
Son illər Azərbaycanda dinə qayıdış gücləndiyindən dini təhsilə maraq da artıb. Hər il dini təhsil almaq üçün onlarla, bəlkə də yüzlərlə azərbaycanlı gənc xarici ölkələrə üz tutur. Bu ölkələr sırasında İran, Misir, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt və digərləri var.
Xarici ölkələrdə dini təhsil alan azərbaycanlı gənclər oxuyub qurtarandan Azərbaycanda iş tapa bilirlərmi?
Bəzi məlumatlara görə, Azərbaycanda xaricdə dini təhsil alıan şəxslərə dövlət orqanlarında iş verməkdən ehtiyatlanırlar.
Maraqlıdır, hazırda Azərbaycanda din qurumlarla çalışan dövlət orqanlarında xaricdə dini təhsil almış kadrlar da işləyirmi?
Modern.az saytı suala cavab almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) müraciət edib.
Məsələyə münasibət bildirən DQİDK-nin Hüquq və qeydiyyat şöbəsinin müdiri Yusif Əsgərov bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil alan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Bu hal istisna olmaqla, qanunvericilikdə xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının işlə təmin olunmasına hər hansı qadağa və ya məhdudiyyət nəzərdə tutulmayıb.
Y.Əsgərovun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər qurumlarda xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları çalışırlar.
Adının çəkilməməsini istəyən xaricdə dini təhsil alan 30 yaşlı azərbaycanlı gənc isə Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib ki, o, Bakı İslam Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra öz təhsilini xaricdə davam etdirmək qərarına gəlib və 5 il xarici ölkələrin birində oxuyub.
“Artıq iki ildi ölkəmizə qayıtmışam. İşləmək üçün aidiyyati qurumlara müraciət etmişəm, amma biləndə ki mən xaricdə dini təhsil almışam, deyirlər “siz xaricdə oxumusuz, biz sizə hansısa iş verə bilmərik”.
Müsahibimiz deyir ki, xaricdə dini təhsil alaraq vətənə qayıdanlardan ona görə ehtiyatlanırlar ki, onlar hansısa dini dairənin təsiri altında ola bilər. "Amma bütün gənclər belə deyil axı. Bəlkə də kimsə hansısa təsilərə uyub. Amma mən vətənimi sevən, Azərbaycana bağlı olan bir gəncəm. İndi onları necə inandırım ki, dini təhsil alarkən xarici dini dairələrin təsiri altına düşməmişəm".
Mail Ağaxanov