Modern.az

Xəstəlik bir azar

Xəstəlik bir azar

Ölkə

31 Mart 2013, 14:22

Ondan qorunmaqsa başqa bir azar...

Oxunan qiymətlər insanları ildə özünü müayinədən yayındırır...

Üzümüzə gələn yaz fəsli sağlamlğımıza xüsusi diqqət tələb edir. Çox təəssüflə qeyd edirəm ki, müasir dövrümüzdə yayılan qorxunc xəstəliklər böyük həyəcan doğurur.  Xüsusən xərçəng xəstəliyi kimi yayılan mərəzlərdən özümüzü sığortalamaq üçün müayinə olunmağımız mütləqdir. Fikir versək görərik ki, son dövrlərdə qəfil xəstəliklərə tutulan insanlarımızın sayı günbəgün çoxalır. Məni təsirləndirən ən böyük məqam isə 18, 20, 30 yaşlı gənclərimizin xəstəliklərini bilmədən qəfil həyat gedişləridir. