Modern.az

Vətənpərvərlik

Vətənpərvərlik

Ölkə

10 İyul 2012, 10:34

Bəri başdan deyirəm, heç kəs mənim bu fikrimdən şübhələnməsin, dalağı sancmasın, nə də başqa xəyala düşüb məni şantaj eləməsin. Mən vətənimi çox sevirəm və onun müstəqilliyi, azdalığı uğrunda hər zaman canımdan keçməyə hazıram. Bu mənim yazımın epiqrafı da hesab oluna bilər. Bu öz yerində…

Vətənpərvərlik – bu sözü bəzən yetərincə qiymətləndirə bilmirik. İdioloji baxımdan bu söz gedib çox yerə çıxıb və demək olar ki, çoxlu sayda insanların əlində silaha çevrilib. Görürsən ki, adını şair qoyan birisi vətənə, yurda, torpağa, Qarabağa çox zəif şeirlər yazır. Biz də lal-dinməz durub baxırıq. Əgər onun şeirinə zəif desən “qanın” getdi, sən vətəni sevmirsən deyib haqqında elə sözlər deyər ki, ən azı iş yerindən çıxartdırar. Bu zalım oğlu (qızı) iclasların çoxunda əlinə imkan düşən kimi, düz 1988-ci ildən başlamış, bu günə kimi olanları bir-bir sadalayır, sən də durub axıracan qulaq asırsan, dəymişin dura-dura kalın tökülür. Ağzın nədi dillənəsən? Ona görə də 22 illik hadisələri təzədən, özü də zəif, bayağı şəkildə dinləməyə məcbursan. Çıxışının sonu – malı, - məli şəkilçiləri ilə çox zəngin olar həmişə. Biz etməliyik, görməliyik, döyüşməliyik və s.

Axırda da vətəndən bəhs edən uzun və zəif bir poemasını çırpır iştirakçıların başına və başlayır adamların hamsının başı ağrımağa. Bir də görürsən ki, riyaziyyat müəllimi şeirdən danışır, şagirdləri günahlandırır ki, hardadı bizim şairlərimiz, niyə vətənpərvərlik haqqında şeir yazmırlar? Hamısı ev istəyir, təqaüd istəyir. Mən yüz faiz dəqiq bilirəm ki, hansısa bir orta məktəbdə onun riyaziyyat dərsi boş keçir, şagirdlər çöldə futbol oynayır, futbol oynasa da “Neftçi” yenə uduzur. Və o boş keçən dərsin ağrısını sabah səngərdə bir əsgərin savadsızlığı ucbatından baş verən problemlə hökmən qarşılaşacağıq. Sən indi bunu riyaziyyat müəlliminə deyə bilməzsən. Desən, qayıdacaq ki, səndə vətənpərvərlik hissi yoxdur. Bu gün bütün iclaslarda ən əsas şey vətənpərvərlikdən, xüsusən Qarabağ məslələrindən çox asanlıqla danişmaqdı. İlahi bu ağrıları necə asan danışmaq olar? Əgər durub çıxışçıya desən ki, burda mövzu başqadır, o saat durub düz gözünün içinə deyər ki, Xocalı elə bir faciədir ki, onu hər yerdə, hər zaman və hər iclasda xatırlamalıyıq. Oğulsan cavab ver, cavab da verə bilməzsən, çünki yuxarıda dediyim kimi düzgün başa düşülməz. Burda bir haşiyə çıxmaq istəyirəm. Orta məktəbdə dərs deyirdim,  8-ci sinifə “Haradan başlanır vətən” mövzusunda sərbəst inşa yazdırırdım. Şagirdlərimdən biri vətəni o qədər gözəl tərənnüm eləmişdi ki, üzüm güldü, eynim açıldı, o şagirdə məktəb dili ilə desək, yağlı bir “5” yazdım. Biri isə çox zəif yazmışdı, elə bil sözü yoxuydu. Əyri xətti məni əsəbləşdirirdi. Ona da yağlı bir” 2” yazdım. Vaxt gəldi bu uşaqlar hərbi xidmətə getdilər. Sonralar mənə çatdı ki, “2” yazdığım cəbhədə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Bayrağı ordeni ilə təltif edilib və “5” yazdığım şagird isə fərari olub. Ondan sonra fikirləşdim ki, bəs görəsən bu vətənpərvərlik nədir? Mən dəqiq bilirəm ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov vətən haqqında yəqin ki, az danışırmış, o,vətənə sevgisini göstərdiyi igidliklə bildirdi. Qəhrəmanlıq fitri istedaddır və Mübariz xalqımızın belə oğullarından biri idi.

Vətənpərvərlikdən danışan o riyaziyyat müəllimi öz dərsini yaxşı keçsəydi, əsl vətənpərvər bir iş olardı, nəyin ki, burada uzun- uzadı danışmağı.

Şeirin nədən yazılmasından asılı olmayaraq onun yüksək bədii dəyəri vətənə məhəbbət sayıla bilər. Hətta vətənindən olmasa belə... Zəif şairlər vətənpərvərlik mövzularının arxasında gizlənərək ədəbiyyatı daha da uçuruma sürükləyirlər. İstəyirəm, onlar bu mövzuların arxasından çıxsınlar. Dünya ədəbiyyatında bədii dəyərlər qalib gəlir və mənsub olduğu xalqı sevdirir. Füzulinin, Əli Kərimin bir dənə də olsun vətən şeiri yoxdur. Ancaq onları oxuyan xalqlar bədii səviyyəsinə görə Azərbaycanı sevirlər. Şairin böyüklüyü budur. Onların əsərlərinin tədrisi məsələlərində pedoqoji işçilər yuxarıda dediyim kimi şagirdlərə, tələbələrə vətənpərlik hisslərini aşılaya bilərlər. Bu da olar vətənpərvərlik...

Şair yazı masasında, müəllim yazı taxtasında, əsgər səngərində gözəldi. Hərə ixtisası üzrə işini elmi şəkildə görsə, elə əsl vətənpərvərlik budur. Rəssam danışmaq əvəzinə, gözəl bir tablo yaratsa, vətəni sevmək buna deyərəm. Bütün məsələlərdə elmilik olmalıdır. Hərbi də, dərs də, hücum da, poeziya da, ədəbi tənqid də. Hər bir iş elmi şəkildə görüləndə qələbə asanlıqla qarşına çıxır.

Mənim üçün dünyada iki böyük məfhum var:

Allah və vətən!

Onlara zəif şeirlər yazmaq vallah günahdı. Əgər yaza bilmirsənsə yazma, sadəcə insan və vətəndaş kimi onlara xidmət elə…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı