12 ildir ABŞ-ın Vaşinqton şəhərində yaşayır. Memarlıq, inşaat və layihələndirmə şirkəti yaradıb. Hazırda rəhbərlik etdiyi müəssisədə 30 nəfərə yaxın insan çalışır. Özünün dedyinə görə, şəhərdə smeta dəyəri üç-dörd milyon dollardan artıq olan evləri onun rəhbərlik etdiyi şirkət layihələndirməklə yanaşı, tikintisini həyata keçirir. Doğulduğu torpağı, yurd yerini unutmur. Bacardığı qədər ölkəmizi tanıtmağa çalışır.
25 ildən çox xarici ölkələrdə yaşamasına baxmayaraq ana dilində səlist danışır. Həmsöhbətim Ağdamda Əli Bayramov küçəsi 20-də doğulub boya-başa çatıb. Orta məktəbi Knyaz müəllimin məktəbində-altı nömrəlidə oxuyub. Oxuduğu səkkizillik məktəb olsada sonralar, orta məktəbə çevrildi. Ata tərəfinin əsli Hindarx kəndindən, ana tərəfinin əsli isə Quzanlı kəndindəndir. Babası Məşədi Kərimin Hindarxın mərkəzində, məscidə yaxın olan yol qırağında böyük mağazası var idi. Kərim kişi 1937-ci il represiya qurbanı olub…
Söhbət hazırda yaradıcı fəaliyyətini Mayamidə davam etdirən ağdamlı memar-rəssam Yavər Rzayevdən gedir. Atası Abbas Rzayev Ağdam Kənd Təsərrüfatı texnikumununu bitirdikdən sonra bir müddət Ağcabədidə, Beyləqanda və İmişlidə çalışmış, amma yurd yeri kimi ötən əsrin 60-cı ilindən Ağdamı özünə daha yaxın bilmişdi. Əsas səbəb isə Ağdamın iqliminin münasibliyi və uşaqların dərs oxuması üçün şəhərdə müəyyən şəraitin olması idi. O vaxtlar yay aylarında Şuşadan gələn hava axını şəhəri sərinləşdirdiyindən heç kimə kondinsioner lazım olmurdu. Abbas kişi harada işləməsindən asılı olmayaraq ailəsini Ağdamdan kənara çıxarmamışdı…
Anasının adı Ruzə osa da, pasportunda Roza yazıldığını deyir...
Məktəbə getməyi də maraqlı olub Yavərin. Bacısı bir nömrəlidə oxusa da, Yavəri bir nömrəliyə götürməyiblər. Xeyli söz-söhbətdən sonra yaşadıqları ərazi bölgüdə altı nömrəlinin ərazisinə düşdüyündən bu məktəbdə oxumaq qərarı verildi. Məktəb 1975-ci ildə S.S.Axundov küçəsindən, Ağdam bazarının yanından, uşaq xəstəxanasının yanında yeni məktəb binasına köçürüldü. O vaxtlar yüksək səviyyəli məktəb binası inşa edilmişdi. Məktəb evlərindən uzağa köçsədə Yavər məktəbi dəyişmək barədə düşünmədi və həmişə, hətta xəstələnəndə belə dərslərinə vaxtında çatar, ləngiməzdi.
Ağdamda evlərinin və qonşularının darvazalarının rəngini belə unutmayan Yavər Rzayevlə doğulduğu şəhər haqqında danışırıq…
“Hər şey inkişafa doğru gedirdi. Şəhərdə həmişə sağlam rəqabət olub. Əvvəlcə çəpər koldan idisə, sonralar qarğıdan çitək düzəldilərdi. 60-cı illərin sonlarından isə barılar ağ daşdan hörülməyə başlanıldı. Amma həmin illərdə pud daşdan olan barılarda az deyildi. Bir müddətdən sonra şəhərdə bütün hörgü işlərində yalnız standart ağ daşdan istifadə edilməyə başlanıldı. Həm evlər, həmdə barılar bu daşla hörülürdü. 80-ci illərdə hörgü elə aparılırdı ki, daşlar arası məsafə belə hiss edilmirdi…
Maraqlısı o idi ki, o dövrdə darvazalara hamı toxunulmaz bir yer kimi baxırdı. Hamı ildə bir dəfə darvazalarını rəngləyər, köhnə hesab etdikdə isə ümumiyyətlə darvazaları dəyişdirərdilər. Beş-on ildən bir darvaza dəyişmək sanki adətə çevrilmişdi.
