Polis və hərbçilər hər bir ölkədə ən önəmli güc strukturlarıdır. Amma ayrı-ayrı dövrlərdə bu strukturlara münasibət balansı fərqli olub. Maraqlıdır, vətəndaş cəmiyyətinin qurulduğu bir dövrdə Azərbaycanda insanlar bu strukturlardan hansına daha çox etimad göstərib rəğbət bəsləyir? Azərbaycan vətəndaşı “Mənim polisim məni qoruyur”, yoxsa “Mənim hərbçim mənim polisimdir” – deyə düşünür?
Modern.az-ın sorğuladığı şəxslər fərqli fikirlər deyiblər.

Millət vəkilli Yevda Abramov qətiyyətlə bildirdi ki, polis və hərbçilərimiz oturuşmuş institutlardır və balans bərabərdir.
“Hər kəsin fərdi xüsusiyyəti var. Hər kəsin anlam tərzi özünə məxsusdur. Kimi polisə meyl edir, kiminin də hərbçiyə inamı daha çoxdur. Hər bir insan ətraf hadisələri necə dərk edirsə, o cür də fikirləşir. Mənə elə gəlir ki, bu gün Azərbaycanda polis və hərbçi oturuşmuş institutdur. Azərbaycan Qafqazda ən güclü orduya malikdir, orduya da inam çoxdur. Hesabatlar əsasında deyə bilirəm ki, Azərbaycan MDB ölkələri arasında kriminogen duruma görə gözəl və ən yaxşı yaşamağa layiq olan ölkədir. Ayrı-ayrı MDB ölkələrində olanda görürəm ki, bu gün Bakını, Azərbaycanı tərifləyirlər ki, sakitlikdir. Hətta deyirlər ki, Bakı bulvarına gecə də getsən, heç bir qorxu yoxdur. Bunu polisimizə borcluyuq”.
Millət vəkili eyni zamanda xarici ölkələrin təcrübələri ilə müqayisədə Azərbaycanda mitinqlərin daha mərhəmətli şəklidə sakitləşdirildiyini də deyib. “300 il təcrübəsi olan kapitalist ölkələrinə baxın, insanların dinc nümayişini hansı üsullarla dağıdırlar. Bizdə hələ o üsullar yoxdur. O üsulları bizdə də tətbiq etsələr, Allah etməsin, DİN-ə “Gestapo” deyəcəklər”.
Həmkarından fərqli olaraq deputat Fazil Mustafa isə hər iki güc strukturuna olan etimadın kifayət qədər olmadığını bildirib.
“Məncə, ikisinə də etimad güclü deyil. Çünki vətəndaş şəxsi təhlükəsizliyin qorunması istiqamətində təminatı yetərli səviyyədə deyil. Polis vətəndaşa xidmət etmək inandırıcılığını göstərməlidir. Çox təəssüf ki, bu inandırıcılıq yetərli səviyyədə deyil”.
M. Mustafanın fikrincə, polisdə də, orduda da kifayət qədər öz peşəsinə hörmət gətirən insanlar var. Amma hörmətsizlik gətirən insanların da sayı çoxdur. Ona görə də vətəndaş bu qurumlardan gözlədiyini ala bilmir.
“Başqa ölkələrdə, məsələn, Türkiyədə bir zamanlar orduya güvən çox idi, amma indi polisə daha çoxdur. Bu epizodik dəyişən bir hallardır. Çünki ordunun dövlət çevrilişi və başqa hadisələrə qarışması orada insanlar tərəfindən çox da yaxşı qarşılanmadı. Amma polisin sağlam mövqeyi cəmiyyət tərəfindən yaxşı qəbul edildi. Eyni zamanda, Azərbaycanda da bu, həmin qurumların vətəndaşa necə yaxın olması və xidmət göstərmə anlayışından asılı olan məsələdir. Məncə, bu anlayış dəyişsə, bir sürücü yol polisinə ancaq hərəkət qaydalarını pozanda öz vəzifəsini yerinə yetirən bir adam kimi daha rahat yanaşacaq, nəinki onu cəzalandıran, ondan əsassız olaraq vəsait tələb edən, vəzifəsindən sui-istifadə edən şəxs kimi. Çox güman ki, Azərbaycanda da gələcəkdə də bu məsələlərdə də irəliləmə olacaq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da polisə olan münasibətin hərbçilərə olan münasibətdən bir qədər fərqli olduğunu deyib.
“Azərbaycanda əsgərə həmişə sayğı, hörmət olub. Görünür, bunun tarixi kökləri var ki, Azərbaycanda həmişə dövlətçilik həm də ordunun üzərində formalaşıbdır. Ona görə orduya münasibət Azərbaycanda həmişə yaxşıdır. Baxmayaraq ki, çar Rusiyası dönəmində azərbaycanlıları əsgər aparmırdılar. Ancaq Əliağa Şıxlınski kimi insanlar var idi ki, bu generallara hörmət hissi olub. Bu gün də əsgərə, hərbçiyə münasibət Qarabağ problemindən doğur. Çünki xalqın ən böyük problemi onun torpaqları ilə bağlıdır. Bu da ki, hərbçilərimizin çiynindədir.
Polislərin bir obrazı var ki, keçmiş dönəmlərdə də haqlı olan yerdə haqsızı müdafiə edib. Ayrı-ayrı qanun pozuntularında, bir cinayət faktında həmişə polisə bu cür münasibət olub. Polis prosesə, hadisəyə, fakta ədalətli münasibət göstərmədiyindən, eyni zamanda rüşvətə meylli bir təbəqə kimi cəmiyyətin düşüncələrində möhkəmlənib. Ona görə də polisə münasibət hərbçilərə münasibətdən fərqlidir.
Ordu ilə bağlı son proseslər məni də narahat edir . Rəhbərliyin əsgərlərə, hərbçilərə qarşı düzgün münasibət göstərməməsi ağrılı məqamdır. Ordu rəhbərliyi bu sahədə kifayət qədər iş görməlidir. Hörmətini aşağılayacaq hər hansısa addım atmamalıdır”.
Şahanə Rəhimli