20 il əvvəl, yəni 20-ci əsrdə Ağabəy Sultanov mənim üçün böyük kəşf sayılacaq açıqlama vermişdi: Azərbaycan intiharların sayına görə dünyada ən sonuncu pillədədir. “Çünki azərbaycanlılar dünyanın kommunikabelli, yəni ünsiyyətcil xalqıdır”, – demişdi mərhum psixiatr.
O zamanları yaxşı xatırlayıram. Əsrdaşı olduğum çağın başlanğıcında kütləvi kommunikasiya vasitələri hələ yaranış dövrünü yaşayırdı. Facebook, twitter heç yuxuda belə bizə əyan olmamışdı. Məktublar hələ də bu sözlərlə başlayırdı: “Salam! Salamdan sonra vəziyyətimizi bilmək istəyirsinizsə, sağ və salamatıq, Sizin də sağ və salamat olmanızı bir olan Allahdan arzu edirik...” Bundan da yüz il əvvəl və daha uzun başlanğıclı məktubları ünvanına qasidlər çatdırırdı. İndi yeni çağdır və nə çapara, nə zərfə, nə də diyircəkli qələmə ehtiyac var və facebook-da salamlaşma üç hərfə sığır: “slm...”
Sizi bilmirəm, amma mən keçmişdə toy-düyünün üç gün-üç gecə keçirilməsinə sidq-ürəkdən inanıram. Çünki işi-gücü bizdən daha çox olan və daha çox fiziki güc sərf edən insanların ünsiyyət üçün bundan münasib vaxt və bəhanə tapa bilməzdi. Bu gün qolunun gücündən çox zehnini çalışdırmalı olan çağdaşlarım isə ünsiyyətə nəinki səbəb axtarmır, ona heç lüzum görmür. Yəni bu günün azərbaycanlısı kommunikabeli, yəni ünsiyyətcil deyil?
İnsanların hər zaman başqaları ilə paylaşacaq sirləri, etirafları var. Amma ətrafda səni sonadək dinləmək bacarığını qoruyub saxlaya bilmiş çoxmu insan var? Dinləməklə bahəm, həm də qarşıdakını anlamaq, ona təsəlli vermək, yaxud ürəkləndirmək, qəti addıma təşviq etmək, yaxud yanlış yoldan çəkindirmək... Düşünün, ətrafda bunu özündə bu insani keyfiyyətə malik nə qədər imkan var?
“Söz hörmətdən düşüb. Söhbət yox, sözbazlıq var”. Facebook-dakı bəzi dostlarım belə düşünür. Yəqin ki, onlar haqlıdır. Sirlərini bölüşəcək həmsöhbətin ağzını kip tutacağına əminlik yoxdur. Etiraflarını eşidəcək dostunun, yaxud rəfiqənin həmin an qəlbində haqqında nə düşündüyünü də haradan biləsən. Şəfqət əvəzinə məkrlə qarşılaşma ehtimalı çox böyükdür. Buna görə də ehtiyatı davranma, cildə girmə, həqiqət yerinə yarıhəqiqətləri paylaşma, yalan uydurma, bəhanə gətirmə...
21-ci əsrdə, 20 il əvvəlkindən fərqli olaraq, Azərbaycan tədricən, addımbaaddım qılaflı, qapalı, ünsiyyətsiz adamlar cəmiyyətinə çevrilir. Kütləvi kommunikasiya inqilabı çağında kommunikabelliyi olmayan toplum. Xəyanətlər hər zaman mövcud olub, hisslərinin faş olmasından, qınağa tuş gəlmədən qorxu da. İntiharı bütün dövrlərdə son çıxış kimi görən olub, xəyalların xarabalığına sığınma heç zaman köhnəlməyib, xatirələrin letargiya yuxusundan ayılmayanlar indi də az deyil. Elə isə canlı, üzbəüz ünsiyyət niyə azalıb? Xəyali təmasın ondan bir üstünlüyü varmı? Baxışların, mimikanın, jestlərin nəyisə ələ verəcəyindən ehtiyatlanmaya görəmi?
“Facebook-a ərə gedirəm”, – deyə şəbəkədəki bir qadın dostum yazmışdı. Ardınca da bu həqiqəti: “...insanlara inam faizim sıfırdır”.
Aman Allah, bircə intihar etməsin...