İnana bilməzdim ki, bu söz məni nə vaxtsa yazı yazmağa vadar edəcək. İndiyədək «etibarsızdır» deyəndə düşünürdün ki, kimsə ya tələbə biletini, ya qiymət kitabçasını, şəxsiyyət vəsiqəsini, torpaq haqqında şəhadətnaməsini, bir sözlə, hansısa sənədini itirib və qəzetlərdə «etibarsızdır» verib. Torpaqlar zaman-zaman erroziyaya uğradığı kimi, bəzi sözlər də dəyişikliyə, məna itkisinə məruz qalmağa başlayıb. Dilimizə yad kəlimələrin zorən sırıdılması bir yana, özümüzün olan bəzi sözlərin şəxsi maraqlar və mənafelər naminə istifadə edilməsi ənənəsinin təməli qoyulub artıq.
Söhbət Azərbaycan manatlarının üzərində oynadılan biznesdən gedir. Yəqin azyaşlı uşaqları olan ailələrin bundan daha yaxşı xəbəri var. Bilməyənlər üçünsə deyim ki, 1 AZN-dən başlayaraq 5, 10, 20, 50, 100 manatlıqların bir üzünə kiçik, digər tərəfinə isə nisbətən böyük hərflərlə «etibarsızdır» sözləri yazılıb və saqqızla bərabər dövriyyəyə buraxılıb. Qiyməti isə 10 qəpik. Bu azmış kimi həmin saqqızların yanına üzərində müxtəlif şəkillər və rəqəmlər olan, uşaqların dil ilə desək, kartlar da daxil edilib. Demək, uşaq 10 qəpik verməklə hər birindən bir ədəd olmaqla saqqızın, etibarsız manatın və kartın yiyəsinə çevrilirlər. Yəni üçü birində… Deyilənə görə, ilk vaxtlar bəzi fırıldaqçılar bundan əməlli-başlı yayarlanıblar da. “Şumotka” satan yaşlı qadınlar, kişilər, hələ də kirill əlifbası ilə yazıb-oxuyanlar saxta manatlar qarşılığında, üstəlik, xırda pul da qaytarmalı olublar…
Qonşuluğumuzda yaşayan 3-cü sinif şagirdinin isə əhvalatı daha diqqətçəkəndir. O, xəsis babasına «100» manat verdiyini, yaşlı kişinin isə bunun qarşılığında çox böyük sevinc hissi keçirdiyini qarşısına keçən hər kəsə danışmaqla, özü də bilmədən etibrasız pulların girovuna çevrilib. Yaxınlıqda olan mağaza satıcısı isə etiraf edir ki, dükandan ən çox saqqız alan babasını aldadan həmin uşaqdır. O, artıq 1130 manat saxta pulun sahibidir. Ustəlik, həmyaşıdlarını da özü kimi etibarsız pullara aludə edib və dükançının son günlər qazancı da elə bu saqqızlı pullardan olub. Əsasən topdan və pərakəndə satışdan dükanlara paylanan saqqızların «xod» getdiyini deyən dükançı, bu malın arxasında duran sahibkar fərqinə varmır ki, onun ən çox gəlir əldə etdiyi saqqız biznesi, əslində bir çox ailələr üçün faciənin başlanğıc nöqtəsidir. Məktəbli yaşına çatmamış və yaxud məktəbin aşağı siniflərində oxuyan, pulun gətirəcəyi fəsadlardan doğru-dürüst xəbəri olmayan uşaqların bu əhval-ruhiyyədə böyüməsi birmənalı olaraq qəbuledilməzdir.
Qısamüddətli müşahidələrim göstərdi ki, nəinki babasını aldanan uşaq, yaşı ondan böyük və kiçik olan bütün məhəllə sakinləri «etibarsızlar»ı həyatlarının mənaları ediblər. Gündə bir neçə dəfə valideynlərindən yalvarışla 10 qəpik istəmələri, hətta evlərinə gələn qonaqlardan etibarsız pullarının artırılmasına kömək istəmələri, dostunun velosipedini sürmək üçün cibindəçki «saxtalar»dan təklif etmələri, ad günlərində ən çox sevdikləri tortu belə bu pullara dəyişmələri artıq bir aludəçilikdir. Bu pis vərdişdən bir neçə ailə əziyyət çəkməyə başlayıb və bunun daha pis sonluqla nəticələnəcəyi şübhə doğurmur. Müşahidə etdiyim başqa bir məqam isə uşaqların «üçlük»dəki kartlara meyl etmələri, binaların bloklarına çəkilərək 4 nəfərlik qrup şəklində oyun, əslində isə yazmaq nə qədər ağır olsa da, «qumar» oynamalarıdır.
Bu mövzuda sorğu-suala tutduğum satıcılardan biri isə bu işlə təkcə yerli sahibkarların deyil, türk şirkətlərinin də məşğul olduğunu, saqqızın içindən üzərinə «örnektir» yazılan türk lirələrinin və avroların çıxdığını, burada isə qəbahət olmadığını bildirir. Üstəlik, mənim narahatçılığımının heç bir səmərə verməyəcəyini hamının eşidəcəyi səslə, özü də kinayə ilə söyləyir. Kiçik bir araşdırma onun sözlərində həqiqət olduğunu aşkarlayır. Haqqında danışdığım saqqız qutusuna baxmaq kifayət edir ki, onun Türk Qida Kodeksi sakkız təbliğinə uyğun olaraq istehsal edildiyini öyrənə biləsən. Şirkətin saytının «Sakız tebliği» bölümündə isə saqqızın təbliği liə bağlı 16 maddə və müvafiq bölümlər var. Burada saqqızın hazırlanması, tərkibi, yayımı və s. ilə bağlı müfəssəl məlumat olsa da, üzərinə «örnekdir» yazılan pullarla bağlı bir cümlə belə yoxdur.
Məlumat üçün deyim ki, Türk Qida Kodeksinin istehsal etdiyi və içərisində türk lirəsi, üstəlik, evronun olduğu saqqızın qutusu narıncı, Azərbaycan manatı çıxan saqqızın qutusu isə yaşıl rəngdədir. Fərqlər sadəcə rəngdə və pullarda olsa da, həm mahiyyəti, həm də istehsal müəssisəsi eynidir. Bir də ki, nə fərq edər, turk lirəsi, evro, yoxsa Azərbaycan manatı…
Məncə bütün bunlar uşaqların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, gələcəyə düzgün istiqamətlənməsinə yönəlmiş səhv hərəkətdir. Bir də ki, saqqız da satmaq olar, pul da qazanmaq. Amma gələcəyimiz olan uşaqların taleyi ilə oynamaq olmaz. Yazılarımın birində qeyd etdiyim kimi, uşağın gələcəkdə kim və necə bir insan olmasının təməli hələ onun ana bətnində olduğu zamandan başlayır. Doğulduğu andan cəmiyyətin bir üzvünə çevrilən uşağın psixikasının yaxşı və ya pis formalaşmasında ətraf aləmin rolu danılmazdır. Hər birimiz, müsbət saydığımız bütün keyfiyyətləri uşağın beyninə, şüuruna yeritməyi gündəlik iş prinsipimiz hesab etməli, onlara pis vərdişləri aşılayan qeyd etdiyim bu cür halların qarşısınını alınması üçünsə səsimizi ucaltmalıyıq…