...İşdən evə dönəndə qonşuluqda kirayədə yaşayan gəlini gördüm. Əsəbi idi. Əhvalını soruşmağıma bəndiymiş. Başladı danışmağa: “İtin günü mənim günümdən yaxşıdı. Bir balaca otağa dörd nəfər güclə sığışmışıq. Ərimin canı çıxır fəhləlikdə, iki uşağın qarnını doydura bilmirik. Kənd xarabadan da ərimin qırılmışlarının biri gəlir, biri gedir. İndi də qaynımın yetimi bizdədi. Bu gəldisə, heç getməz...”. Hazırlaşırdım deyəm ki, xətrinə dəymə yetimin, Allaha xoş getməz. Qonşum ağzımı açmağa imkan vermədi: “Dədəsi, anası öz keflərindədi, yetimin əlində biz qalmışıq. İl yarım idi canımız dincəlmişdi...”. Qonşumun əsəbi halda danışdıqlarından mənə bəlli oldu ki, qaynı oğlu bir neçə gündür əsgərliyini başa vurub. Amma qayıtdığına sevinən yoxdur. Atası o, hələ uşaq ikən içkiyə qurşanıb. Anası isə üç övladının ən kiçiyini, südəmər qızını götürüb atası evinə dönüb. Orada da qardaşı arvadları ilə yola getməyib, “özüm işləyib dolanaram”, deyərək acıq eləyib evdən çıxıb. Rayondan Bakıya üz tutub. Şəhərin qəsəbələrindən birində ev kirayələyib qızı ilə yaşayır. Dolanır... Amma nə işlə məşğul olduğu, qazanc yeri barədə hərə bir söz danışır.
Ata-ananın sahib çıxmadıqları iki oğul qalıb ortalıqda. Kiçiyi o vaxtdan böyük dayısının evinə pənah aparsa da, əslində səyyar həyat keçirir. Ata babası, əmiləri, bibiləri, dayıları, xalaları... Gah bunun, gah onun evində daldalanır. Hərdən anasının da yanına gedir. Ancaq anası orda çox qalmasına icazə vermir.
Uşaqların içərisində ən çox əziyyət çəkən böyük oğul olub. Çünki valideynləri ayrılan zaman az-çox ağlıkəsəcək yaşda imiş. Atasının evə içkili gəlməsinin, anasını döyməsinin, onların aralarındakı söyüşün, dava-dalaşın, ailələrinin param-parça olmasının qəhrini çəkib. Ata babasıgildə yaşayıb. Nənəsindən, bibilərində anası barədə tez-tez nalayiq sözlər eşidib. Onu dünyaya gətirən qadından ömürlük qəlbi sınıb. Atasına görə də həmişə utanıb. Atası Rusiyada yaşayan əmisinin yanına çalışmağa gedəndə sevinib. Amma onun orda qohumlarının evində yaşayıb, onların hesabına qazandığı pulu arağa verdiyini eşidəndə yenə sarsılıb.
Sanki hər şeyin günahkarı o idi. Valideynlərinin xəcalətini çəkirdi. Üstəlik babası da içki düşkünü idi. Sərxoş olanda onu qaralayırdı: “Sənə verməyə çörəyim yoxdu”, deyirdi: “Get biqeyrət dədənlə, q.... anan saxlasın səni...”. Ata nənəsi belə vaxtlarda onu qorumağa qorxurdu. Çünki hər dəfə buna görə də döyülürdü...
Həyat hekayəsindən təsirləndiyim oğlanın özünü də ilk dəfə o gün gördüm. Orta boylu, qarayanız, cılız idi. Baxışlarından hürkəklik yağırdı.
Amma qonşumun qorxduğu hadisə baş vermədi. Oğlan əmisinin yanında yaşamağın mümkünsüzlüyünü anlayıb kəndə qayıtdı.
Altı ay keçməmiş qonşumgil kəndə toya getdilər. Həmin oğlanın toyu idi. Qonşu kənddə günəmuzd işlədiyi evə qonaq gəlmiş, 17 yaşını hələ tamam eləməmiş bir qıza aşiq olub. Qız da onu sevib. Bir həftə çalışdığı evdən zəhmətinin haqqını alıb çıxıb. Əvvəlcədən danışıb razılaşdığı, küçə qapısında yolunu gözləyən qızı da götürüb bibisigilə yollanıb. Qohumları bu hərəkətinə görə az qalıblar onu öldürsünlər. Axırda “eldən ayıbdır” deyib, toy eləmək məcburiyyətində qalıblar.
