Birinin evinə qonaq gedəndə həmin evdə bir balaca da olsa, natəmizlik sezən kimi bir çoxları “aləmə car çəkir”. Həmin gecə yazıq telefon bir dəqiqə də olsun “boş qalmır”, günün səhəri söz-söhbətlər, günah qazanmalar, qeybətlər başlayır. Qonşular yığışır; “Filankəs yaman pintidir”, “Qəflətən evinə qonaq getdim, uşaq oyuncaqlarından tərpənməyə yer yox idi”, “ Yarım saat evlərində oturdum, məktəbli qızı əlindən düşən vərəqləri yerdən qaldırmadı” kimi dedi-qoduları “iştaha ilə” edirlər, ta ki yorulana qədər. “Qurbanı” - yazıq ev sahibini qınamaqdan xüsusi zövq alanlar da az deyil...
Amma həmin adamlar şəhərimizin küçələrinə də çıxırlar. Əksər ərazilərimiz isə maşallah, zir-zibil içərisində “gülüstan”a bənzəyir. Nə yazıq ki, heç kim səsini çıxarmır; nə zibili küçəyə atanı qınayan, nə də zibili yerə atanda həya var. Heç bundan danışan da yoxdur! Görəsən, niyə? Yəqin, sərf eləmir. Çünki bu natəmizliyi yaradanların əksəriyyəti də elə başqalarının evlərinin içərisinin “qayğısına qalanlar”, yalnız öz evlərinin təmizliyini düşünənlərdir. Dəfələrlə şahidi olmuşam ki, təmizlikdən dəm vuran insanlar, daha dəqiqi, evlərinin təmizliyinə ciddi əməl edənlər küçə ilə gedən zaman övladlarının zibili yerə atmalarına əhəmiyyət belə vermir, hətta hansısa zibili asanlıqla, utanmadan-qızarmadan özləri belə, yerə atırlar. Atalar “əvvəl məscidin içi, sonra çölü” deyəndə nə olar ki? Evdən kənara da çıxmaq, qapının, həyətin ağzına, şəhərin küçələrinə da qayğı ilə yanaşmaq lazım deyilmi?
Bəzi yaşayış yerlərində, küçələrdə, parklarda və digər istirahət yerlərində zibil qutularının qoyulmaması da bir ayrı problemdir. Halbuki bir neçə ay bundan öncə “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Amma bu qanunun “İ”sini də saymırlar, qalmışdı qanuna əməl edələr... Elə küçələr var ki, zibil qutuları qoyulsa da, həddən artıq yararsız haldadır, içərisindəki zibil isə uzun müddət boşaldılmır. Üfunət qoxusundan həmin yerlərdən keçmək belə olmur. Bu da müvafiq orqanların məsuliyyətsizliyi, digər bir mövzunun söhbətidir.
Əslində isə təmizlik zorla olmamalıdır. Necə deyərlər, bu, insanın ürəyindən gəlməlidir. Axı “Təmizlik imandandır”, “Təmizlik sağlamlıqdır”, “Təmizlik ruhun qidasıdır”, - deyiblər. Məni bədbin düşünməklə suçlamayın. Amma nədənsə inanmağım gəlmir ki, bəziləri üçün bu ibrətamiz sözlər hansısa bir məna kəsb edə.
İnandırım sizi, hər addımbaşı zibil qutuları qoyulsa belə, əksər insanlar buna qısa müddətdə alışa bilməyəcəklər. Şəhərimizin küçələrini təmiz görmək istəyiriksə, təbii ki, əvvəlcə müvafiq orqanlar qanuna əməl etməlidirlər. Amma vətəndaşın özü də biganə olmamalıdır. Qanuna əməl etmədiyi təqdirdə isə cərimə olunmalıdır. Xatırladaq ki, yeni qəbul olunmuş qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat cərimə olunacaqlar. İnanın, “təmizlik işi”nin də içərisinə pul girən zaman hamı qanuna əməl edəcək.
Ətrafı çirkləndirməkdən, məişət tullantılarını hara gəldi atmaqdan, bu zaman yaratdığı eybəcər görüntüdən utanmayan, çəkinməyən birisi qanuna əməl etmək məcburiyyətində qalarsa, cərimə olunarsa, yəni cibindən pul çıxarsa, təmizliyə riayət edər, zibili hara gəldi atmaz. Odur ki, həmin insana: “Əgər ətraf mühitin çirklənməsi nəticəsində yaranan ekoloji problemləri, özünün, yaxınlarının və bütün insanların sağlamlığını düşünmürsənsə, heç olmasa, ödəyəcəyin cəriməni düşün və zibili yerə atma”, - deməkdən başqa çarə qalmır...