İclasdan çox pərt halda çıxmışdım, qanım qaralmışdı, gözümə heç nə görünmürdü. Həmişə belə olur, bu gün də belə oldu. İclas qurtaran kimi kök şair arvadlar-əlbəttə bu hamıya aid deyil- gələn deputat şairlə, ola bilər ki, heç şair olmasın, yaxşı vəzifəsi olsun- başlayırlar şəkil çəkdirməyə. O, gedir, bu, gəlir. Bir şəkil 10 dəfə çəkilir. Biri istəyir ki, deputatla lap yanaşı dursun, amma alınmır, çünki sonradan gələn buna imkan vermir, necə sürətlə gelirsə, “ pramoy” keçib dayanır düz deputatın böyründə. Deputat da azca gülümsünür, şəkildə qayda budur ki, gərək azca gülümsəyəsən. Gülməyin əsas səbəblərindən biri o ola bilər ki, ölkədə iqtisadi vəziyyət yüksəlib və ya Qarabağ məsələsi ilə bağlı imicimiz bir az da artıb. Əlbəttə deputat yanındakılara görə yox, əsas bu dediyim şeylərə görə gülümsəyir. Guya bu işdə onun xidmətləri olub.
Şəkil mərasimi çətin ki qurtara, hətta deputata hörmət əlaməti olaraq şəkil çəkən Bayram dizlərinin birini lap aşaği endirir. Bu, o demekdir ki, öz işinin ustasıdır, şəklin gözəl alınmasını istəyir. Bu, həm də o deməkdir şəkil cox qiymətli şəkildi; həm pul baxımdan, həm tarix baxımından. Biz kişilər də durub kənardan baxırıq. Neyləmək olar? Birinci dəfə deyil ki, buna öyrəncəliyik. Sonra telefon nömrələrin alveri başlayır, o, alır, bu, verir. Deputat qardaş da lap kefdədi, qəşəng qadınlara düzgün nömrələrini verir, xoşu gəlməyənlərə əlləm-qəlləm nömrələrini.
Sonra şairə-jurnalist qadınlar-əlbəttə bəziləri –şəkilli kitablarını yarı zor, yarı xoş doldururlar deputatın qoltuğuna, o da əllərindəki kitabları cağırıb verir sürücüsünə, bunu dəqiq bilirəm ki, həmişəlik verir, heç vaxt o kitabların üzünü görməyəcək. Şairə xanımlar şair olduqlarını deməklə yanaşı, jurnalist olduqlarını da yaddan çıxarmırlar, qəzetlərinə müsahibə vermələrini xahiş edirlər. Bunun da bir önəmli tərəfi var ki, ölkə prezidenti jurnalistlərin dostudu, “temboli” Şıxovda jurnalistlər üçün 154 mənzilik bina tikilir, niyə o evlərdən bunlara düşməsin? Birdən sonra xahiş –zad məsələsi olanda üz tutarıq, lap elə bizi tanımasa da, çəkdirdiyimiz şəkli göstərərik.
Məsələ get-gedə qızışır. Jurnalist şairə qadınlar ayda bir dəfə çıxan, sayi 300-dən ibarət olan qəzetlərinin elə yüz sayını qoyurlar deputatın qoltuğuna. Biz kişilər də əsəbləşirik, zalım oğlu bir dəfə də olsun biz tərəfə baxmır ki, şəkil çəkdirmək cəhənnəm, hec olmasa başımızla salam verək. O ancaq qadınları görəndə gülümsünür, biz tərəfə baxanda ciddiləşir. Biz özümüzü daha tox tuturuq. Mənim lap urəyim bulanur, bilmirəm nə edim, hara baxım ki, ürəyimin bulanması dayansın?
Qadın şairlərimizdən çox inciyirəm, daha bu qədər də olmaz. Qadın deputat gələndə heç biz kişilər belə eləmirik, onları bu qədər sındırmırıq, eləcə kanardan başımızla salam veririk, şəkil məsələsi də az-az hallarda olur, ona görə də şəkil çəkən Bayram mənlə əyridi. Yanımdan keçəndə Allahın salamını da vermir. Amma qadın görəndə onlara gələcək tədbirlərin yerini, yurdunu və nə vaxt başlamasını dəqiqliklə başa salır. Deyir, orda böyük adamlar olacaq, qəzetlərinizdən götürün, köhnə olsa da olar. Amma olsun, əliniz dolu olsun.
Mən indindən o iclaslardakı, kasıb, vəzifəsiz, daha doğrusu, deputat olmayan kişilərin dərdini çəkirəm. Ürəyimin bulanması da daha artır. Nə edim? Yaxşısı, evə getməkdir. Avtobusa minirəm, düşünürəm pəncərə tərəfdə dursam yaxşıdır. Təbii ki, ayaq üstə. Nəinki oturmaq, ayaq üstə dayanmağa yer qəhətdir. Bir qardaşa xahis edirəm ki, bir az o yana dursun. O da o yana duranda başqa bir qardaşın ayağını ayaqlayır, o da buna qayıdıb nə desə yaxşıdır?
- Heyvan oğlu, heyvan.
Bu bizim milli söyüşümüzdü, özü də heyvan əti yağlı olduğundan urəyim daha da bulanır.
Bu qardaş da qayıdıb ona yüngül söyüşlə cavab verir:
- nedi.. eee qatıq…
O da lap inək qatığını camış qatığına çevirir, yənı bir az da qatığı qatılaşdırıb, deyir:
- Qatıq oğlu, qatıq.
Yadıma düşür ki, hə, evə çatan kimi qatıq içməliyəm. Bəlkə zəhərlənmişəm.
“Qatıq” sözünü işlədən qardaşa azacıq gülümsünürəm: Yəni, Allah köməyin olsun, sənin bu yeməli söyüşünlə varam.