...Bir müddət sonra qonşumu üzgün gördüm. Xəstəxanadan gəlirdi. “Qaynımın oğlunun vəziyyəti ağırdı”, dedi: “Həkimlər dedilər, əlac yoxdur, aparın”. Qonşum köksünü ötürdü. Ağır-ağır dilləndi: “Toyu olan heç üç ay deyil...”.
Səhəri gün yığışıb kəndə getdilər. Bir də 26 gündən sonra geri döndülər. Yaslı idilər. Səhəri gün onlara başsağlığı verməyə getdim. Qadın evdə tək idi. Əri işdə, oğlanları məktəbdəydilər. Qonşum yemək hazırlayırdı. İşini buraxıb mənimlə söhbətə başladı. Qaynı oğlunun ölümü ona ağır təsir eləmişdi. “Nə iş görürəm, hara gedirəmsə, elə bilirəm mənə baxır”, dedi: Əlindəki dəsmalla gözlərini qurulayıb söhbətinə davam etdi: “Onun dərdi məni ölənədək yandıracaq. Ölüm Allah işidir. Nə qədər yaşayacağımızı da O bilir. Məni yandıran başqa şeylərdi...”.
Gəncin bildiyim hekayəsini yenə danışdı mənə. Və bu da sonu... Həkimlər “gec gətirmisiz”, deyiblər. Adi soyuqdəymədən başlayan mərəz oğlanı ölümün pəncəsinədək aparıbmış. Son günlərində nənəsinə deyirmiş: “Yadındadı, uşaq olanda məni evdən qaçırırdın ki, babam döyməsin: “Get tövlədə axurun içində yat”, deyirdin. Onda axurun içərisi çox soyuq olurdu. Sabaha qədər üşüyürdüm. Məni o vaxtlar soyuq aldı...”.
Xəstə aramsız olaraq, su içirmiş. Həkimin verdiyi dərmanların sayəsində son günlərini yaşayan bədbəxt gənc rahat ayaqyoluna gedə bilirmiş. Amma evə qayıdan kimi nənəsi deyib ki, həkimlər heç nə bilmirlər, mənim balamın dərdi falçılıqdı. Harda falçı, baxıcı, görücü adı eşidiblərsə, ora yollanıblar. Əməllərindən peşman olmuş baba bu işdə çox çanfəşanlıq eləyib. Nəvəsinə ömrü boyu xərcləmədiyi qədər pul xərcləyib falçılara. Uzaq rayonların birindən sorağını eşidib getdikləri falçı deyib: “Sizin uşağa nəzər dəyib. Xəstənizi sağaldaram, amma bütün iynə-dərmanı dayandırmalısız, yoxsa mənim dualarımın düşəri olmaz. Çünki o iynə-dərmanlar xəstənin bədənini murdarlayır”.
Xəstənin ömrünün son günlərini işgəncəyə çeviriblər. İçdiyi su bədənindən xaric olmadığından xəstə böyrəkləri bütün bədənini şişirdib. Nənəsi sevinirmiş ki, iynələrlə murdarlamadıqlarından nəvəsi kökəlir.
Gənc bağıra-bağıra, “məni ölməyə qoymayın” deyə-deyə, yalvara-yalvara ölüb. Vəsiyyətini canla-başla yerinə yetiriblər. Anasını yas mərasimindən qovublar. Oğlunun xəstəliyini eşidib 20 gün öncə kəndə qayıdan atası isə onun yeddisində sərxoş olanadək içib. Ağlaya-ağlaya deyib: “İçməyim, neyləyim? Bu dərd ürəyimi partladacaq..”. Bacıları onun boynuna sarılıb: “Can, ay qardaş, dağ boyda oğlun getdi...”, deyib şivən qoparıblar...
Bircə əmanəti var idi bu dünyada: “Məndən sonra arvadımı qoymayın getsin”, demişdi. Yaşı düşmədiyindən nigahı rəsmiləşidirilməmiş gəlinin valideynləri ilk dəfə yeni qohumlarıgilə kürəkənlərinin yeddisinə gəliblər. O gün məclis dağılanda nənə gəlini ata-anasına verib: “Daha burda niyə qalsın?”, deyib: “Aparın qızınızı”. Nənə ağlaya-ağlaya gedən gəlinin dalınca dodaqaltı deyinib: “Ayağın düşmədi mənim ocağıma. Uğursuz... Balamın başını yedin”...