Modern.az

Yol polisi bir yanı üstə əyilən avtobusları görmürmü?

Yol polisi bir yanı üstə əyilən avtobusları görmürmü?

Ölkə

22 Fevral 2012, 16:07


Bakı şəhərində sərnişinlərin çox istifadə etdiyi bəzi avtobuslar artıq insan həyatı üçün təhlükə mənbəyi rolunu oynayır. Yəqin ki, paytaxt yollarında daşıdığı yükün ağırlığından bir yanı üstə əyilən iritutumlu avtobusların hərəkət etdiyini çox adam görüb. Nəzərdə tutulan normadan çox sərnişin götürən “Daewoo” markalı avtobuslar yollarda sağ tərəfi əyilmiş vəziyyətdə hərəkətlərini davam etdirsə, artıq buna adi hal kimi baxırlar. Aşma təhlükəsi çox olan bu avtobusların sürücüləri sərnişinlərin təhlükəsizliyini daha çox pul qazanmaq məqsədlərinə qurban verirlər. Bunu Bakıda yaşayan hər bir sakin müşahidə edib. 1, 6, 90 və s. saylı marşrutlarda işləyən avtobuslarla bağlı belə hallar daha tez-tez müşahidə olunur.

Modern.az-ın əməkdaşı bu gün eyni hadisə ilə 90 saylı marşrutun avtobusunda rastlaşıb. Avtovağzalda həddindən çox sərnişin yığan avtobus hərkət zamanı artıq sağ tərəfi əyilmiş vəziyyətdə idi. Sərnişinlərin iradlarına isə sürücü “heç nə olmaz, narahat olmayın, avtobus aşan deyil” deyə cavab verirdi. Ən maraqlı məqam isə bu avtobusun heç bir yol polisi tərəfindən saxlanmaması oldu.

Qeyd edək ki, dünən Bakı Şəhər Yol Polisi tərəfindən Bakı şəhərində avtobus sürücülərinə qarşı reydlər keçirilmişdi. Görəsən yol polisləri belə halları doğrudan görmürlər yoxsa özlərini görməməzliyə vururlar?

Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az saytına açıqlamasında bildirib ki, dünən paytaxtda ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı keçirilən reydlər zamanı sərnişindaşıma ilə bağlı inzibati protokol tərtib olunmayıb.

“Yəni oturacaq yerlərinin sayından artıq və ya normadan çox sərnişindaşıma faktları aşkar edilmədiyindən protokol tərtib etmədik”.

V. Əsədov ümumiyyətlə yanvar ayının 1-dən fevralın 20-dək sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 209 faktın aşkarlandığını bildirib.

“Yanvarın 1-dən fevralın 20-ə qədər Bakı şəhəri üzrə 33 min 500-dən artıq inzibati ptotokol tərtib edilib ki, bunun da 209-u sərnişindaşıma qaydalartının pozulması ilə əlaqədardır. Tərtib olunmuş 209 inzibati protokoldan isə 168-i sırf avtobus sürüclərinə tətbiq edilən inzibati protokollardır”.

V.Əsədov yuxarıda bəhs etdiyimiz halların şahidi olmadığını, belə vəziyyətlə rastlaşdıqda sərnişinləri həmin avtobusun nömrəsini yazıb onlara bildirmələrini məsləhət görüb.
“Bizə bu məlumatları desinlər, o zaman biz qanunvericilik üzrə nəzərdə tutulmuş qaydada həmin sürücünü aşkar edib məsuliyyətə cəlb edəcəyik”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı