(Qəşəm Nəcəfzadəyə müraciətlə)
Desəm ki, hər şey var və hər şey yaxşıdır, yaxşı olmaz! Desəm ki, heç nə yoxdur və ya hər şey pisdir, yenə də yaxşı olmaz! Bəs mən nə deyim? Ancaq nəsə demək lazımdır, deməsəm, heç yaxşı olmaz!
Ənənəvi fikir kimi qəbul edilsə də bu reallıqdır ki, Gəncə dəyişir, gözəlləşir, abadlaşır, quruculuq işləri davam etdirilir və s. Bir məsələni də qeyd edim ki, Gəncə bütün zamanlarda gözəl olub. Bu şəhər feodal müharibələrində də gözəl idi, işğal olunanda da. Yandırılanda da gözəl idi, viran qalanda da. Adı dəyişdiriləndə də. Həsən Həsənov Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi olanda da gözəl idi, Elmar Vəliyev icra başçısı olanda da.
Bəlkə də hörmətli şairimiz Qəşəm Nəcəfzadə bu fikirlərlə razılaşmayacaq və dərhal deyəcək ki, «bu sözləri mən 1981-ci ildən eşidirəm. Onda Həsən Həsənov Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi idi, şəhərdə yenidənqurma işləri aparırdı, burada əsas rolu qırmızı kərpiclər oynayırdı. Şəhər qırmızı kərpiclərdən yenidən tikilirdi. Onda da mətbuat yazirdi ki, Nizami yurdu öz əvvəlki simasına qayıdır. Düzü, o vaxtdan Həsən Həsənovdan tutmuş Elmar Vəliyevə qədər - 33 ildir ki, - bu, bir qərinə eləyir - Gəncə hələ də öz simasını tapa bilmir ki, bilmir. Görəsən, Gəncənin əsl siması nədir və necə olur? Bu axtarışın sonu nə vaxt qurtaracaq?».
Qəşəm müəllim, əmin ola bilərsiniz ki, Gəncə öz ruhunu heç vaxt itirməyən şəhərlərimizdəndir. Gəncə qədim, tarixi ruhunu gözlənilməklə müasirləşir, yeniləşir, modernləşir və s. Doğrusu, mənə elə gəlir ki, Gəncə zahiri görkəminə görə daha çox Yevlax rayonunu yada salır. Obrazlı dillə desək, Yevlax elə bil Gəncənin şəklidir. Yolların və onun kənarındakı binaların müasirləşdirilməsi, dam örtüklərinin dəyişdirliməsi, ağacların əkilməsi, şəhərin planına uyğun olmayan böyük və kiçik obyektlərin yığışdırılması və s. kimi görülən bütün işlər Gəncə ilə yanaşı Yevlax rayonunda da aparılır. Və bu işlər hər iki şəhərimizin heç şübhəsiz ki, xeyrinədi. Ürəkaçıcıdı. Sevindiricidi. Gəncədə görülən işlər şəhər əhalisinin böyük qisminin ürəyincədi. Ancaq təəssüf ki, bu fikirləri qanunsuz tikililəri, şəhərin görünüşünə ciddi ziyan vuran obyektləri yığışdırılan insanların dili ilə demək çox çətindir. Onların çoxu adi məişət qayğıları ilə yaşayan insanlar olduğu üçün, Gəncənin görünüşü, gözəlliyindən daha çox gündəlik çörək pulları maraqlandırır. Bu insanlar «Qarnım ac olandan sonra o gözəlliyi neyləyirəm?!», - deyirlər. «Allah Elmar müəllimin canına sağlıq versin», deyənlər isə, orada olduğum 2 günlük müşahidələrimə əsasən deyə bilərəm ki, daha çoxdur. Baxmayaraq ki, şəhərdə bir sıra çatışmazlıqlar hələ də qalır, həll olunmamış məsələlər çoxdur. Və təbii ki, bu problemlərin başında işsizlik dayanır. Onlar isə deyirlər ki, «şəhər əldən gedirdi, qaraçı yuvasına oxşayırdı. Yavaş-yavaş hər şey yoluna düşəcək. Moskva birdən qurulmayıb ki?!».
Doğrudan da qurulan söküləndən, razılar narazılardan, sevinənlər sevinməyənlərdən daha çoxdur. Kanalizasiya və su borularının yenilənməsi, şəhərin görünüşünə ciddi ziyan vuran elektrik və qaz xətlərinin dəyişdirilərək yerin altından çəkilməsi, mərkəzi yolların bərpası (deyilənə görə yaxın vaxtlarda bütün yollar yenidən qurulacaq!), avtovağzalın şəhərdən kənara çıxarılması, «kolxoz» bazarının köçürülməsi üçün yeni ərazidə tikinti-quruculuq işlərinə başlanılması, hər gün yüzlərlə ziyarətçini qəbul edən İmamzadənin abadlaşdırılması, şəhərin Bağmanlar qəsəbəsində olan köhnə və kənarında olan təzə Səvisgar qəbiristanlığında görülən işləri görməmək üçün gərək özünü görməzliyə vurasan. Bu duruma şahidlik etmək, doğrusu, çox gözəldi. Ən gözəli isə təzə Səvisgar qəbiristanlığında ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin qəbirlərinin yenidən götürülməsi və xatirələrinin ədəbiləşdirilməsi üçün inşası başa çatmaqda olan abidə kompleksidir. Axı şəhidlər bizim torpağa basdırılmış ehtiyat qüvvələrimizdir, əziz oxucu! Nə qədər torpaq altında yatan varsa torpaq bir o qədər bizimkidir. Bunun görə şəhər rəhbərliyinə, icra başçısı Elmar Vəliyevə həqiqətən də böyük təşəkkür düşür. Bu şəhid ailələri üçün çox böyük təsəllidir.
Qəşəm müəllim bəlkə mənimlə razılaşmayacaq və deyəcək ki, görülən bütün işlər təkcə sökməyə və tikməyə, divarları ağartmağa, qızartmağa, yeniləməyə deyil, həm də rayonun sosial vəziyyətinin yaxşılaşmasına yönəlməlidir. Burda səsimin tonunu bir az aşağı salıram və üzümü hörmətli şairimizə tutub deyirəm: Bilirəm, siz düşünürsünüz ki, insan hər şeydən qiymətlidir. Hər şey insana xidmət etməlidir. Ancaq gəlin, ümid edək ki, quruculuq, abadlıq işləri tamamlandıqdan sonra işsizlik problemi də aradan qaldırılacaq və şəhər əhalisinin yaşayış şəraitinin düzəlməsinə xidmət edən Kərpic, Alüminium kimi zavodların sayları çoxalacaq. Növbəti Gəncə səfərində icra başçısına böyük ümidlər bəsləyən insanların bu arzularının da çin olduğunun şahidi olacağıq...