Yardımlıda orta məktəb müəlimi işləyən Şahlar Dadaşov redaksiyamıza rayondakı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb. Modern.az onun məktubunu olduğu kimi dərc edir.

Əvvəlcə təhsil barəsində
Hörmətli redaksiya! Özüm təhsil işçisi olduğum üçün rayonun təhsil sistemindən başlamaq istəyirəm. Möhtərəm Prezidentin 14 yanvar 2011-ci ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sərəncamından sonra, bizim rayonda rüşvətxorluq daha da inkişaf edərək görünməmiş həddə çatıb. Təsəvvür edin ki, müəllimlərdən alınan rüşvət beş-altı dəfə artırılıb. Bu gün işə düzəlmək üçün 2000-dən 4000 manatadək pul tələb olunur. Bütün rayon bilir ki, bu məbləği verə bilməyənlərə təhsil şöbəsində hər-hansı bir bəhanə ilə mane olurlar. Doğrudur, söyləyə bilərsiniz ki, işə götürülən müəllimlərin əmri Təhsil Nazirliyində verilir, bunun rayon Təhsil şöbəsinə heç bir aidiyyatı yoxdur. Amma bu da bir həqiqətdir ki, kəndimizdə, lap elə qonşu kəndlərdə də, elə insanlar vardır ki, ali pedaqoji təhsil alıb, əsgəri xidmətini başa vursa da, hətta Təhsil Nazirliyinin test imtahanlarından keçsə də, Təhsil şöbəsində tələb olunan pulu verə bilmədikləri üçün işsiz qalıblar. Amma əvəzində hansısa kolleci çətinliklə bitirən, hərbi xidmətdə belə olmayan (pul gücünə hərbi bilet alan), Təhsil Nazirliyinin test imtahanlarından şəxsən keçməyən adamlar verdikləri rüşvətin hesabına bu gün müəllim işləyirlər. Əcaba, əgər müəllim 2500-3000 manat verib saxta hərbi bilet alıbsa o, şagirdlərə hansı vətənpərvərlik hislərini aşılaya bilər? Bu azmış kimi təhsilə ayrılan pullar rayonda qəddarcasına mənimsənilir. Beş ildən çoxdur ki, məktəblərə təbaşir belə verilmir. Dəftərxana ləvazımatları üçün ayrılan pullar öz təyinatı üzrə xərclənmir. Məktəblərin qızdırılmasından ötrü veriləsi yanacağın pulu kimlərinsə cibinə gedir və nəticədə məktəblərin qızdırılması ilə əlaqədar ciddi problemlər yaranır. Məktəblərin sinif jurnallarında “ölü canların” sayı ilbəil yüksələn xətt üzrə artır və bunun da hesabına qondarma siniflər düzəldilib kimlərinsə arasında bölünür, nəticədə dövlətin pulu mənimsənilir...
Bir müddət bundan əvvəl kənd mağazalarında 15-20 manata satılan eyni keyfiyyətli məktəbli formaları valideynlərə 40-60 manat arasında məcburi satıldı. İlahi, Sən şahidsən ki, məktəbli libaslarının valideynlərə zorən satılmasından, pullarının yığılmasından ötrü rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyevlə bərabər, Təhsil şöbəsinin müdiri Manaf Balışov məktəb direktorlarının başına nə oyun açdılar. Görəsən, ailəsini çətinliklə dolandıran valideynlərə bu libasları baha qiymətə satmağa bu rəhbərləri kim vadar edirdi? Tutaq ki, bu göstəriş Təhsil Nazirliyindən gəlmişdi, bəs rayonda təhsilə rəhbərlik edən adamlar niyə nazirliyə əhalinin mövcud vəziyyətini izah etmirdilər? Axı özləri də yaxşı bilirlər ki, valideynlərin çoxu tələb olunan məbləği ödəmək üçün banklardan kredit götürməyə, mal-qarasından satmağa məcbur oldular...
İş o yerə gəlib çatıb ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təhsillə bağlı fərman və sərəncamları Yardımlıda qulaqardına vurulur, sanki qüvvəsini itirir. Görün, həmin fərman və sərəncamlar yerlərdəki məmurlar tərəfindən necə icra edilir: əksər məktəblərdə dərslər qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunur. Bunu hamı bilir ki, məktəblərin çoxunda bir sıra fənnlər dekabr ayına qədər tədris olunmasa da, rayon təhsilinin başbilənləri müxtəlif fəndlərlə sentyabr-noyabr aylarının pullarını mənimsəyə bildilər. Artıq neçə illərdir ki, təmir və digər xərclər üçün ayrılan pullar ustalıqla yerlərdə ayrı-ayrı adamların imzaları ilə yazılıb mənimsənilir. Heç kim səsini də çıxara bilmir, dillənənin başına min cür oyun açırlar...
Ünvanlı yardım haqqında bir neçə söz...
Rayonda kasıblar üçün nəzərdə tutulan ünvanlı yardımlar ünvanlı insanlara yox, ünvansız ailələrə verilir. Əvvəlcədən veriləcək yardımın altı ayına düşən payını həmin təşkilatın rəsmisinə verməsən, sənə veriləsi pulun ünvanını dəspəçə dəyişirlər. Ailə var ki, səfalət, aclıq içərisindədir, amma ünvanlı yardımı ala bilmir. Ailə də vardır ki, normal şəraiti var, pul gücünə düzəltdiyi saxta sənədlərin hesabına ona ünvanlı yardım verilir. Şikayətlərə baxan da yoxdur...
Gör nə günə qalmışıq ki...
Ölkəmizin rəhbəri İlham Əliyev cənabları öz çıxışlarında bildirir ki, “mənə yerlərdə olan özbaşınalıqlar haqqında yazın, məlumat verin”. Amma rayonumuzun rəhbəri Xəzər Aslanov deyir ki, “hara yazırsız yazın, onsuz da həmin məktublar sonda mənim üstümə göndəriləcək”...
Rayona abadlıq və tikinti üçün ayrılan pulların heç əlli faizi öz təyinatı üzrə xərclənmir.
Nümunə üçün bir faktı nəzərinizə çatdırıram. 2008-ci ildə Nisəqala kəndində orta məktəbin binası inşaa edilməyə başlayanda orada baş verənlərin nəticəsini sakinlər əvvəlcədən bilirdilər. Tikintidə işləyən fəhlələrin adına pul yazılmırdı, yəni onlar qeyri-rəsmi işləyirdilər. İndi həmin məktəbin divarlarında bir neçə yerdə çat əmələ gəlib. Allah eləməsin zəlzələ olsa... Dövlətin yarım milyona yaxın vəsaiti hesabına inşa edilən bu məktəbi Xəzər Aslanov dəfələrlə kənd camaatının başına qaxınc edərək öz cibinin pulu ilə tikdirdiyini iddia edir. Bir vətəndaş kimi illərdir haqsızlıqlara qarşı mübarizə aparıram. Yaxşı yadımdadır, bir vaxtlar Ulu Öndərə qarşı bədxahlar təqib və təzyiqlər göstərəndə və hər vəchlə onun böyüklüyünü şübhə altına salmaq istəyəndə mən Heydər Əliyevin müdafiəsinə qalxanların sırasında idim. O vaxt bədxahlar tərəfindən hansı təzyiqlərə məruz qaldığımızı, başımıza nələr gətirildiyini məsləkdaşlarım yaxşı bilir. Bizi hətta Əliyevçilər adlandırırdılar. Gör nə günə qalmışıq ki, Ulu Öndərə qarşı həmişə məkirli siyasət yürüdən AXC-nin bir vaxtlar fəal üzvü olmuş və bu xətlə də ötən əsrin 90-cı illərində rayon icra aparatında vəzifəyə gələn Mahir Mirzəyev indi Ümummilli Liderimizin yaratdığı partiyanın-YAP-ın rayon təşkilatına rəhbərlik edir. Və bu gün rayonda az qala beş ulduz oteldə olan rahatlığı özündə birləşdirən evdə yaşayır və rayonun ən gəlirli vəzifəsinin səfasını çəkir. Rayonda hökm sürən rüşvətxorluğun memarlarından biri olan Mahir Mirzəyevin 2009-cu ilin bələdiyyə seçkilərində YAP-ın üzvlərini deyil, rüşvətxorları müdafiyə etdiyinin şahidi olanda etiraz əlaməti olaraq YAP-ın icraçı katibi Əli Əhmədova məktubla müraciət etdim. Məktubda YAP-ın rayon təşkilatının sədrinin əməllərini ətraflı göstərərək belə bir insanın təşkilatımıza rəhbərlik etməsinə etirazımı bildirdim və öz ərizəmlə partiya sıralarından çıxdım...
Günah özümüzdədir
Yazdıqlarım rayonda baş verənlərin yüzdə biridir. Bu gün rayonun ziyalısından tutmuş sıravi sakinlərinədək biganəlik hökm sürür. Hamı “MƏNƏ NƏ?” prinsipləri ilə yaşamağa üstünlük verir. İstər seyidinin, istər ruhanisinin, hacısının, müəlliminin gözü qarşısında baş verənlərin sanki onlara heç bir dəxli yoxdur. Daha doğrusu, qohum-əqrabasına rayon rəhbərliyi tərəfindən təpkilər olacaq deyə heç kim cürət edib münasibət bildirmək istəmir. Ən dəhşətlisi də odur ki, möhtərəm, cənab Prezidentin ehtimadından sui-istifadə edən rayon rəhbəri camaatın bu halından məharətlə bəhrələnib, bütün bu haqsızlıqların başında durur...
Yaxşı olar ki, sevimli şairimiz Xəlil Rza Ulutürkün şeirinə uyğun söyləyim:
Nə qədər ki, Yardımlını xımır-xımır yeyənlər var...
Nə qədər ki, bunu görüb gözlərini döyənlər var...
Nə qədər ki, haqsızlığa başlarını əyənlər var...
DÜZ ƏYİLƏR! DÜZƏLMƏZ!..
Şahlar Dadaşov,
Nisəqala kənd məktəbinin müəllimi
Modern.az-dan: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq