Səfa Qasımov: “Norveçlilər elə insanlardır ki, bu axşam onları qonaq çağırsan, sabah heç salamlaşmırlar səni görəndə”

Modern.az saytı “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) xaricdə təhsil proqramının təqaüdçüsü Səfa Qasımovdur. Səfa Qasımov hazırda Norveçdə magistr təhsili alır və indi vətənə dönmək üzrədir.
– 1988-ci ildə Bakı şəhərində doğulmuşam. 2005-ci ildə Neft Akademiyasının qaz-neft mədən fakültəsinə qəbul oldum. 2009-da fərqlənmə ilə universitet bitirdim. SOCAR-ın Neft-qaz elmi tədqiqat-layihə İnstitutunda işləməyə başladım. 2010-cu ildə Norveçin Stavanger Universitetinin neft mühəndisliyi, qazma və quyu mühəndisliyi fakültəsinin magistr pilləsinə qəbul oldum və SOCAR-ın təqaüd xətti ilə orada təhsilimə başladım. Hazırda universiteti bitirmək üzrəyəm və vətənə dönəcəm. Bundan sonra isə SOCAR-da işə başlamağımı gözləyirəm.
– Xaricdə təhsil almaq fikri necə yarandı?
– Məktəb illərindən başqa ölkədə yaşayıb, yeni mədəniyyət və insanlarla tanış olmağı çox arzulayırdım. 2006-cı ildə ABŞ-a yay düşərgəsində tələbə yay işinə başladım, ondan sonra iki illik Norveçə gəldim və iki il ərzində orada təhsil aldım.
– Niyə Norveç? Digər ölkələrdə yox?
– Neft qaz mühəndisliyi texnologiyalarında Norveç birinci yerlərdədir. Stavanger şəhəri isə Norveçin, hətta Avropanın böyük neft və qaz şəhəri kimi məşhurdur.
– Necə oldu ki, SOCAR-ın təqüadçüsü oldun?
– SOCAR-da işləyərkən bu təqaüd proqramı haqqında eşitdim. Çox istəyirdim ki, öz şirkətim üçün daha da faydalı olum və buna imza atdım.
– Ailəndən kənarda yaşamaq sənə çətin olmadı?
– Xeyir, mən ailəmlə, dostlarımla daim əlaqə saxlayırdım və özüm də yeni mühitə tez öyrəşən bir insanam. Buna görə də mənim üçün bu yeni bir pozitiv təcrübə idi.
– Bəs, Norveçə öyrəşməyin necə oldu? Tez uyğunlaşa bildin?
– Bəli, çox tez bir zamanda çoxlu dost qazandım. Ümumiyyətlə, mədəniyyət və mentaliteti qəbul edib hörmətlə yanaşırdım, lakin öz mədəniyyət və prinsiplərimi üstün sayırdım və çalışırdım ki, azərbaycanlı qalım.
– Ümumiyyətlə, əsas çətinliklərin nələr olur?
– Gülməli də olsa, amma mənim üçün bu günəş şüalarının çatışmaması idi. Qış aylarında bəzən heç günəş üzünü görmürdüm. Əlbəttə, bəzən başqa cür problemlər də var idi.
– Azərbaycanlı tələbələrlə əlaqələrin varmı?
– Bəli, azərbaycanlı tələbələr ilə daimi ünsiyyətdəydim. Biz az olsaq da, universitetdə öz yerimizi tutmuşduq. 2011-ci ildə birləşib, Xarici tələbələr birliyində müxtəlif vəzifə tutduq. Universitetdə səsvermə keçirilirdi, bizim də rəqiblərimiz var idi. Lakin tələbə və müəllim heyətinin bizi (azərbaycanlıları) yaxşı tərəfdən tanıması bizə qələbə gətirdi. Prezident Rza Ağasiyev, vitse-prezident Fərid Tağıyev, ictimaiyyətlə əlaqələr meneceri Rza Bahbudov və maliyyə meneceri mən oldum.
– Ümumiyyətlə, Azərbaycanlı tələbələrin sayı çoxdur?
– Universitetimizdə 5 nəfər azərbaycanlı tələbə təhsil alır.
– Xarici tələbələrlə münasibətin necədir?

