
“Hazırda ölkədə hələ də ağır şəraitdə yaşayan 400 min’ə yaxın məcburi köçkün var”. Bu sözləri Modern.az saytına açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən əlavələrə əsasən, ilk növbədə daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşadırıması həyata keçiriləcək.
“Bu işlər mərhələli şəkildə həyata keçirilir. Dövlət Proqramına edilən əlavələrə əsasən ilk növbədə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni qəsəbələrə və ya çoxmərtəbəli binalara köçürülməlidirlər.
Hazırda rayonlarda fin tipli qəsəbələrdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması üçün tikinti işlərinə başlanılıb. Bundan sonra digər məcburi köçkünlərin yeni qəsəbələrdə, çoxmərtəbəli binalarda yerləşdirilməsi təmin olunacaq”.
E.Qədimov eyni zamanda Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşan 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsinin nəzərdə tutulduğunu qeyd edib.
Aytən ƏLİYEVA