““Erməni soyqırımını inkar edənlərin cəzalandırılması” haqqında qanun layihəsi, bundan irəli gələrək mitinqin keçirilməsi məsələləri ilə bağlı Ziyalılar Forumunun bəyanatı hazırlanır və yaxın günlərdə mətbuatda yayımlanacaq”.
Bu barədə Modern.az saytına açıqlamasında Ziyalılar Forumunun təsisçilərindən olan politoloq Eldar Namazov deyib. O bildirib ki, yazılı bəyanat üzərində hazırda iş gedir, razılaşdırmalar aparılır. Bəyanatda ciddi məqamların olduğunu vurğulayan politoloq qeyd edib ki, burada soyqırımı məsələsi, gələcək işlərlə də bağlı məqamlar yer alacaq.
E.Namazov Ziyalılar Forumunun növbəti toplantıları ilə bağlı hazırlıq işlərinin aparıldığını və mart ayının sonunda böyük toplantıları olacağını bildirib.
“O vaxta kimi xarici səfərlərdə olan üzvlərimiz, o cümlədən Rüstəm İbrahimbəyov, Cəmil Həsənli də Bakıya qayıdacaqlar”.
Forumunun geniş iclasının cəmiyyət üçün aktual məsələlərə həsr edildiyini deyən Eldar Namazov martın sonlarında keçiriləcək böyük toplantının da mövzusunu açıqlayıb.
“Əvvəldən elan olunduğu kimi Ziyalılar Forumu Azərbaycanda mülkiyyət hüququnun pozulması, sahibkarların vəziyyəti ilə bağlı durumu da müzakirə etmək niyyətindədir və bu sahədə də müəyyən hazırlıq işləri görülür. Təəssüflər olsun ki, müzakirə üçün mövzular, Azərbaycan cəmiyyətini narahat edən problemlər çoxdur. Ona görə növbəti aylara nisbətən bu dəfə müzakirə obyekti olacaq bir sıra mövzular planlaşdrılır. Hazırlıq başa çatanda, kifayət qədər maraqlı məlumatlar hazırlananda, bu sahədə çalışan eskpertlərin rəylərindən sonra biz o ardıcıllığı düzürük. Və bundan sonra qərar verilir ki, hansı problemin müzakirəsinə hazırlıq işləri başa çatdırılsın”.
Ancaq politoloq qeyd edib ki, böyük toplantıdan öncə də Ziyalılar Forumunda bir sıra vacib tədbirlər keçirəcək.
“Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatlarının liderləri ilə görüş olacaq. Son toplantımızda Mehriban Vəzir bu barədə təkliflə çıxış etmişdi və biz həmin təklifi məmuniyyətlə qəbul etdik. İndi bunun üzərində hazırlıq işləri gedir”.
Forum Azərbaycan mətbuatının, jurnalistikanın bugünki durumu ilə bağlı bir tədbir keçirməyi palanlaşdırır.
“Bundan əlavə qarşıdan görkəmli şairimiz Əhməd Cavadın 120 illiyik yubilyei gəlir və Ziyalılar Forumu bu yubileylə də bağlı müəyyən bir tədbirlər hazırlayır. Və təbii ki, bu tədbirlərlə yanaşı, ölkədə gedən proseslərə, mühüm məsələlərə də Forum diqqət yetirəcək və münasibət bildirəcək”.
Dekabr ayında Ziyalılar Forumunun “Hyatt Regency” otelində keçirilməsi planlaşdırılan geniş toplantının baş tutmamasına diqqət çəkən Eldar Namazov eyni vəziyyətin təkrarlanmaması, yerlə bağlı məhdudiyyətlərin olmaması üçün tədbirlər gördüklərini də bildirib.
“Gənclərə həsr olunmuş son toplantımız üçün Rüstəm İbrahimbəyov şərait yaratdı və maraqlı iclas keçirildi. Çoxsaylı iştirakçılardan başqa həmin Forum canlı audio və video formada “Azadlıq” radiosunda yayımlandı. Bu yalnız sınaq idi və bu barədə heç kimə məlumat verməmişdik. Buna baxmayaraq, milyonlarla insan tədbiri canlı izləyə bildi və ya sonradan baxdı. Yəni bu təcrübə Forumda iştirak edə bilməyən, Azərbatycanın regionlarında və ya sərhəddən kənarda, Rusiyada, Avropada, ABŞ-da yaşayan ziyalıların da iştirakını təmin edir”.
İlk təcrübənin uğurlu olduğunu deyən politoloq bundan sonrakı tədbirlərdə Forumu canlı izləmək üçün məlumatları əvvəlcədən yayacaqlarını qeyd edib.
“Elan verəcəyik ki, harada bizi izləmək olar, hansı e-mail, hansı telefonla, hansı nömrəyə sms göndərməklə, hansı çatda iştirak etməklə Azərbaycandan kənarda yaşayan görkəmli ziyalılarımız bu foruma qatıla bilərlər. Bu işi belə təşkil etmək istəyirik ki, artıq yerlə bağlı müəyyən qadağalar mənasız olsun. Müasir dünyada, XX əsrdə yaşayırıq, ona görə də belə qadağalarla Ziyalılar Forumunun işini nə ləngitmək, nə məhdudlaşdırmaq olar. Mən ümid edirəm ki, belə təzyiqlər göstərən, tapşırıqları verən məmurlar bunu anlayacaqdır”.
Aytən ƏLİYEVA