– Münasibətlərimiz çox yaxşıdır. Xüsusən də universitetdə işləyəndən sonra, tələbələrlə daha da yaxın olduq.
– Müəllimlərin tələbələrə olan münasibəti necədir?
– Müəllim bəzən tələbənin adını da heç bilmir. Lakin hər zaman bilir ki, hansı tələbə güclü hansı zəifdir. İmtahanda müəllim heç bir rol oynamır. Lakin müəllimlərin qapıları tələbələr üçün daima açıqdır.
– Norveçdəki təhsilin haqqında nə deyə bilərsən? Səni qane edirmi?
– Təhsilimdən çox razıyam. Və çox istəyirəm ki, öyrəndiyimi gəlib vətənimdə tətbiq edim. Vətənimə xeyir gətirim.
– Orada oxumaq səncə çətindirmi? Hansı çətinliklərin olur?
– Texnologiyalar və materiallar ən təzə kitablardan gəlir. Bəzən elə olurdu ki, mən tamamilə təzə bir texnologiya və ya mexanizm haqqında eşidirdim və çox vaxt sərf edirdim ki, bunu dərindən öyrənim.
– Ümumiyyətlə, xaricdə təhsil sənə nə verir? Səndə, eləcə də dünyagörüşündə nələri dəyişib?
– Xaricdə təhsil mənə fərqlənməyə imkan verir. Çünki hər universitet eyni şeyləri öyrədə bilməz, ona görə də bir şirkətdə başqa-başqa universitetlərdə təhsil alan mühəndislər olmalıdır. Onlar öz biliklərini paylaşıb, şirkətlərini öndə saxlamalıdırlar.
– Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, Azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?
– Bu Azərbaycanın parlaq gələcəyi üçün çox vacib bir amildir. Çünki vurğuladığım kimi, hərəmiz bir şeyi bilib və birləşib işləsək, böyük zirvələrə qədəm vurarıq.
– Azərbaycandakı tələbə həyatınla oradakı tələbə həyatı arasında hansı fərqlər var?
– Vətəndə ailəmlə yaşayırdım, evdə çörək yeyirdim, paltarımı anam yuyurdu, xəstələnəndə evdəkilər yanımda idi. Norveçdə isə təkəm, oxumaqdan başqa da bazarlıq, yemək bişirmək, ev işlərinə baxmaq, paltarımı yumaq və digər öhdəliklər olur.
– Azərbaycanı tanıtmaq üçün hansı tədbirlər keçirirsiniz? Orada insanların, tələblərin Azərbaycan haqqında məlumatları varmı?
– Bəli, biz bir neçə dəfə Azərbaycan mətbəxi və mədəniyyəti günü keçirtdik. 30 nəfərə yaxın xarici tələbə oturub dolma bükürdü, biz isə bunu eləyərkən onlara zəngin tarix və mədəniyyətimiz haqqında danışırdıq. Təəssüf ki, Qərb mətbuatı çox zaman xalqımız haqqında avropalılara doğru məlumat çatdırmır. Və bəzən avropalı tələbə bilmir kimə inansın: öz KİV-nə və ya bizə... Azərbaycanda keçirilən “Eurovison” müsabiqəsi Azərbaycan haqqında dediklərimizə çox gözəl bir sübut idi.
– Bu cür tədbirlərə xarici vətəndaşların buna münasibəti necə olur?
– Onlar böyük maraqla bizim tədbirlərə gəlirdilər. Bundan başqa, gedib öz dost-tanışlarına danışırdılar və gələn dəfə daha çox gəlirdilər.
– Necə düşünürsən, azərbaycanlı gənclər Norveçdə Azərbaycanı kifayət qədər tanıda bilirmi?

– Bəli, biz çalışırıq və bizdə bu çox gözəl alınır.
– Çoxları deyir ki, Azərbaycana qayıtmaq istəmirəm. Sən necə, qayıtmağı düşünürsən?
– Mənə iki iş təklifi gəldi, lakin mənim üçün Vətən yüksək Norveç məvacibindən daha böyük bir prioritetdədir. İnanıram ki xaricdə təhsil alan tələbələr vətənə dönsə, birlikdə bir Azərbaycanı daha da güclü və çiçəklənən edəcəyik və şəraiti bütün Avropa ölkələrindən də güclü edəcəyik.
– “Azərbaycan” deyəndə, əsas nələr üçün darıxırsan?
– Dilimiz, mədəniyyət, mentalitetimiz üçün darıxırdım. Burada olmayan böyüklər hörmət üçün, ölkəmin təbiəti, havası üçün çox darıxırdım. Və ən əsası ailəm, dostlarım üçün....
– Bəs nə yeyirsən? Yeməkləri özün bişirə bilirsən?
– Bəli, mən yemək bişirməyi çox xoşlayıram. Evimdə uşaqlıqdan qurmanlar arasında böyümüşəm və ailəmdə anam və nənəm ilə bərabər xörək bişirirdim. Norveçdə həm Azərbaycan həm də xarici yeməkləri bişirirəm. Xarici tələbə dostlarım bizim yeməkləri çox xoşlayırlar və böyük həvəslə mənə köməklik edirlər.
– Bir ayda nə qədər xərcin çıxırdı?
– Norveç bahalı ölkə olduğuna görə aya 2000 avroya yaxın xərclərim var idi. Əsasən yeməklərə çox pul xərcləyirdim. Xüsusən də ət orada çox bahalıdır. Amma mən “fast-food” və başqa ucuz yeməkləri yeməkdənsə, ac qalaram. Çalışırdım ki, evimdə təmiz və natural ərzaqlar olsun.
– Səncə, ora bahalı şəhərdir?
– Dünyanın ən bahalı şəhərlərindəndir. Bu rəsmi statistikadır.
– Asudə vaxtlarında nə edirsən?
– İnternetdə oturub bilmədiyim haqqında oxuyuram, maşın sürürəm, idman zalına gedirəm, yemək bişirirəm. Boş vaxt olan kimi nəsə edirəm.
– Norveçin özünəməxsus hansı xüsusiyyətləri var ki, insanı özünə cəlb edir?
– Təmiz su, təmiz hava, gözəl təbiət, dövlətin vətəndaşına qayğısı...
– Norveçlilərdə ən sevdiyin xüsusiyyətlər hansıdır?
– Üzügülərlikləri mənim çox xoşuma gəlir. Bunda başqa insanların qanunlara riayət etməsi.
– İnsanların bir-birinə rəftarı necədir?
– Norveçlilər qədim vaxtlarda bir-birindən çox uzaq yaşayıblar. Bir torpaqda da olsa onlar çox da ictimai deyillər. Evlərində oturmağı sevən insanlardır. Bir axşam onları qonaq çağırsan, sabah heç salamlaşmırlar səni görəndə. Bu tək xaricilər ilə deyil, onlar özü özləri ilə də belə davranırlar.
Sevinc İltifatqızı