Baş Prokurorluq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində həyata keçirilən növbəti həbslər barədə məlumat yayıb. Modern.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Şirinov 17 fevral 2012-ci il tarixdə birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. S.Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
S.Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülüb.
S.Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.