Modern.az

Azərbaycan gəncləri Xocalı soyqırımını necə tanıdırlar?

Azərbaycan gəncləri Xocalı soyqırımını necə tanıdırlar?

Ölkə

23 Fevral 2012, 11:08


Fevralın 26-da ermənilərin törətdiyi Xocalı soyqırımının 20 ili tamam olur. Erməni vandalizminin dünya çapına çıxarılması üçün hər bir azərbaycanlı imkanları dairəsində ciddi səy göstərməlidir. Bu işdə gənclərin də üzərinə böyük məsuliyyət düşür. Bəs onlar bu istiqamətdə hansı işləri görürlər?
Modern.az saytı ayrı-ayrı gənclərə bu sualla müraciət edib.

Azərbaycan İctimai-Siyasi Universitetinin tələbəsi Daşqın Əliyev:

- Azərbaycan Xocalı soyqırımını dünyada yetərincə tanıda bilməyib. Bu yaxınlarda Meksika Xocalı soyqırımını rəsmən tanıdı. Amma bu, Fransa kimi dövlətin uydurma “erməni soyqırımı”nı tanımasının yanında adi bir nəticədir. Ən azından əlimizdə real faktlar var. Amma bunlardan maksimum istifadə edə bilmirik. “Eurovision” üçün ayrılan pulun yarısını bu istiqamətdə istifadə etsəydik, Xocalı həqiqətlərini iyirminci ildönümündə dünya ictimaiyyətinə tam çatdıra bilərdik. Gənclər əllərindən gələni edirlər. Gənclər internet vasitəsilə bunu dünayaya tanıdırmağa çalışır. Lakin internetlə iş bitmir. Bunun üçün əlavə pul ayrılmalıdır. Təkcə 26 fevralda deyil, ilboyu davamlı şəkildə Xocalı soyqırımı barəsində işlər aparılsa, nəyəsə nail olmaq olar.

Sankt-Peterburq Tibb Kollecinin tələbəsi Rövşən Bəyov:

- İndiki gənclərimiz çox fəaldır və buna sevinirəm. Tarixi araşdırırlar, dünyaya ədaləti göstərməyə çalışırlar. Hər il xəbər gəlir ki, bir qrup azərbaycanlı gənc, tələbə hər hansı bir ölkənin tanınmış şəhərində toplaşıb Xocalı soyqırımı ilə bağlı aksiya keçiriblər. Bu cür xəbərləri hər il televiziya vasitəsiylə izləyirik. Bu il 24 fevral tarixində Rusiyanin Sankt-Peterburg şəhərində yerləşən ən nüfuzlu beşulduzlu (Hotel Europe) oteldə Leyla Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” kampaniyasının təşkil etdiyi tədbir olacaq. Ora hər bir azərbaycanlı qatıla biləcək, o cümlədən mən də bu şəhərdə yaşadığım üçün qatılacam və öz tanışlarımı dəvət edəcəm. Xocalını bütün dünya bilir, sadəcə bəzilərini qane etmir. Belə yığıncaqlar tez-tez olsa, Azərbaycanın itkisini dünyaya tanıda biləcəyik. Bu anım tədbirlərində təkcə Xocalının deyil, Azərbaycanın başına gələnləri xarici vətəndaşlara çatdırmalıyıq.

Bakı Dövlət Universitetinin tələbəsi Leyla Əliyeva:

- İndiki gəncliyimiz faciənin tanıdılması üçün görülən işlərdə çox passivdi və soyqırımını dünyaya çatdıra bilmirik. Baxmayaraq ki, o faciədən əlimizdə kifayət qədər məlumat var. Çingiz Mustafayevin çəkdiyi görüntülər hər nə varsa, onu aşkara çıxardı. Biz gözləyirik, amma ermənilər yalançı soyqırımı dünyada tanıdır. Bunun üçün hər birimiz həm mətbuatda, həm də internet vasitəsilə xarici dillərdə video və lazımi məlumatlar paylaşmalıyıq.

Təfəkkür Universitetinin tələbəsi Elçin Novruzov:

-Xocalı faciəsinin xaricdə tanıdılması üçün görülən işlər çox təqdirəlayiqdir. Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası bunun bariz nümunəsidir. Bu lahiyənin yaradılmasında əməyi olan hər kəsi dəstəkləyirəm. Çox şadam ki, bu cür layihə var və dünya ictimaiyyətinə çatdırılır. Arzum budur ki, dünya bu faciənin səbəbkarların tanısın. Yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunsun, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtsınlar. Leyla xanıma və onun ailəsinə dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Təbriz Önər:

- Azad Gənclik Təşkilatı olaraq bununla bağlı bir iş gördüyümüzü deyə bilmərəm. Öncə Azərbaycan Milli Məclisin soyqırımı qəbul etməsi üçün çalışırıq. Fəaliyyətimizin əsas istiqaməti bu yöndədir. Meksika parlamenti soyqırımı qəbul etdiyi halda, bizim Milli Məclis bunu qəbul etməyib. Mümkün qədər çox maariflənməli və öz haqlarımızı tələb etməyi bacarmalıyıq. Bizi kitab xilas edəcək.

Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Vəfa Axundova:

-Bu faciənin dünya birliyinə çatdırılmasında gənclər əlindən gələni edirlər. Bunu təbliğ etmək hər bir gəncin vicdan borcudur. Lakin bunu yalnız 26 fevralda etmək lazım deyil. Digər vaxtlarda da bunun üçün işlər görülməlidir. Gənclər arasında bunun ən böyük təbliğatçısı Leyla Əliyevanın başladığı “Xocalıya ədalət” kampaniyasıdır. Leyla xanımın vasitəsiylə artıq dünyanın bir çox ölkələrindən bu haqda fikirlər var. Bizlərdə bir gənc olaraq bu kampaniyanı hər zaman uğurla davam etdirməliyik. Bu işdə Leyla Əliyevaya daha böyük nailiyyətlər arzulayıram.

Azərbaycan İctimai-Siyasi Universitetinin tələbəsi Günel Manafova:

- Gələcəkdə görüləsi işlərimiz çoxdur. Hər bir Azərbaycan gənci buna hazır olmalıdır. Ən böyük müharibə informasiya müharibəsidir. Bu müharibədə qalibiyyət qazanan tərəf qalib sayılır. Hər bir gəncin şəxsi kompüteri və internet şəbəkəsi olmalıdır. Yalnız bundan sonra Azərbaycan gənci soyqırımı tanıtdırmaq vəzifəsini yerinə yetirə bilər. Bunun üçün hər gün gənclər azı 1 saat şəbəkədə bu işlə məşğul olmlaıdır. Atalar yaxşı deyib “Güc birlikdədir”.

Fatih Universitetinin (Türkiyə) tələbəsi Ceyhun Əhmədli:

- Digər ölkələrdə təhsil alan gənclərin işləri barədə o qədər də xəbərim yoxdur. Amma İstanbulda tələbələrimiz Xocalı faciəsini çox geniş kütləyə tanıdırlar. Fevral ayının 26-da Taksim meydanında geniş bir aksiyamız olacaq. Bütün gənclər bu aksiya üçün çalışırlar.

Sumqayıt Dövlət Universitetinin tələbəsi Müşfiq İsgəndərov:

- Xaricdə oxuyan tələbələrimiz bacardığı qədər soyqırımı tanıtmağa çalışırlar. Dünya səviyyəsində bir çox dövlətlər Xocalı faciəsi haqqında bilir. Amma hələ də bu problemi tam düzəltmək heç cür mümkün deyil. Əksər dövlətlər yenə də haqsızlığı qəbul etmirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elvin Mustafayev:

- Xaricdə təhsil alan tələbələrimiz həmin ölkələrdə bu faciəni tam tanıtmasalar da, qismən tanıda biliblər. Tələbələr əllərindən gələni edirlər. Sadəcə həmin gənclərimizə Xocalı faciəsini dünyaya çatdırmaq üçün şərait yaradılmalıdır. Şərait yaradılsa, bunu tam mənada sübut edə biləciyik.

Doğu Akdeniz Universitetinin (Kipr) tələbəsi Orxan Mütəllimli:

- Gənclərimiz faciəni tam olmasa da, hardasa tanıda biliblər. Amma çalışıb bu sahədə fəaliyyəti artırmaq lazımdır. Bunu həyat tərzimizə çevirməliyik. Dünyada Xocalı soyqırımı haqqında bilməyən olmamalıdır. Bunun mənfur ermənilər tərəfindən törədildiyini, geniş və daha məntiqli bir şəkildə dünyaya çatdırmaq lazımdır.

Təfəkkür Universitetinin tələbəsi Vüsal Həsənoğlu:

- Ümumiyyətlə, Azərbycan gənclərinin Xocalı soyqırımını dünyaya çatdırması baxımından gördüyü işlər cüzidir. Gənclərimizin bu sahədə gördüyü iş ən yaxşı halda müxtəlif QHT-lərin təşəbbüsüylə beynəlxalq təşkilatların, qurumların elektron ünvanlarına kütləvi halda göndərdikləri məktublardır. Bir də cüzi olsa internetdə faciə ilə əlaqədar yazılar yerləşdirilir. Bu yaxşı hal olsa da, yazıların əsasən Azərbaycan dilində olması görülən işi o qədər də effektli etmir. Bunun üçün biz gənclər internetdə, xüsusən Vikipediyada xarici dillərdə Xocalı faciəsi ilə xeyli yazılar yerləşdirməliyik.

İyirmi il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə ağır hərbi texnikanın köməyi ilə erməni hərbçilərinin Xocalıya basqını, dinc, əliyalın insanlara qarşı törədilmiş qətliam Azərbaycan  ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bugünədək məlum deyildir. Bütün bunlar əslində ermənilərin azərbaycanlılara qarşı törətdikləri növbəti soyqrımı aktı idi.

Anar KƏLBİYEV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı