Keçmişdən insanların həyat, dünya, insanın ruhani fiziki imkanları barədə təsəvvürləri istənilən səviyyədə olmadığı üçün zaman-zaman yuxu məntiqsizliyinə qapılma baş verib.
Elmi qənaətlərə görə, insan ömrünün üçdən biri yuxuda keçir. Bu gün də adamların yuxunun daha çox xülyəvi təsirləri ilə yaşaması davam etməkdədir. Problem ilk baxışda elə də fəsadlı təəssürat yaratmır. Ancaq sözügedən hadisənin mahiyyətinə varanda istər-istəməz bu vəziyyətin insanların ağlına, ruhuna, gündəlik fəaliyyətlərinə hakim kəsildiyini, adamların günlərlə, hətta aylarla, illərlə hər hansı yuxunun təsirindən qurtulmadıqlarını görmək olur. Adamlar yuxunun təsirinə düşəndə onlarda belə qənaət yaranır ki, hər şey yuxuda gördüyü kimi olacaq, başqa cür demək olar, mümkün deyil.
Minillərdən bəri müxtəlif xalqların yuxunu rəmzləşdirmələri, yuxuda görülən bu və ya digər əşya, hadisə, təbiət obrazı və s.-nin insanın ömründə və ya əzizlərinin həyatında müəyyən bəd və ya xeyir dəyişikliklərə səbəb olacağı inancını yaradıb. Əslində bu, çox hallarda insanların yuxunun mahiyyətini bilməzliyindən, xülyəvi təlqindən, başlıcası isə özünü, daxili təbiətini bilməzlikdən – ruhsuzluqdan yaradır. İnsan hadisənin səbəbini bilməyəndə uydurur.
Mahiyyətcə hər şey insandan asılıdır, ancaq təkcə doğulmağımız, ölməyimiz bizdən asılı deyil. Bədənlə ruhun təzadı var, bu insan ömründə həmişə ağrılı məqamlar yaradır. Ülvi, nəcib duyğularla yaşayan insan üçün beş ömür də azdır. İnsan anlayır ki, müəyyən bir dövrdən sonra ömrü sona çatacaq; bilir ki, bədən ölümlüdür, qəfil onu yarı yolda qoyacaq. Bu səbəbdən o, tələsməli olur. Arzular da bitib-tükənmək bilmir. İnsanın bir istəyi həyata keçəndə o an başqası qönçələnir. Bədən isə çox zaman bu gərginliklərə dözə bilmir. Ancaq insan bədənin tələbinə, qaydalarına əməl etməyə borcludur. İnsan bədəndən üstün olmağı, onu idarə etməyi bacarmalıdır.
Bədən ahəngi pozulan zaman çox hallarda adamlarda ümidsizlik yaranır. Bu isə insanın bədənini tam mənasıyla nəzarətdə saxlaya bilməməsindən baş verir. İnsanın ruhu tam mənasıyla ifadə olunmaq istəyir.
Yuxu çox zaman insanlarda zahiri ümid yaradır. Yəni gerçək həyatda uzun müddət istədiyinə yetə bilməyənlər xülyaya qapılırlar. Yuxuda haradasa «əlçatanlıq» var, yalançı özünütəskinliyin ümid kimi təqdimi var. İnsan idrakı məntiqiliyi sevir. İnsan gördüyünü ağlına vurur, mühakimə edir. İdrak işilə məşğul olmayan adam belə öz yuxusunu təhlil etsə, o zaman onun məntiqsizliyini görər.
Adamların çoxu təəssüf ki, yuxu xofuna, yalançı məntiqinə çox inanır. Uzun müddət xüsusilə qorxulu yuxunun təsirilə yaşamaqda adamlar əsas tapırlar. Əgər filan yuxu görülübsə, deməli, o, mütləq həyatda gerçəkləşəcək. Əgər təsadüfən yuxudakılara yaxın gerçəklik baş verirsə, o zaman adamlardakı xof, həyəcan daha da artır, ümidsizlik yaranır. Zəif ağıl ayıq vaxtı daha çox uydurmağa başlayır.
Sırf elmi məntiqlə yanaşsaq, bu qənaətə gələ bilərik ki, yuxuda ağıl adlanan «nəzarətçi» olmur. İnsan yatan zaman ayıq vaxtı nəzarətdə qalan duyğular istədiklərini edirlər. Xəyal idrakiliklə bağlı olan məsələdir. Ancaq yuxudakı məntiqsizlik istər-istəməz xülyaçılıq yaradır. Ümumiləşdirsək, insan yuxuda xəyalla rastlaşdığı dərəcədə də xülya ilə qarşılaşır.
Adam yuxuda sərbəst olur. Yuxu «təxəyyülün sərgüzəştləri» (Asif Ata) kimi xarakterizə edilə bilər. Heç də təsadüfi deyil ki, psixologiyada yuxuya «qeyri-adi hadisə» deyilir. Yuxuda zaman, məkan məntiqi pozulur, duyğuların «bir-birilə bitib-tükənməyən görüşləri» idarəedilməzlik burulğanında qalan insanın seyretməsini yaradır; insan hadisələrin içərisindədir: nəsə, pis bir iş törədir, hətta qeyri-şüuri murdarlıq edir. Yuxuda hərdən ona elə gəlir ki, bax, bu, cəfəng meyllər, istəklərdir. Elə yuxudaca adam bəzən «məndən çıxmayan iş» deyir. Oyanır, yuxuda gördüklərini mühakimə edə bilmir, çünki yuxuda məntiqilik pozulur. Ona görə də “İnsan yatanda bir başqa olur, duranda tamam başqa” (Asif Ata).
Anatomiya və fiziologiyanın inkişafı, elmi səviyyədə tutarlı dəlillər də bəşərin yuxu ilə bağlı fantaziyalarına son qoya bilmədi. Nə qədər qəribə səslənsə də, insan yuxularının xülyəviliyini özü üçün aça, «mən kiməm?» sualına cavab tapa bilər. Bəzən yuxuda olanlara yaxın bir şey baş verir, adamları bu hal çaşdırır. Yuxuda intuisiyanın iştirak etdiyi danılmazdır. Ancaq burada idrakilik iştirak etmədiyi üçün anlaşılmazlıqlar çox olur. Gündəlik həyatımızda daim bir-birinə oxşar hadisələr baş verir. Yuxuda bu sayaq hadisələr daha çox fantaziyalarla dolu şəkildə ifadə edilir. Ümumiyyətlə, yuxugörmələri bir aqibət kimi qəbul etmək, hissə qapılmaq olmaz.
“Yuxunu idarə etmək mümkün deyil, o zaman yuxu «ölərdi» (Asif Ata)”. Yuxuda bir nağılvarilik də var. İnsana “yuxu öncəgörmələri” təsir etməməlidir. Şübhəsiz ki, yuxunun «dəcəlliyini» də əlindən almaq olmaz. Hər halda mənalı ömür yaşayan insan üçün hər şeydən qabaq yuxu gözəl, gərəkli bir istirahətdir.