büdcə vəsaitlərinin bir hissəsi ayrı-ayrı vətəndaşlara kompensasiya ödənilməsinə sərf olunur. Düzdür, neft gəlirləri hesabına dolan büdcəmiz bununla boşalan deyil. Amma arada vətəndaşlarımızın Azərbaycan dövlətinə olan inamı sarsılır. Axı, hakimlər hökmü Azərbaycan dövləti adından çıxarırlar...
P.S. Elbrus Bəşirovun adından Ali Məhkəmənin sədri Ramiz Rzayevdən soruşmaq istəyirəm: Ramiz müəllim, Azərbaycan Respublikasının vətəndaşı Elbrus Bəşirov pozulmuş hüquqlarını bərpa etmək üçün hansı ölkənin məhkəməsinə müraciət etməlidir?