Darvaza müasir olmalı, “dövrünün tələblərinə” cavab verməli idi. Darvazanın yuxarısında isə alüminiumdan tökmə bəzək naxışlarına indi rast gəlməzsən. Keçmiş sovetin vurhavur vaxtında, darvaza dəmirinin çətin tapıldığı bir vaxtda, dəmirçilərdə mal-material əlindən tərpənmək olmurdu. Hər il bazardakı dəmirçiləri ilin dəbi olacaq darvazanı hazırlayar və satışına başlayardılar. Burda da bir qanunauyğunluq vardı…
Həmsöhbətim deyir ki, 28 Aprel küçəsini perpendikulyar kəsərək başlanan Əli Bayramov küçəsi düz Novruzlu aeroportunadək uzanırdı…
Küçənin maraqlı sakinləri çox idi. Üzbəüz qonşumuz İbiş kişigilin evi idi. Ona şəhərdə “kirşan” İbiş deyərdilər. Rəhmətlik İbiş kişi daim kraxmallı paltar geyinərdi. Əyninə geydiyi paltarlar sanki fabrikdən yenicə götürülmüşdü. Oğlanları Yusif və Rasim taksi sürücüsü idilər. Xalçasatan Əligil İbiş kişigilnən qonşu idilər. Onunda Mobil və Qabil adında iki oğlu var idi. Bizdən saga Məhəmməd kişi və yoldaşı Məlahət müəllimə, sonra isə Şamil Ağayevgil gəlirdi. Şamil Ağayev uzun müddət “Lenin yolu” qəzetində şöbə müdiri vəzifəsində çalışmışdı. Onun Bəhruz, Eldar, Adil və Sarvan adında iki oğlu var idi. Qərənfil xala gildən sonra Həmid müəllim, diş həkimi Elmangil gəlirdi. Səmayə xalagil, Hadı kişigilin evləridə bizim küçədə idi. Onlar ticarətlə məşğul olurdu. Bazarda hər ikisinin mağazası var idi. Tum satan Tamaşa xalagildə bizim küçədə yaşayırdı. Onun həyəti geniş olduğundan tez-tez həyətdə kino göstərərdilər. Hərə əlinə bir stul götürüb gələrdi Tamaşa xala gilə. Yayda demək olar ki, hər həftə kino verərdilər. Biletin qiyməti isə 20-40 qəpik arası dəyişirdi. Oğlu həmyaşıdlarına bariya çıxmaqda kömək edər, sinif yoldaşlarına pulsuz kinoya baxmağa şərait yaradardı…
Nümayiş olunan filmlərin əksəriyyəti Hindistan istehsalı idi. Kinoya baxdıqca tum çırtlamaq artıq adətə çevrilmişdi. Tamaşa xalanın xeyri də məhz tum satmaqda olurdu. Kinonun şirin yerində sanki həyat dayanırdı. Hamı elə bil kinonun içində özünü hiss edirdi. Ya kimsə göz yaşlarını tökər, kiməsə qarğıyar, “boy əlin qurusun” deyənlər də olurdu. İntizarla kinonun nə ilə qurtaracağını gözləyənlərdə az deyildi. Belə gərgin məqamda kino lentinin qırılması və ya işığın keçməsi az qala faciə kimi qiymətləndirilirdi. Əsas məsələ isə kino sona çatdıqdan sonra başlayardı. Kino qəhrəmanlarını yamsılayanlar səhərə qədər dava edər, bir birlərinə özünün gücünü göstərərdilər. Maraqlısı o idi ki, saat yeddidə başlayacaq kinoya qadınlar saat beşdən gələr, kinoqabağı dərdləşər, həm də “aləmi bir birinə qatardı”lar. Elə bil kino bütün qonşuları daha da birləşdirdirirdi. Mehribançılıq yaradırdı…
Altı nömrəli məktəb yeni binaya köçdükdən sonra bizim sinif otagı ikinci mərtəbədə oldu. Sinif otağından baxanda Şahbulaq qalası aydın şəkildə görsənirdi. Yaz aylarında, xüsusən may ayında buraların ayrı abu-havası var idi. Şahbulaq aprel və iyun aylarında haldan-hala düşürdü. Gah lalələr, gah da digər çiçəklərin qoxusu və rəngi adamı heyran edirdi.
Əhd etmişəm ki, Ağdama qayıdanda, buna mənim heş şübhəm yoxdu, ilk olaraq Şahbulağa çıxıb ətrafı seyr edəcək, sonra isə evimizin bünövrəsini də olsa tapıb əvvəlki görkəmində bərpa edəcəyəm…
Həyətdə futbol, voleybol oynamağım heç vaxt yadımdan çıxmır. Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olanadək küçəmizdə xokkey, futbol voleybol oynayardıq…
Tələbəlik illərim maraqlı keçib. İnstitutun ikinci kursunda oxuyanda məni o zamankı Çexoslovakiyaya oxumağa göndərdilər. Orda isə meksikalı bir xanımla tanış oldum və ailə həyatı qurdum. Hər ikimizin ixtisası layihələndirmə işi ilə bağlı idi…
Beləcə, iyirmi beş ilə yaxındır ki, əvvəlcə Meksikada, sonra isə ABŞ-da yaşayıram. Bu gün əsas arzum ağdamlılar üçün mənzillər layihələndirməkdir. İndidən artıq bəzi addımlarıda atmışam…”.
…Ağdamın virtual gəzintisi davam edir. Bu dəfə Əli Bayramov küçəsini Yavər Rzayevlə gəzəsi olduq. Bir çox maraqlı məqamlara toxunduq. Xəyali gəzintimizin reallaşacağı günü isə tək biz yox, bütün Azərbaycan səbrsizliklə gözləyir…