Azərbaycanın meyarca özünə uyğun ölkələr sırasında piylənmə səviyyəsinə 5-6-cı yerlərdəndir – Ekspert
Piylənmə müasir cəmiyyətin ciddi tibbi, həm də sosial və iqtisadi problemidir. Mövzunun aktuallığı, ilk növbədə, bu halın geniş yayılması ilə əlaqədardır. Piylənmədən Yer kürəsi əhalisinin 7%-i əziyyət çəkir. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərinin piylənməsi, 25%-dən çoxunu artıq bədən çəkisi var. ABŞ-da isə bu, müvafiq olaraq, 25 və 50%-dir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40%-nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə son on ildə piylənmənin yayılması 2 dəfə artıb.
Dünya Səhiyyə Təşkilatı ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyon nəfərdən artıq olacaqdır. Hətta inkişaf etməmiş ölkələrdə belə ənənəvi olaraq qida çatışmazlığının xarakterik olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə ictimai sağlamlığa təhlükə olmağa başlayır.
Modern.az-a mövzu ilə bağlı açıqlama verən “Nərgiz” klinikasının həkim-dietoloqu Ləman Süleymanova deyir ki, piylənmənin ən birinci səbəbi qida rejiminin pozulmasıdır: “Pasientlərim arasında kökəlmədən əziyyət çəkənlər daha çox evdar xanımlardır. Yaş fərqini götürəndə isə 15-18 yaşlarında olan gəclərin əksəriyyətində də piylənmə geniş yayılıb. Buna səbəb qida rejiminin pozulmasıdır, yəni səhər, günorta heç nə yeməyən insanlar axşam yetərindən artıq yeyirlər. Qida rejiminin pozulması isə öz növbəsində, maddələr mübadiləsinin pozulmasına səbəb olur və nəticədə piylənmə yaranır. Azərbaycanlı xanımlar həmçinin şirniyyata çox meyllidirlər, onlarda xolesterinin səviyyəsi çoxdur. Bu da piylənmənin yaranmasına səbəb olur”.
Həkim-dietoloq yeniyetmə qızlarla yanaşı, oğlanlarda da piylənmə probleminin yaşanmasını deyir: “15-18 yaşında olan oğlanlarda piylənmə çox müşahidə olunur. Ümumiyyətlə, kişilər yağlı yeməkləri daha çox sevirlər. Avropalı güclü cins nümayəndələri bizim kişilərlə müqayisədə həddən artıq arıqdırlar, onların da normal bədən forması var.”
L. Süleymanovanın sözlərinə görə, piylənmə bir sıra xəstəliklərin əmələ gəlməsinə təkan verir.
“Piylənmə çox vaxt ağır patologiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Bundan başqa, şəkərli diabet və mədə-bağırsaq xəstəlikləri piylənməyə səbəb olan amillərdəndir. Diabetli xəstələrin xüsusi dietoloqları, pəhriz yeməkləri olmalıdır. 2-ci tip diabet xəstələrinin 80%-nin piylənməsi və ya artıq çəkisi vardır. Bu gün həm qadınların, həm də kişilərin 70-80% piylənmədən əziyyət çəkir. Hətta 18 yaşında olan gənc qızlar belə hazırda bizə müraciət edir. Onların çəkisi 35-40 yaş arasında olan xanımların çəkisinə bərabərdir. Halbuki bu yaşda olan qadınların normal çəkisi 50-52 kq, 22-28 yaş arasında olan xanımların çəkisi isə 57-58 kq olmalıdır. Amma təbii ki, burada boy mütləq nəzərə alınır. Məsələn, 160 sm boya malik qadının çəkisi 58 kilodursa, təbii ki, bu, artıq piylənmədir. Belə olduğu təqdirdə xanımın normal çəkisi 52 kq olmalıdır”.
Dietoloq internetdən götürülən arıqlama reseptlərinin istifadəsini düzgün saymır: “Hər bir insanın öz qida rejimi olmalıdır. Yanlış reseptlerlə arıqlamada bədəndəki suda gedir, piy isə yenə də yerində qalır. Müəyyən vaxtdan sonra iki qat piylənmə baş verir”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanın meyarca özünə uyğun ölkələr sırasında piylənmə səviyyəsinə 5-6-cı yerlərdəndir.
Nihadə Eyyubova
P.S. Dünya Səhiyyə Təşkilatının apardığı statistikaya görə, piylənmənin geniş yayıldığı ölkələrin reytinq cədvəli
| Ölkələr | 15 yaşdan yuxarı olanlar |
|
| 1 | ABŞ | 30,6 |
| 2 | Meksika | 24,2 |
| 3 | İngiltərə | 23 |
| 4 | Slovakiya | 22,4 |
| 5 | Yunanıstan | 21,9 |
| 6 | Avstraliya | 21,7 |
| 7 | Yeni Zellandiya | 20,9 |
| 8 | Macarıstan | 18,8 |
| 9 | Lüksemburq | 18,4 |
| 10 | Çexiya | 14,8 |
| 11 | Kanada | 14,3 |
| 12 | İspaniya | 13,1 |
| 13 | İrlandiya | 13 |
| 14 | Almaniya | 12,9 |
| 15 | Finlandiya | 12,8 |
| 16 | Portuqaliya | 12,8 |
| 17 | İslandiya | 12,4 |
| 18 | Türkiyə | 12 |
| 19 | Belçika | 11,7 |
| 20 | Polşa | 11,4 |
| 21 | Hollandiya | 10 |
| 22 | İsveç | 9,7 |
| 23 | Danimarka | 9,5 |
| 24 | Fransa | 9,4 |
| 25 | Avstriya | 9,1 |
| 26 | İtaliya | 8,5 |
| 27 | Norveç | 8,3 |
| 28 | İsveçrə | 7,7 |
| 29 | Yaponiya | 3,2 |
| 30 | Cənubi Koreya | 3,2 |