Keçmiş qonşularımdan biri miliyyətcə azərbaycanlı Mahir müsəlman, digəri miliyyətcə rus olan Slavik xristian idi. Slavik 18 yaşından Leninqradda, indiki Sank-Peterburqda yaşamalı olur. Əgər buna yaşamaq demək olarsa...
48 yaşına kimi həyatını əyyaşlıqla, qadınlarla keçirən Slavik içkiyə o qədər aludə olur ki, nəinki evlənməyə vaxt tapmır, hətta 30 il valideynlərinə belə, baş çəkmir.
Anası xəstələnib yatağa düşdükdən sonra Slaviki məcburən evə qaytarırlar. Oğlunu içkidən ayırmağın yeganə yolunu dinini dəyişib müsəlman olmasında görən ana, qonşulardan bu işə yardım istəyir. Az keçmir ki Slavik içkini buraxır, Gəncə şəhərinə gedib məscidlərin birində axundun köməyi ilə dinini dəyişib İslamı qəbul edir, adını Xeyrəddin qoyurlar, müsəlman bir qadınla evləndirirlər. Düzdür, bu yaşda ona kiçik toy edə bilməsələr də, artıq 10 ildir namaz qılır, oruc tutur, cümə günləri məscidə gedir, zaman olduqca da Qurani-Kərim oxuyur.
Mahir müsəlman ailəsində doğulub, kiçik toyunu 4 yaşında ediblər. 18 yaşından sonra siqaret çəkməyə, içki içməyə başlayıb. Bir müddət sonra isə tiryəkdən istifadə etməyə, daha sonralar isə iynə vurmağa vərdiş edib. Tam narkoman olan Mahir günlərini özü demişkən, havada uçmaqla, “kayf” tutmaqla keçirib. Narkotik istifadəçisi olan bu müsəlman, Slavik dinini dəyişəndə “sən əla iş gördün, müsəlman oldun, sənə hörmətim daha da böyüdü” deyib sevincini gizlətmirdi. Bir aydır ki 43 yaşlı Mahir siqaret çəkmir, içki içmir, iynə vurmur. Səbəbi? Narkotik asılılıqdan yaxa qurtarmaq üçün dinini dəyişib xristian olub. Dostlarına deyirmiş ki, sanki anadan yeni doğulub. “Narkomanlığı buraxmaq üçün dinini dəyişmək bu qədərmi vacib idi, bunu sənə kim başa salıb” deyə soruşdum. Cavab verdi ki, uzun illər Rusiyada yaşayan yerlisi orada missioner təşkilatlardan birinə qoşularaq xristian olub. Dinini dəyşməyi ona yerlisi təklif edib. Yenə sual verdim ki “dinini dəyişmək üçün sənə nə qədər pul veriblər, adını dəyişdinmi, xaç suyuna salındınmı”. Cavab verdi ki guya, pul verməyiblər, bu dinə könüllü qoşulub, o rəbbi olan İsaya etiqad edir, xaç suyuna salınmaq gərək deyilmiş, onlarda ad dəyişmək yoxdur, elə öz adında – Mahir olaraq qalır. Sonda da dedim ki, bir ay sonra səni yenidən narkoman görmək istəməzdim, baxaq görən rəbbin İsa səni nə qədər keçmiş vərdişindən uzaqlaşdıra biləcək...
... Həmişə eşidirəm və şahidi oluram ki, törətdikləri cinayətlərə görə həbsxanaya düşən dustaqların bir çoxu orda dinə-imana gəlir, Allahı barmaqlıqlar arasında dərk edir, namaz qılır, oruc tuturlar. İçəridən mömin kimi çıxırlar. Bəzilərisə xeyriyyəçiliklə məşğul olur.
Hətta dünya ulduzları belə dinindən vaz keçib İslama pənah aparırlar. Amma indi bir narkoman bu vərdişdən yaxa qurtarmaq üçün başqa dinə qoşulur, bununla da özünü yenidən doğulmuş kimi hiss edir. Bu addımına görə keşmiş qonşumu ittiham etmək niyyətində deyiləm. Qarşılaşdığım bu olaya şərh verə də bilmirəm. Sadəcə mənim üçün həm maraqlı, həm də qaranlıq qalan odur ki, bu insanı uzun illərdi nə həkimlər, nə də bizim müsəlman din adamları o pis vərdişindən çəkindirə bilmədiyi halda, bir dostu bunu etməyi bacardı...