Cəmiyyətin inkişafına və yaxud cəmiyyətdə mənəvi böhranın yaranmasına təsir göstərən səbəblər çoxdur. Bunlardan yalnız iki vacibi olan təhsil və media sahəsinə diqqət yetirmək istərdim. Təbii ki, təhsil də, media da cəmiyyətin tərkib hissəsi olaraq diqqətdən kənarda qalmır. Bu sahələrdə hər hansı çatışmazlıq olanda cəmiyyətdə daha tez biruzə verir.
Bu danılmaz faktdır ki, çap mətbuatında fərqli olaraq telekanallar və internet mediası cəmiyyətdə aqresiv əhvalın yaranmasına daha ciddi təsir göstərmək gücündədir.
Telekanallardakı bəzi narahatedici məqamlara diqqət yetirmək istərdim. Çağrılmayan qonaq sayılan tv-lərin ictimai şüura təsir imkanları və bütün mənalarda böyük bir nəslin dünya görüşündə oynadığı rolu da inkar etmək olmaz. Elə ola bilər ki, cahil bir şou aparıcısının proqramı və yaxud kanallarda nümayiş olunan cizgi filmləri böyük bir nəslə zərbə vursun.
Bu gün cəmiyyətin sıravi nümayəndəsi kimi, valideyn kimi baxıb görürük ki, tv-lərdə nümayiş olunan cizgi filmləri azyaşlı uşaqların psixologiyasına çox mənfi təsir edir. Bu o anlama gəlməməlidir ki, bütün cizgi filmləri pisdir və dərhal yığışdırılmalıdır. Həmin filmlərin istehsalı və nümayişi ilə məşğul olan şəxslər bəzi məqamları nəzərə almalıdır.
Müşahidələr göstərir ki, Azərbaycan televiziyalarında nümayiş olunan zorakı səhnələrlə bol olan cizgi filmləri uşaqlarda aqresivliyin dərinləşməsinə gətirib çıxarır. Bu filmləri seyr edən həmin azyaşlılar gələcəkdə potensial təhlükələrə meylli insana çevrilə bilər. Belə problem Rusiyada da yaşandığına görə, həmin ölkənin telekanallarında bir neçə ay öncə bəzi cizgi filmləri qadağan edildi. Təbii ki, bu gün cəmiyyətdəki aqresivləşməyə təsir göstərən səbəblər çoxdur. Aqresivliyi ilə seçilən cizgi film məsələsi bunlardan biridir.
Hal-hazırda Azərbaycanın telekanalarında nümayiş olunan reklamların 50 faizdən çoxunu tibb reklamları təşkil edir. Telekanalların xərclərinin yüksək olduğunu və teleticarət işinin heçdə asan olmadığını başa düşmək olar. Ona görə də tv rəhbərliyi nə oldu reklam adı ilə yayımına şərait yaradır. Ancaq bir reklam mədəniyyəti, reklam məsuliyyəti var. Gecə -gündüz yalnız tibb reklamlarının nümayişi heçdə xoşagələn hal deyil.
Bəs, niyə görə sosial xarakterli maarifləndirici reklamlar yaddan çıxıb? Hansı səbəbdən cəmiyyət üçün zəruri olan sosial reklam çarxlarına, Qarabağla və ümumilikdə, vətənpərvərliyi təbliğ edən küçə və tv reklamlarına rast gəlinmir? Reklam mədəniyyəti və mədəniyyətsizliyi əslində geniş problem olaraq ayrıca bir söhbətin mövzusudur.
Hüquqi məsuliyyətin tam formalaşmadığı internet məkanında da eyni təhlükəli tendensiyalar davam etməkdədir. Düzdür bəzi insanlar interneti ciddi media sahəsi olaraq qəbul etmir. Ancaq heç bir sərhəd tanımayan internet partlamayan minalardır. Bir çox hallarda valideynin internet haqqımda məlumatsızlığı, öz övladına nəzarətsizliyi azyaşlı uşaqların internetdə arzuolunmaz saytlara daxil olmasına və saatlarla burada vaxt itirməsinə səbəb olur. İnternet şəbəkəsindən alınan informasiyalar və ümumilikdə informasiya bolluğu müəyyən çaşqınlıq yaradır.
Təbii ki, bütün bu məqamlar heç kimə özünü intihar etməyə və yaxud depressiyaya düşməyə haqq qazandırmır. Görünür bu və digər səbəblərdən bu gün Azərbaycan cəmiyyətində, xüsusilə, gənclər və azyaşlılar arasında aqresivləşmə xeyli artıb. Burada tv-lərdəki cizgi filmləri də, digər zorakı səhnələrlə müşahidə olunan teletəsvirlərdə, müəyyən mənada internetin də və s. rolu var. Rəqəmlərə nəzər salsaq görərik ki, bütün bunların nəticəsi olaraq intiharlar çoxalıb.
Təbii ki, özünəqəsd böyük prosesin son nəticəsidir. Bu nəticəni yaradan səbəbləri araşdırmaq lazımdır. Bu, müəyyən deyingən insanların növbətçi giley-guzarı deyil. Bütün bunlar təəssüf ki, sərt reallıqdır. Müşahidələr göstərir ki, qloballaşan dünyada insan resursları qorunub idarə olunmursa, cəmiyyət qəddarlaşır, qanunların icra mexanizmlərinin tapılması qəlizləşir. Əgər cəmiyyətdə gərginlik yaranırsa, bu, insanın vücudundan daha çox, onun ruhunu yorğun edir. Ruhu yorğunluğun əsas bir səbəbi də depressiyadır.
Müasir cəmiyyətlərdə aqressivləşmə bir çox amillərlə bağlıdır. Stress, qıcıqlandırıcı və zorakı cizgi filmləri, bəzən isə elmi-texniki tərəqqinin, xüsusilə, internetin sürətli inkişafı, digər sosial problemlər, sosial ədalətsizlik əsəbi atmosferin yaranmasına təsir göstərir. Əslində bütün proseslər cəmiyyətdən kənarda baş vermir.
Cəmiyyətdə saflaşmaya nail olmaq üçün bəs, nə etmək lazımdır? Bəlkə mənəvi ekologiyanı bərpa etmək, normal münasibətləri yaratmaq üçün təhsildən və peşəkar maarifləndirmədən başlamaq lazımdır. Əslində cəmiyyətin anlaqsız duruma düşməsi və yaxud inkişafı yaxşı təhsillə bağlıdır.
Bir sözlə, yaşından, ailə tərbiyəsindən, sosial statusundan asılı olmayaraq hər hansı bir şəxs üçün təhsil vacib faktordur. İstər ali, istər örta məktəb təhsilində buraxılan hər hansı səhvlər cəmiyyətdə çılpaqlığı ilə özünü göstərir.
Digər tərəfdən Azərbaycanda yaxşı təhsillə bərabər insan vücudunun və ruhunun təmizlənməsində islam sivilizasiyasına ehtiyac hiss olunur..