Daxili İşlər Nazirliyinin bu yaxınlarda 1 yaşlı uşağın dayəsi tərəfindən öldürüldüyü barədə yaydığı xəbər hər kəsi dəhşətə gətirdi. Xırdalanda baş vermiş hadisə böyük səs-küyə səbəb oldu. Bundan əvvəl də 12 yaşlı uşağın dayə tərəfindən qətlə yetirilməsi xəbəri yayılmışdı. Təbii ki belə xəbərləri mətbuatda izləyən valideynlər övladları üçün dayə tutarkən artıq tərəddüd içərisində olurlar.. Çünki uşağını dayəyə etibar edən ana elə düşünür ki, övladı güvənli əllərdədir.
Son hadisəvalideynləri əməlli-başlı qorxudub. Azərbaycanda dayə fəaliyyəti barədə hər hansı qanun olmadığından valideynlər də təsadüfi dayələr seçməyə məcbur olurlar. Bu zaman isə həm valideynlər, həm də dayələr əziyyət çəkirlər.Onu da qeyd edək ki, xarici ölkələrdə bu fəaliyyət xüsusi qanunla tənzimlənir və dayəlik təlimi verən fakültələr də var. Ölkəmizdə isə bu cür fəaliyyət qeyri-qanunidir. İstənilən şəxs dayə kimi işləyə bilər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dayəlik fəaliyyəti ilə bağlı məsələyə belə münasibət bildirib:
“Dayəlik fəaliyyəti mütləq lisenziyalaşmalıdır.Yaxşı olardı ki, onlar xüsusi assosiasiyalarda birləşsinlər.
İşə götürənlərlə işə qəbul olanlar arasında xüsusi müqavilələr bağlansın.Və bu muqavilələrdə müqavilə şərtləri göstərilməlidir. Bu fəaliyyətin qanunvericilik bazası var, amma əsas bu xidmət haqqında qanun yoxdur”.
Valideynlər belə bir qanunun olmasını və dayə instutunun formalaşmasını təhlükəsizlik baxımından labüd hesab edirlər.
Övladını dayəyə etibar edən ana, Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova uşaqlarının dayəsindən narazı olmasa da, hesab edir ki dayə institunun yaradılmasına ehtiyac var.
“Mənim iki oğlum var. Onlara artıq 6 ildir ki, dayə baxır. Uzaq qohumum məni onunla tanış etmişdi. İnandırım sizi övladlarım nənələrindən cox dayəni istəyirlər. Altıncı, bazar günləri dayə gəlmir, uşaqlar zəng edib deyirlər ki, “nənə darıxmışıq sənin üçün”. Sadəcə, ana dayənin kimliyini əvvəlcədən müəyyənləşdirməlidir. Mən bu addımı atanda çox tərəddüd etdim, amma indi ondan çox razıyam”.
İnkişafa Doğru Qadın Təşəbbüsləri İctimai Birliyinin sədri Nəzakət Zeynalova da deyir ki, bu gün dayələrin əsas problemləri qanunvericilikdə onların əmək fəaliyyətini tənzimləyəcək heç bir maddənin olmamasıdır.
“Təşkilatımız 2007-ci ildən fəaliyyət göstərir. Biz ilk baxışdan vergi ödəmək üçün qeydiyyatdan keçdik, lakin sonradan gördük ki qanunvericilik işləməyə imkan vermir. Ona görə də nə qədər işləsələr də, onların hüquqları heç bir şəkildə müdafiə olunmur. İstənilən an onların maaşları da kəsilə bilir, eyni zamanda əmək kitabçaları da olmur, çünki əmək kitabçasının verilməsi qeyri-mümkündur. Bu barədə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin nümayəndəsi ilə də gorüşmüşəm. Amma hələ də heç bir nəticə yoxdur”.
Müsahibimiz deyir ki, indiki halda dayəlik fəaliyyəti mütləq qanuniləşməli və dayə institutu yaradılmalıdır.
“Bu institut yaradılsa, vacib deyil ki, hər bir dayə təlimləsin, çünki bu, elə bir peşədir ki, burada insana səbr lazımdır və həmin insan uşaqları sevməlidir. Bu məsələyə bir sıra aspektdən yanaşmaq lazımdır, amma ilk növbədə bu pesə qanuniləşməli və sosial baxımdan müdafiə olunmalıdır”.
Dayələrin uşaqlara ögey münasibətinin günahını ilk növbədə valideyndə görən təşkilat sədri deyir ki, dayənin funkisyası təkcə uşağı yedizdirmək deyil. Uşaq vaxtının cox hissəsini dayə ilə keçirdiyinə görə usağın təlim-tərbiyəsində, dünyagörüşünün formalasmasında dayənin rolu böyükdür.
“Biz dayəni işə alarkən ilk növbədə referans istəyirik. Onun əvvəlki iş fəaliyyətinə baxırıq. Onlara anket verilir və həmin anket doldurulur. Burada onlar təhsilini, ailə tərkibini, son üç iş yerlərini, yaşadığı unvan, yaxın qohum-qonşularının ad və soyadları göstərilir. Bəzən elə olur ki, onların xəbərləri olmadan belə yasadıqları ünvana gedilib baxılır. Onlar haqqında gizli məlumatlat toplanılır. Biz onlarla söhbət aparırıq və onların uşaq haqqında danışıqlarının psixoloji tərəflərini də tuta bilirik. Başqa təşkilatlarda dayə fəaliyyəti üçün sertifikat verilsə də, amma bizim təşkilatda bu yoxdur. Mən düşünürəm ki, bu peşə qanuniləşdirilməyib və verilən sertifikatların da heç bir xeyiri yoxdur. Azərbaycanda bu peşə sırf pul qazanmaq üçun olduğundan valideynlərə də çətindir hərtərəfli dayə tapmaq. Peşəkar dayələrin qiymətləri də yüksək olur. Hazırkı dönəmdə bir neçə dil bilən, əsas da rus dilini bilən dayələrə təlabat daha çoxdur və onların maaşları da yüksək olur. Bizə ali təhsilli dayələr çox müraciət edir. Eləsi var ki, həkimdir, amma dayə kimi fəaliyyət göstərir.
Dayə ilk olaraq usağı sevməlidir, bununla yanaşı da dayənin dil bilgisinə xüsusi onəm verilir”.
Dayələrin maaşları 300-600 manat civarında olur. Bu da uşaqların sayına və dayənin işləmə saatına baxır. Amma tam sutka işləyən dayələr var ki, onlar ailədə qalırlar və maaşları da daha çox olur. Muasir dövrdə dayələrə tələbat həddən artıq çoxdur. Evdar xanımlar dayəyə daha çox müraciət edirlər.
8 ildir dayəlik işiylə məşğul olan Dilarə İsmayılova bu peşənin ona doğmalığından danışsa da, maaşının azlığından və sabit bir iş olmadığından şikayətlənir.
“Bu iş mənə xüsusi zövq verir. Öz qohumumun uşağına baxıram. Ayda 200 manat maaş alıram. Qohumum deyir uşağı səndən başqa heç kimə etibar edə bilmirəm. Mən uşağa ana məhəbbəti verə bilməsəm də, çalışıram ki, onu layiqli bir insan kimi yetişdirim”.
Nihadə Eyyubova