Adətkərdəyəm. Özümdən asılı deyil, statistik məlumat görən kimi o saat hesab əməlinə başlayıram. Rəqəmləri hissələrə bölür, əhəmiyyətsiz qismini üzərindən götürür, bildiklərimi üstünə gəlib real olanı tapmağa çalışıram. Əksər vaxtlarda mənim statistikamla hökumətin statistikası üst-üstə düşmür, arada xeyli fərq yaranır.
Bizim humanist məhkəmələrimizdə ötən il ərzində 120 min işə baxılması ilə bağlı çıxan rəsmi məlumatı gec də olsa, istəyirəm bir balaca saf-çürük eləyim. Adətən, bütün məhkəmə çəkişmələrində iki tərəf olur: ittiham edən və ittiham olunan. Həmin 120 min məhkəmə işini bu iki tərəfə vurduqda məlum olur ki, 240 min adamın günü məhkəmələrdə keçib. Orta hesabla ölkə əhalisinin sayını 9 milyon götürsək və bunu da 240 minə bölsək, təxminən, hər 37 nəfərdən biri məhkəməyə düşüb. O da var ki, bu 37-nin, azından 3-də biri, yəni 12-si uşaqdır. Hələ nə qədərinin çağa - bələk körpəsi olduğunu demirəm. Təbii ki, onların cinayət törətməsi qeyri-mümkündür. Lap cinayət törətsələr belə, onların cinayət məsuliyyəti daşıması, məhkəmə qarşısında ittiham olunması qanunla qadağandır. Bunu da nəzərə aldıqda yerdə cəmi-cümlətanı 25 nəfər qalır. Yəni belə çıxır ki, ölkədə hər 25 nəfərdən biri yolunu məhkəmə zalından salıb.
Mən bilmirəm, ölkənin kriminal ölkələr qrafasında yer alması üçün əhalinin neçə faizi türmədə yatmalı, icbari iş almalı, yaxud cərimə olunmalıdır. Bu, məsələnin bir tərəfidir. Başqa bir tərəfi isə odur ki, hər hansı məhkəmə çəkişməsi zamanı tərəflərin aylarla məhkəmə qapısına ayaq döydüklərini, hətta əldən düşüb qapı dalında yatdıqlarını yəqin ki, siz də görmüsünüz. İttihamçı və ittiham olunanların qohum-əqrəbasını da üstünə gəldikdə nə qədər adamın ilboyu məhkəmələrə ayaq döydüyünü siz özünüz də hesablaya bilərsiniz. Bu o deməkdir ki, hər bir adam ildə bir neçə dəfə məhkəmə zalından keçib getməli olur.
Bununla məsələ bitmir. Bir dəfə hakim tanışlarımdan biri söhbət zamanı təəssüflə bildirdi ki, bu polislər imkan versə, daha çox cinayət işinə baxarlar, heç başlarını qaşımağa vaxt çatmaz. Bunun açıqlamasını isə belə verdi: bizə gəlib çıxan tordan sürüşüb düşmüş xırda balıqlardır. İri balıqlarla onlar özləri məşğul olurlar. Məndən olsa, bunları da məhkəmə işlərinə daxil edərdim.
İndi istəyirəm hesablamanı dayandırım. Bu cür davam eləsə qorxuram ki, məhkəməyə verməyə adam qalmaya, hakimlərin aylıq maaşı kəsilə.
Mənim statistikam, əlbəttə ki, hökumətin statistikası deyil, mənim statistikamdır. İstədiyim rəqəmi söyləməyə ixtiyarım var. Ancaq məsələ burasındadır ki, mən bütün bunları havadan götürmürəm. Ehtimallar disturumu rəsmi statistika əsasında qururam. Ona görə də mənim hesablamam gedib sıfıra dirənirsə, yaxud vurub kəllə çarxa çıxırsa, bunun günahı məndə deyil. Məsuliyyəti Arif Vəliyevin idarəsi daşıyır. Hər halda gəldiyim son nəticə ondan ibarətdir ki, xalqımız ötən il heç bir iş görməyib, ilin on iki ayını məhkəmələrdə keçirib.
Mən dünyada padşah sevən millətlər olduğunu eşitmişdim, ancaq məhkəmə sevən millətin olduğunu bilmirdim. Bunu da Ali Məhkəmənin rəsmisindən eşitdim. Sən demə, məhkəməyə bu qədər müraciət olunmasının əsas səbəbi ölkədə gedən inkişaf imiş. İnkişaf həm iqtisadiyyatda, həm də cəmiyyətin şüurunda müşahidə olunub. İqtisadiyyat gözə görünən olduğu üçün onun inkişafı ilə bağlı hesablama aparmaq çox asandır. Heç hesablama aparmadan elə mən də bu qənaətdəyəm ki, iqtisadiyyatda inkişaf var. Ancaq şüur abstrakt məfhumdur, onu gözlə görmək qeyri-mümkündür. Rəsmilərimiz isə şüurun inkişafını 120 min vətəndaşın məhkəməyə müraciəti ilə ölçürlərsə, onda bu məsələdə elm öyrənmək, maariflənmək arxa plana keçir. Buradan o da bəlli olur ki, millət məhkəməyə üstünlük verirsə, deməli, məhkəməyə məhəbbət artıb.
Şüurun inkişafını məhkəmələrə müraciətin sayı ilə təyin etməyin doğru olub-olmadığını deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, mənim statistikam bəzi adamları razı salmayacaq. Nəyisə artıq, nəyisə əskik hesabladığımı söyləyəcəklər. İncimərəm. Bu onların konstitusion hüququdur. Sadəcə, fikir bildirmək kiminsə boynuna cinayət işi qoymaq deyil ki.
Mən də qarşı tərəfin məntiqinə etiraz eləyə bilərəm. Çünki bu yaşa çatmışam, hələ heç bir məhkəməyə müraciət etməmişəm. Belə çıxır ki, mənim şüurum inkişaf etməyib. Mən məhkəməni sevmirəm.
Şükürlər olsun ki, şüurumdan şikayətim yoxdur, normal düşünən insanam. Qaldı, məhkəməyə simpatiyamın olmamasında həqiqət var. Bu da mənim konstitusion hüququmdur. Hesab edirəm ki, camaatın arasında mənim kimi məhkəmə sevməyənlərin olması da lazımdır. Yoxsa beynəlxalq təşkilatlar elə bilər ki, bizdə müxalifət yoxdur, hamımız türmələrdən çıxmışıq.