Ədliyyə Nazirliyi və hüquq müdafiəçisindən ittihamlara cavab verirlər

“Yeni həbsxana rəisi məhbusları yoluxucu xəstəliklərə yoluxdurur. Məhbusları bu vəziyyətdə saxlamaqdansa, bir dəfəlik güllələsinlər və valideynlərinə versinlər”.
Bunu Modern.az-a açıqlamasında Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova deyib. Onun sözlərinə görə,
bu gün Azərbaycanda 253 ömürlük məhbus var. Onların arasında ağır cinayətlərə görə həbs olunanlarla yanaşı, siyasi məhbuslar da mövcuddur. Güllələnmə cəzası ləğv olunanda 128 məhbusun heç bir əsas olmadan ömürlük həbsə məhkum olunduğunu deyən komitə sədri onlardan indi 77 nəfərin sağ qaldığını bildirdi:
“Bu qeyri-qanuni cəza ilə əlaqədar AŞ PA-nın 2007-ci ildə qərarı var idi ki, həmin məhbusların işinə yenidən baxılsın. Amma heç bu işlərin üzünə baxan olmadı. İşlərinə yenidən baxılması üçün müraciət edənlər isə müxtəlif işgəncələrə məruz qalırlar. Hətta çoxu özlərinə qəsd edirlər. Tibbə məlum olmayan səbəblərdən ölürlər. Bu yaxınlarda cəzaçəkmə müəssisəsində ölən Emin Bünyadov adlı məhbus guya ürək çatışmazlığından dünyasını dəyişdi. Amma sonra onda müxtəlif bədən xəsarəti olması faktı aşkarlandı”.
Qobustan həbsxanasının rəisi Şahin Osmanovu məhbuslarla qeyri-insani davranışlarda günahlandıran M. Rzaxanova ona heç bir cəza verilmədiyini də gizlətmədi. Onun sözlərinə görə, əvvəlki həbsxana rəisi Kazım Abdullayev də məhbuslara işgəncə verdiyinə görə cəzasız qaldı: “Kazım Abdullayevi məhbuslara qənim kəsilmiş bir adam kimi dünyaya tanıtdıq. Amma o heç bir cinayətə cəlb olunmadan təqaüdə göndərildi. Ancaq yeni rəisin metodu ayrıdır. O, sağlam məhbusla xəstə məhbusu, xasiyyətcə uyuşmayan məhbusları bir kameraya salmaqla onlar arasında təhlükəli vəziyyət yaradır”.
Məhbusların qidasından narazılığını bildirən komitə sədri onların belə vəziyyətdə saxlanılmasındansa, güllələnmələrini məsləhət bilir: “Məndə bir məhbusun Mədət Quliyevə açıq məktubu var. Orada onlara verilən qidadan yazır. Burada onlara səhər, günorta və axşam verilən yeməklərin siyahısı var. İnanın ki, it itliyi ilə bu yeməyi yeməz. Mənə elə gəlir ki, onları bu vəziyyətdə saxlamaqdansa, bir dəfəlik güllələsinlər ki, canları qurtarsın”.
Cəzaçəkmə müəssisəsindəki cinayətlərin, məhkumların ağır şəraitinin Mədət Quliyevdən gizlədildiyini söyləyən M.Rzaxanova həbsxanada dərmanların da pulla satıldığını bildirdi. Onun sözlərinə görə, həbsxana həkimi Niyazi Eyvazov saxta sənədlərlə bir çox məhbusun ölüm faktını da gizlədib: “Həbsxanada narkotik maddə alveri edilir. İllərlə müraciətimizə baxmayaraq, ona gözüm üstə qaşın var deyən olmur. Vüqar Əliyev adlı məhbus ağır xəstədir. O imkansız olduğuna görə palataya köçürülmür. Aclıq aksiyası keçirən məhbuslar həkim nəzarəti altında olmaqdansa, onların ərizələri, aclıq aksiyası gizlədilir”.
