Modern.az

Yaşanmayan tarix

Yaşanmayan tarix

Ölkə

20 Fevral 2012, 12:17

Yolruh Atalı

Ayrı-ayrı xalqların elə çağları olur ki, onlar uzun müddət bəşərin inkişaf tarixini yaşamadan keçirlər. Mən Azərbaycan türklərini də bu sırada görürəm. Xalqımızın keçmişində yüzillər boyu belə durumlar çox olub, indi də qalmaqdadır.

***
Bəşər mədəniyyətinin ən böyük dəyərlərindən biri dramaturgiya və teatr sənətidir. Yüz qırx il öncəyə kimi bizdə bunların heç biri olmayıb.   M.F.Axundovun böyük xidmətlərindən biri də bu tilsimi sındıraraq Azərbaycan dramaturgiyasının özülünü qoymasıdır.  

***
İkinci faciəmiz yüz il öncəyə qədər Azərbaycanda peşəkar rəssamlıq sənətinin yerli-dibli olmamasıdır. Dində insan surəti çəkmək yasaq sayıldığından peşəkar rəssamlıq məktəbimiz də yaranmayıb! Ən yaxşı halda miniatür sənətimiz olub. Ona görə də, bəşərin ən ali sənət növlərindən olan rəssamlıqda xalqımızın yeri və boyu hələ çox balacadır.

Poeziyada Füzulimiz, Nəsimimiz olsa da, rəssamlıqda Leonardo da Vinçimiz, Mikelancelomuz, Rafaelimiz olmayıb. Bu xalqın peşəkar rəssamlığının özülünü qoyan Əzim Əzimzadəyə borcluyuq. 

***
Heykəltəraşlığın isə Azərbaycanda heç yüz yaşı da yoxdur. Mənim bildiyimə görə Azərbaycanda ilk heykəl 1922-ci ildə böyük şair M.Ə.Sabirə qoyulub. (İndiki heykəli isə 1956-cı ildə ucaldılıb).

Azərbaycanda qoç, at qəbir heykəllərinin olması bu sənətin əski  türklərdə geniş yayılmasından soraq verir. Deməli, bu özül üzərində peşəkar heykəl sənətimiz də yarana bilərdi. Bunlar isə Azərbaycanda İslamaqədərki türk mədəniyyətidir. Sonrası da aydındır: din heykəl düzəltməyə qadağa qoydu – düz XX yüzilə kimi!
Azərbaycanda bu sənətin özülünü iki dahi heykəltəraşımız – Cəlal Qaryağdı və Fuad Əbdülrəhmanov qoyub. Birdən onlar da olmasaydı, bu gün biz kimdən danışardıq?

***
Muğamı və aşıq-ozan sənətini çıxmaqla orta çağlarda peşəkar bəstəkarlıq məktəbimiz də olmayıb. Nədəni: dinin musiqini haram sayması! Peşəkar bəstəkarlıq sənəti isə bizdə dahi Üzeyir bəylə bağlıdır. Ona lap çox borcluyuq.   

***
Bura əlifba məsələsini də daxil etməliyəm. Əlifba bir xalqın yaratdığı ən böyük dəyərlərdəndir. Faciə ondadır ki, türk millətinin tarixən Orxon-Yenisey adlı öz əlifbası olub. İslamın gəlişindən sonra isə bu əlifba biryolluq işləkliyini itirib və xalqımız haradasa yüz il öncəyə kimi ərəblərin əlifbası ilə yazıb-oxuyub. Ardınca kiril əlifbası... İndi də tarix səhnəsindən silinmiş, yox olmuş latın xalqının əlifbasını işlətməkdəyik...  

***
Bütün bunlar göstərir ki, xalq və dövlət olmaq necə çətin işdir. Buna görə də
bir xalq olaraq nə dramaturgiya, nə rəssamlıq, nə heykəltəraşlıq, nə də bəstəkarlıq sənətində poeziyamızda olduğu kimi böyük tarixi keçmişimizdən, zəngin sənət örnəklərimizdən danışa, kiməsə nəsə göstərə bilmirik, çünki bunların heç biri bizdə olmayıb.

***

Aydın olur ki, yurdumuzda yüzillər boyu gərəksiz dini ehkamların mütləq hakim olduğu çağlarda xalqımız bəşər mədəniyyətinin rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq kimi bir sıra ali sənət dəyərlərini yaşamadan, bu sahələrdə özününkünü yaratmadan əliboş və üzüqara bugünə gəlib çıxıb (düzdür, dinin bu sənətlərlə bağlı ehkamları gücünü çoxdan itirib – həm bizdə, həm də dünyada). Sonrası da Üzeyir bəyin bir felyetonunda deyildiyi kimi baş verib: başqaları fil düzəldəndə biz siçan düzəltməklə məşğul olumuşuq!

***

Yaşanmayan tarix – millətin ən böyük faciəsidir. Xalqın bütövlüyü torpaq, tarixi tale, dil və mədəniyyət birliyi ilə təsdiqini tapır. İndi bunların heç biri Azərbaycan türklərinə aid deyil. Torpaq parçalanırsa, demək, tarixi tale, dil və mədəniyyət də parçalanır, özgələşir. Belədə xalq öz tarixini yox, asılılığında olduğu başqa xalqın tarixini yaşayır. İndi də xalqımızın Güney Azərbaycandakı hissəsi çağdaş dünyanın gedişatını, insanlığın yaradıb ortaya qoyduğu dəyərləri və uğurları yaşamaqdan, bu əsasda özününkünü yaratmaqdan məhrumdur. Əslində dövləti olmayan xalqların hamısı tarixi yaşamayanlardır.

***
Birdən Quzey Azərbaycanda teatrımız, rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq sənəti məktəblərimiz, elm ocaqlarımız... bir sözlə, dövlətimiz olmasaydı, bizə böyük anlamda xalq demək olardımı? Yox! Çünki hər sahədə yaradıcılıqsız və dövlətsiz xalq – yoxdur!

Asif Ata deyir: “Dövləti olmayan xalq –başqasının evində kirayə yaşayan kişi kimidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı