Xocalı soyqırımından kimsə sağ çıxmadı. Orada bütün xocalılar güllələndi, bütün xocalılar qanına qəltan edildi.
O dəhşətli gündə şəhid olanların sayını rəqəmlə göstərmək doğru deyil. Ermənilər və ruslar 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə bütün xocalıları güllələdilər.
Ola bilər ki, o zaman cismən sağ qalanlar oldu. Onların isə bir ömürlük dünyaları güllələndi, yaşayacaqları həyat məşəqqətə çevrildi..
O dəhşətli gecədə hər iki valideyinini itimiş 25 uşağın (indi onların kiçiyinin 21 yaşı var-red) acı xatirələrini eşitmək dediklərimizin sübutudur.
“...Gördüm ki, bibimin qaynı gəldi və yaralı atamı yerdən qaldırmaq istədi. Atam isə dedi ki, tərpənə bilmir. O məni Ramilə bibimin (bibi deyərkən, əmisinin yoldaşı nəzərdə tutulur - red.) qardaşı Raqif dayıya verdi. Bərk-bərk tapşırdı ki, “bunu apar, anasına sağ-salamat çatdır, mən gələ bilmirəm”. Nə qədər eləsələr də, atam qalxmadı yerindən…
…Bir az atamdan aralanmışdıq ki, o məni çağırdı (ağlayır).
Arxaya baxdım və onun yanına qaçdım. Dedi ki, “qızım, burada məni tək qoyub gedirsən?” Onu möhkəm qucaqladım, əllərindən, üzündən çoxlu-çoxlu öpdüm. 6 yaşım var idi. Bundan artıq nəsə eləməyə gücüm çatmırdı…
…Atamla elə bərk-bərk qucaqlaşmışdıq ki, bizi heç kim ayıra bilmirdi. Çox qorxurdum... Həm də bilmirdim ki, bu mənim atamla son görüşüm, son qucaqlaşmam olacaq”.
Bu sözlər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə hər iki valideyinini, bacısını, bütün uşaqlığını itirmiş və o zaman 6 yaşı olan Həmail Xəlilovaya məxsusdur.
***
“Mən qardaşım Ədalətdən böyük idim. Onun yanında çox ağlamırdım. Daha çox gecələr yatanda ağlayırdım. Onda da yorğanı başıma çəkirdim ki, Ədalət bunu hiss etməsin. Bir də bizə demişdilər ki, özgə evində ağlamaq olmaz. Sanki ağlamaq da yasaq idi bizə.
Heç bir uşaq elə günlər görməsin. Uşaq idik, amma filan yeməyi yemək istəyirik, filan paltarı geyinmək istəyirik kimi düşüncələr bizdən çox uzaq idi. Dərk edirdik ki, atamız yox, anamız yox istədiklərimizi bizə kim alacaq. Uşaq olsaq da, barışmışdıq taleyimizə…
Doğrusunu söyləyəcəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki…Ədalətlə dərdləşirdik… Deyirdik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq. Uşaqlıq arzumuz bu idi bizim.
…Şəkidə çox qala bilmədim. Bakıya gəldim. Əmim məni öz himayəsinə götürmüşdü. Onlarda 3 il yaşadım… Bakıda hərbi məktəbə daxil oldum, 1995-ci il idi. Məktəbi bitirdim. Təhsilimi Türkiyədə davam etdirmək məsləhət oldu. Ancaq orada bir il oxuyub geri qayıtdım. Çünki ailəmizin dolanışığı çox çətin idi. Bacılarım ailəli idilər. Bəs, Ədalət necə olsun? Onun uşaq evinə verilməsinə razı ola bilməzdim. Bu məsələ məni təhsildən ayırdı. Qayıdıb işləməyə başladım. Ədaləti saxlamalıydım. Başqa yol yox idi”.
Ata-anasını, qardaşını itimiş və Xocalı hadisəsi zaman 14 yaşı olan Yaşar Hüseynov ağrı-acıyla dolu həyat hekayətini belə danışır...
***
“Erməni əsgəri qapını açanda mən ona tərəf qaçdım və dedim ki, atamı görmək istəyirəm, məni atamın yanına apar. Anam, bacım ölmüşdü. Amma atamın sağ olduğunu bilirdim. Erməni əsgər mənə dedi ki, “gözlə, səni atanın yanına aparacağam”. Bir az keçdikdən sonra o gəldi və dedi ki, “gəl, səni atanın yanına aparım”.
Qapıdan çıxanda gördüm ki, atamı ağaca bağlayıblar. Elə həmin an atama tərəf qaçdım, lakin erməni əsgəri məni təpiklə yerə sərdi. Qoymadı atamı qucaqlayım. Mənə dedi ki, “atanı öldürməyəcəyəm. Sadəcə ona suallarım var, o sualları cavablandırsın, sonra onu buraxacağam”. O, atama məcbur edirdi ki, desin ki, Azərbaycan torpaqları ermənilərindir. Atam isə cavab verirdi ki, onu öldürsəıər də də, bunu deməyəcək.
Gözümün qabağında atamın üstünə benzin tökdülər. Mən bir də atama tərəf qaçmaq istədim. Erməninin qarşısında diz çökdüm. Onun ayaqlarını qucaqladım, ayaqqabılarını opdüm ki, atamı buraxsın. Yenə məni təpiklədi. Bir daha təkrar olaraq, atamdan “Azərbaycan torpaqları ermənilərindir” sözünü deməsini istədi.
Atama bildirdilər ki, bu sözü desə, onu azad edəcəklər ki, uşaqlarını saxlasın. Atam hətta bizim ölməyimizə belə, razı idi, amma bu sözü dilinə gətirmədi və əsla öz torpağını satmayacağını söylədi.
Atamın üstünə benzin töküb kibriti onun üstünə atdılar. Atam alovlar içində idi. Mən bir də qışqırdım ki, atamı öldürməyin. Atamsa dediyindən dönmürdü. Atamı gözlərim qarşısında diri-diri yandırdılar. Bu hadisə heç vaxt mənim gözlərimin önündən getmir”.
Bunlar o zaman 8 yaşı olan Xəzəngül Əmirovanın qan yaddaşına hopmuş dəhşətlərdir.
***
“Məni həmin axşam babamın qardaşı kürəyində gətirdi meşəyə. Bizmlə xeyli adam var idi. Yadımdadır, ermənilər bizi gülləyə tutanda yerə yıxıldım. Bəlkə də ağır yük idim qohumlarıma. Burasını heç soruşmayın… Uşaq idim, amma soruşdum ki, məni niyə atırsınız bu meşəyə. Nə isə...
4 yaşlı uşaq meşənin ortasına tək qaldım. Qışqırıb ağlayırdım. Heç nə anlamırdım. Evdə ermənilərdən çox danışmışdılar. Buna baxmayaraq, mən ölümün, əsir düşməyin nə demək olduğunu dərk edə bilmirdim. Səsimə ermənilər gəldi. Heç nə başa düşə bilmirdim. Ancaq davranışlarından bildim ki, bunlar ermənidirlər. Çünki əllərinə keçən qarı, qoca, qadın, uşağı güllələyirdilər. Görünür taleyin qisməti beləymiş. Mən sağ qaldım. Ermənilər məni apardılar saxladıqları digər əsir və girovların yanına. Valideynlərimi, qardaşlarımı axtarırdım, tapa bilmirdim. Ağlayırdım ki, məni valideynlərimin, qardaşlarımın yanına aparsınlar. İnanmaq istəmirdim ki, ermənilər mənim bütün ailə üzvlərimi qətlə yetiriblər. Bunu ağlım kəsəndə qəbul etdim. Oradakı əsirlərin hamısının başı özünə qarışmışdı. 4 yaşında uşaq idim. Heç mənimlə maraqlanan yox idi. Yaşadığım o dəhşətləri indi sözlə ifadə edə bilmirəm, çox çətinlik çəkirəm bu barədə danışmağa...
Atasız, anasız, qardaşsız yaşamaq mənə çox çətindir...Yalandan yaşayıram. Kimsəsizlik çox pis şeydir. Məni hər iki valideynini itirən digər 25 uşaqdan fərqləndirən cəhət odur ki, onların heç olmasa qardaş-bacıları sağdır. Mən isə həm valideynlərimi, həm də qardaşlarımı itirmişəm, bütünlüklə ailəmi itirmişəm”.
O zaman 4 yaşı olan Mehdi Əliyevin dediklərindən.
***
“...Ortancıl bacım anamın belində idi. Anamı ermənilər güllələyəndə bacım onun belindən düşüb atama tərəf qaçıb ki, anamın yaralandığını desin. Ermənilər həmin bacımı alnından snayperlə vurmuşdular. Onların meyitini dayımgil çıxarıblar. Balaca bacımın isə heç 1 yaşı tamam olmamışdı. Haqqında danışılan uşaq var e, ölmüş anasının döşünü çıxardıb əmən, o qız mənim balaca bacımdır. Onu meşədə don vurmuşdu. Meyitləri yığanda elə bilmişdilər ki, ölüb. Məsciddə meyitini yuyanda isti su donunu açmışdı və onda biliblər ki, bacım yaşayır. Böyük bacımı isə Ağdamdan birbaşa Bakıya gətirmişdilər. O iki güllə yarası alıb, qaraciyərini yarısı yoxdur”.
O zaman 7 yaşında olan və o dəhşətləri yaşamış Anar Orucovun acı xaturələrindən...
****
Onların uşaqlıq çağı güllələnib. Uşaqlıq illəri Şəhid olub. Onların bütün dünyası güllələnib.
Dəhşətləri hadisələrin canlı şahidi olmuş bu insanların yaşadıqları indiki həyatın da hər anı ağrı-acıyla ötüşür, desək, yanılmarıq...
Hətta o cinayəti törədənlərin hamısını bir yerə yığıb bu “güllələnmişlərin” qarşısında diri-diri yandırsan da, heç nə dəyişməyəcək...
Modern.az