Həbsxanada cəza çəkən oğlu Şakir Rzaxanovun da onun fəaliyyəti ilə bağlı təzyiqlərə məruz qaldığını deyən komitə sədri Avropa Məhkəməsinə müraciət etdiyini bildirdi. Onun sözlərinə görə, həbsxanadakı ağır vəziyyətlə əlaqədar artıq 15 beynəlxalq təşkilata müraciət göndərilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da deyilənləri təsdiqlədi. Onun sözlərinə görə, bu cəzaçəkmə müəssisəsində həkim çatışmazlığı, qeyri-insanı rəftar, narkotik maddələrin satışı mövcuddur: “Qobustan həmişə problemli yer olub və belə olaraq da qalacaq. Hətta orda elə kameralar var ki, heç bir standartlara uyğun deyil. Təbii ki, narkotik maddələr ora göydən düşmür. Ən azından nəzarətçilərin burada əli olur. Bu gün cəzaçəkmə müəssisələrində narkotik maddələrin satışı faktını Pentensiar Xidmətin rəisi Mədət Quliyev də etiraf edib”.
Cəzaçəkmə müəssisələrində dərmanların həkimlər tərəfindən pulla satıldığını təsdiqləyən E.Buhbudov qanunla həmin dərmanların pulsuz olduğunu bildirdi. Onun sözlərinə görə, saxlanma yerləri qapalı olduğundan orada baş verən cinayət faktları gizlədilir, ölüm, işgəncə faktları müxtəlif yollarla ört-basdır edilir:
“Penitensiar Xidmətin rəisi Mədət Quliyevi polis orqanlarında işlədiyi vaxtdan tanıyıram. Ona görə də deyə bilərəm ki, o təmiz adamdır. O, kabinetində oturur cəzaçəkmə müəssisəsində baş verən hər şeyi bilə bilməz. O, haradasa bu problemlərin aradan qaldırılmasına çalışır. Amma hələ ki, bu problemlər mövcuddur”.
Ədliyyə Nazirliyi tərəfindən ona müəyyən məhdudiyyətlər qoyulduğunu söyləyən komitə sədrinin sözlərinə görə, Qobustan həbsxanasında heç bir qanundan və ədalətdən söz gedə bilməz:
“Əgər İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinə məhdudiyyət qoyulubsa, orda qanundan, ədalətdən danışmaq olmaz. Mənə bu məhdudiyyət ona görə qoyulub ki, mən nazirin yanında yaradılmış ictimai nəzarət şurasının ilk üzvlərindən biri olanda dəfələrlə çıxışımda bildirmişdim ki, monitorinqlər şəffaf keçirilməlidir. Monitorinqlərin şəffaf keçirilməsindən ötrü monitorinqlərin keçiriləcəyi qabaqcadan heç kimə bildirilməməlidir. Təəssüflər olsun ki, bizim dövlət məmurları tənqiddən daha çox tərifi sevirlər. Tənqidə düzgün qiymət verib problemi aradan qaldırmaq əvəzinə tənqid edən şəxsə qarşı qeyri-insani hərəkətlər edirlər. Biz Qobustandakı faktlarla bağlı mütəmadi əməkdaşlıq etdiyimiz beynəlxalq insan haqları müdafiə təşkilatlarına fikirlərimizi bildiririk. Penitensiar və hüquq mühafizə orqanlarının cavabları isə həmişə belə olur: “Fakt təsdiqini tapmadı”. Bunun bir səbəbi var. Onlar istəmirlər ki Azərbaycan beynəlxalq arenada nüfuzdan düşsün. Belə olan müddətdə bu problemlər də qalacaq”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bu gün ölkədə 200-dən çox ömürlük məhbus olduğunu deyir. Amma Qobustan qapalı həbsxanasında məhkumlara hər hansı cəzanın, işgəncənin verilməsi ilə bağlı deyilənləri həqiqətə uyğun olmadığını bildirdi:
“Hər hansı bir cəzaçəkmə müəssisəsində məhbus vəfat edirsə, bu prokurorluq orqanları tərəfindən araşdırılır, ekspertiza təyin olunur və ən sonda rəsmi olaraq rəy tərtib olunur. Belə məsələləri Məhkəmə Tibbi Ekspertiza Komitəsinin həkimləri aparırlar. Prokurorluq da bilavasitə həmin komitəyə nəzarət edir”.
Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə də deyilənləri təkzib edir. Onun sözlərinə görə, ömürlük məhbusların işi ilə hüquq müdafiəçiləri məşğul olur və bu məsələ həmişə gündəmdə olur: “2000-ci ilə qədər cinayət törətmiş və barəsində hökm çıxmamış 80 nəfərdən yuxarı məhbus var ki, onlar vaxtilə digər cəzalara məhkum olunublar və sonradan ömürlük həbs cəzası alıblar. Bu adamların cəzalarının dəyişilməsi üçün Avropa Şurasının 15-45 saylı qətnaməsi var. Bu qətnamə həmin məhkumların cəzalarının yüngülləşdirilməsi üçün addımların atılması ilə bağlı Azərbaycana da tövsiyə olunub. Odur ki, bu məsələni gündəmdə saxlamışıq. Biz Avropa Şurasında olarkən bu məsələ bir daha qaldırıldı. Müxtəlif görüşlərdə, Avropa insan haqları komitəsində, bizim həmməruzəçilərlə, monitorinq komitəsinin digər üzvləri ilə görüşlərdə həmin məsələlər qaldırılıb. Amma qaldı ki, onlara işgəncə verilməsinə, bu həqiqətə uyğun deyil”.
Cəzacəkmə müəssisələrində ictimai nəzarət komitəsinin nümayəndəsi olan Çingiz Qənizadənin sözlərinə görə, Qobustan həbsxanasında işgəncədən söz gedə bilməz. Ümumiyyətlə belə faktların gizli qalmadığını deyən millət vəkili Qobustan qapalı həbsxanasının daim ictimai nəzarətdə saxlanıldığını söylədi:
“Ayrı-ayrı formada hər hansı bir məhkumun hüququ pozula bilər, bir narahatçılıq yarana bilər. Amma bu o demək deyil ki, orada işgəncə faktı var. Bunu gizlətmək mümkün deyil. Bunu üçün prokurorluq orqanları var. Heç bir cəzaçəkmə müəssisəsinin rəhbəri bu hərəkətə görə qanunla cəzasız qala bilməz. Düzdü, Qobustan həbsxanasında saxlanma şəraiti dözülməzdir. Bu da ondan irəli gəlir ki, sovet dönəmində tikildiyindən çox sərt qaydalara uyğun inşa edilib. Təbii ki, bu da yaxın vaxtlar da öz həllini tapacaq. Artıq Ədliyyə Nazirliyi beynəlxalq standartlara cavab verəcək ömürlük məhbusların saxlanması üçün yeni həbsxananın tikilməsinə başlayıb”.
Qobustan həbsxanasını daim ictimai nəzarətdə saxlandığını deyən millət vəkili məhbuslarla dəfələrlə görüşlər keçirildiyini bildirdi. Onun sözlərinə görə, İctimai Komitənin üzvləri həmin cəzaçəkmə müəssisəsində olurlar və monitorinqlər aparıblar: “Yəqin ki, 10-15 gündən sonra yenidən monitorinq keçirəcəyik. Orda hər bir şey nəzarətdədir. Yalnız orda bəzi cəza cəkən məhbusların ailə üzvlərinin bu səs-küydə rolu var. Onlar yalnız belə hay-küy qaldırmaqla məsələyə diqqət çəkmək istəyirlər. İctimai rəyi çaşdırmaqla məşğuldurlar. Bu adamların adını çəkmək istəmirəm. Həmişə belə məlumatlar yayıldıqca, biz həmin həbsxanaya baş çəkirik. Ümumi saxlanma şəraitini çıxmaq şərtilə orada elə bir ciddi problem yoxdur”.
Gültəkin Ələsgər