Tələbələr rektorlara yaxın düşə bilmirlər

Azərbaycanda bir sıra ali məktəblərin rektorlarının xüsusi mühafizə ilə gəzməsi ictimai fikirdə və tələbə kəsimi arasında narazılıq doğurur. Onlar hesab edirlər ki, univeriset rəhbərlərinin öz yanlarında mühafizəçi gəzdirmələrinə ehtiyac yoxdur. Bundan başqa bəzi rektorlar qəbul günlərini belə çətinləşdiriblər. Adi tələbə rektorla görüşmək üçün gərək iki-üç ay əvvəlcədən qəbula yazılsın.
Rektorlar özlərini kimlərdən qoruyurlar?
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssislərdən münasibət öyrənməyə çalışıb.
Deputat: “Rektorların otaqlarının qapıları tələbələrin üzünə daim açıq olmalıdır”
Milli Məclisin Elm və siyasət komitəsinin üzvi, professor Musa Qasımlı xarici ölkələrdə rektor-tələbə münasibətləri ilə Azərbaycanda rektor-tələbə münasibətləri arasında fərqli və oxşar məqamlara toxunub.
“Hər bir ölkədə universitetlərin rektorları birbaşa tələbələrin təhsil aldqıları müəssisələrin rəhbəri olduğundan onlarla bu və ya başqa formada əlaqə qururlar. Bəzən bu əlaqələr birbaşa rektorların görüşləri vasitəsilə olur. Ancaq bu görüşlər mütəmadi olmaz, çünki rektorların buna o qədər də boş vaxtları olmur. Bəzən də bu münasibətlər müvafiq rektor müavinləri tərəfindən həyata keçirilir”.
Deputatın fikrincə, xarici ölkələrdə bəzən tələbə özünün rektorunu tanımır, onun kim olduğunu belə bilmir və bəzən heç ünsiyyətdə də olmur.
”Çünki buna ehtiyac duymur. Bizdə isə bildiyim qədər rektorlar ildə bir neçə dəfə tələbələrlə görüşlər keçirir və fikrimcə, bu müsbət haldır”.
Mühafizə ilə gəzən rektor tanımadığını deyən deputat hesab edir ki, heç buna da ehtiyac yoxdur. “Tələbələrin rektorla görüşməsinə gəlincə, əgər o fakültədə, dekanlıqda öz problemini həll edirsə, onun rektorla görüşməsi zərurəti də yaranmır”.
Musa Qasımlının fikrincə, təkcə tələbələrlə deyil, insanlarla görüşləri sadələşdirmək lazımdır. O hesab edir ki, prosedurlardakı mürəkkəbliyi aradan qaldırmaq lazımdır. “Hesab edirəm ki, rektorların dekanların, prorektorların otaqlarının qapıları tələbələrin üzünə daim açıq olmalıdır. Bunları qapatmaqla hansısa şəxsin problemini həll etmək mümkün deyil. Qapılar nə qədər açıq olarsa, problemlər bir o qədər tez həll olunar” deyə professor vurğulayıb.
Ekspert: “ Bu nə statusdur onlara verilib?”
Təhsil üzrə ekspert Etibar Əliyev fərqli fikirdədir. Rektorların mühafizəçi ilə gəzməsi ilə bağlı faktlara rast gəlindiyini deyən Etibar Əliyev bildirib ki, onların bir çoxu özləri üçün böyük təhlükəsizlik zolağı yaradıblar.
“Onlarin içərisində ən güclü mühafizə sistemi quran Bakı Dövlət Universitetinin rektorudur. Biz onu müşahidə etmişik”.
Məhz bu səbəbdən kənar şəxsin universitetə girə bilmədiyini deyən eskpert qeyd edib ki, təhsil müəssisəsinin qapıları açıq olmalıdır. “Mən rektor tanıyıram ki, içəri keçən kimi xüsusi düymə vasitəsilə bütün qapılar sistemini bağlayır. Bu nə deməkdir? Bu nə statusdur onlara verilib?”
Etibar Əliyevin sözlərinə görə, avtoritar adlandırılan sovet dövründə rektorlar tələbələrlə hər zaman ünsiyyətdə olublar. “Sovet dövründə nüfuzlu rektorlar, akademiklər olublar. Onların hamısı tələbələrin içərisində olub və tələbə yataqxanasında yemək yeyiblər.
Biz bir sıra xarici ölkələrdə səfərdə oluruq, eyni zamanda internet vasitəsilə universitetlərlə tanış oluruq. Müşahidə etmişik ki, rektorların qapıları açıqdır və rektor adi dekan, kafedra müdirlərindən statusuna görə fərqlənmir. Heç kim, heç dövlətin yuxarı orqanlarından da bu məsələyə müdaxilə etmirlər”.
Müsahibimiz bildirib ki, bu gün 9 universitet rektoru eyni zamanda Milli Məclisin üzvi olduğundan onların iki böyük statusları var. Ekspertin fikrincə, məhz bu amil onlara müəyyən dərəcədə imkan verir ki, təhlükəsizlikləri üçün dəridən-qabıqdan çıxsınlar.
“Qanunvericilikdə bir neçə şəxsə özlərini qorumaq ixtiyarı verilir. Ancaq bu hüquq rektorlara verilmir. Rektor tələbələrin içində olmalıdır. Müşahidə etmişəm elə rektor var ki, hər hansı kafedraya və ya imtahana baş çəkməyə ətrafında 30 nəfərlə gedir. Belə şey olar? Universitetin içərisində rektora hansı təhlükə ola bilər? Nə üçün rektor universitet işçilərindən qorxsun?”.
E.Əliyev eyni zamanda tələbələrin rektorlarla görüşməsi üçün bir-iki ay əvvəlcədən qəbula yazılmaları ilə bağlı problemin olduğunu deyir.
“Bu təcrübəni Səməd Seyidov da həyata keçirir. Adam Avropanı su yoluna çevirib, amma oradan bir dəyər götürməyib. Onunla görüşmək üçün 3 ay əvvəlcədən qəbula yazılmaq lazımdır. Belə çıxır ki, rektorluq onun üçün ictimai işdir. Bütün bunlar təhsilin mahiyyətinə mənfi təsir göstərir. Çox təəssüflər olsun ki, dünyada anoloqu olmayan səviyyədə bizdə bu cür anormallıqlar hökm sürür” deyə təhsil eksperti vurğulayıb.
Aytən ƏLİYEVA