Cəmiyyət Eynulla və Ruslanı necə itirdi?
Yazıya müasir Azərbaycanın ən sanballı fikir adamlarından hesab etdiyim, qeyri – adi fəlsəfi düşüncələriylə insanı heyrətləndirən Sərdar Cəlaoğlunun sözləriylə başlamaq istəyirəm. ADP sədri “İlahi siyasət” kitabının girişində yazır: “Mən bu kitabı ona görə yazmağı bacardım ki, yazmamağı bacarmadım”.
Bəli, dəyərli oxucularım, mən də eynən oxşar hisləri yaşadım indicə oxuyacağınız bu yazını yazmadan öncə. Çünki mənə qədər qələm dostum, “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilov əslində ürəyimdən tikan çıxaran yazısıyla məni rahat buraxmayan bu məsələyə münasibət bildirmişdi. Ancaq yenə da deyiləcək çox söz qaldığı qənaətinə gəldim və bu yazını bir şəxsə yox, bütövlükdə mənəvi terror qurbanlarına, ruhu sarsılmışlara, əqidəsi sındırılmışlara, hakimiyyətin təbirincə desək, islaholunmuşlara həsr etmək istədim...
Vaxt vardı azadlıqdan məhrum edilənləri “İslah Əmək Müəssisəsi” adlandırılan bir həbsxanaya salırdılar. Belə hesab olunurdu ki, bu və ya digər səbəbdən ilk dəfə cinayət törətmiş şəxslər həmin müəssisədə islah olunaraq yenidən cəmiyyətə elə şəkildə qayıtmalıdır ki, bir də haçansa qələt edib cinayət törətməsin. Təbii ki, bu resept həbsxana divarlarını doğma evi kimi qəbul edən “qanuni oğru”lar, dəfələrlə cinayət törətmiş canilər - residivistlər üçün keçərli deyildi. Qərəz, zaman göstərdi ki, həbsxana heç bir halda islaholunma yeri ola bilməzmiş, əksinə, hətta təsadüfi cinayət törədərək məhkumluq həyatı yaşayan bir çox ləyaqətli adam da ordan islaholunmuş yox, ruhən pozulmuş, mənəviyyat sərhədlərini unutmuş bir yararsız məxluq kimi bayıra çıxır. Əlbəttə, məhbəsdə də şir kimi məğrur yaşayan, azadlıqda zalıma boyun əymədiyi kimi, zindanda da zülmə meydan oxuyan insanlarımız da az deyil. Ancaq bir şeyə tam əminəm ki, həbsxana islaholunma yeri deyil. Ancaq bir istisna var, əgər söhbət həbsxanada “obrobotka” olunmaqdan gedirsə, mən ona da tam əminəm ki, bu məsələdə “hüquq – mühafizə orqanları” adlandırılan bütün strukturlar gerçəkdən də ötən dövr ərzində dünyadakı mövcud diktatura sistemlərinə nümunə ola biləcək bir islahedilmə məktəbi yarada biliblər və onlar asanlıqla öz “ov”larını həmin məktəbin elə “müdavim”lərinə çevirə bilirlər ki, belələri azadlığa çıxandan sonra nəinki qısa zamanda cəmiyyətə “adobtasiya” oluna bilir, hətta dönüb olurlar hüquq müdafiəçisi. Eynulla Fətullayev və Ruslan Bəşirli kimi...
Bayaq Sərdar Cəlaloğlundan sitat gətirdim, dostum İsa Qəmbərin də çox xoşladığım bir sözü var ki, bu iqtidarın hakimiyyətdə olduğu dövr Azərbaycan xalqı üçün itirilmiş illərdir. Adlarını çəkdiyim keçmiş məhbusları da bu mənada cəmiyyət üçün itirilmiş adamlar hesab etmək lazım. Çünki onlar içəridən tamamilə islaholunmuşlar kimi çıxdılar. Əslində məni bir şey çox narahat edir və zəmanəmizin yeni hüquq müdafiəçilərinin hüquqlarını müdafiə edəcəkləri məhbusların halına acımaya bilmirəm. Axı islaholunmuşların içəridə görüşdükləri də yüzdəyüz onların özləri kimi islaholunmuş şəkildə azadlığa qovuşacaq. Buna kimsənin şübhəsi olmasın Yeri gəlmişkən, yaxın dostum və gerçəkdən bütün mənalı həyatını balalarının rifahına deyil, millətimizn firəvanlığa qovuşması uğrundakı mübarizəyə həsr etmiş Arif Hacılıya da üz tuturam ki, yubanmadan Eynulla Fətullayevin və Ruslan Bəşirlinin onun həbsdən azad edilməsi üçün prezident İlham Əliyevə etdikləri müraciətə kəskin etirazını bildirsin və “çox sağ olun, zəhmət çəkmisiniz, ancaq sizlərin köməyinə heç ehtiyacım yoxdur” sözlərini desin. Qoy onlar kimi istəyirlər müdafiə etsinlər, ancaq mən düşünürəm ki, Arif bəy islaholunmuş hüquq müdafiəçilərinin müraciətinə möhtac deyil!!!