“Xocalı faciəsi dünyada ən dəhşətli cinayət hadisələrindən biridir. Azərbaycan xalqına, Azərbaycan türkünə qarşı erməni qəsbkarları çox dəhşətli cinayət törətmişdir. Bu gün biz bu cinayətin dünyaya çatdırılmasında əlimizdən gələni edirik”.
Modern.az xəbər verir ki, bu barədə millət vəkili Cavid Qurbanov Xocalı soyqırımını bəşəriyyətinin ən dəhşətli faciələrindən biri kimi dəyərləndirərkən deyib. O bildirib ki, ötən illərlə müqayisədə bu il daha çox tədbirlər vasitəsilə Xocalı faciəsin dünyanın hər bir yerində beynəlxalq ictimaiyyətə çatdırılır.
Deputat eyni zamanda Azərbaycan tarixində Xocalıdan başqa daha bir faciəvi hadisə olduğunu xatırladıb:
“Bu da mənim anadan doğulduğum Kəlbəcərin Ağdaban kəndində törədilib. Ağdaban kəndində baş verənləri təəssüf ki, dünya ictimaiyyətinə çıxarda bilməmişik. Ağdaban sakinlərinə, oradakı yaşlı insanlara, uşaqlara, qadınlara qarşı da ermənilər dəhşətli bir cinayət hadisəsi törədiblər. Silahlı hücum edərək xeyli insan öldürüblər.
Bu gün biz, mən öz adımdan, Aşıq Şəmşirin nəsli adından Ermənistanın rəhbərliyini, keçmiş prezidenti Köçəryanı beynəlxalq məhkəməyə verəcəyik və bu işi mütləq Avropa Məhkəməsinə aparıb çıxardacağıq. Məhkəmənin qərarının nədən ibarət olacağını deyə bilməsəm də, ən azı dünyanın belə bir hadisə olmasından xəbəri olacaqdır” - deyə Cavid Qurbanov vurğulayıb.
Modern.az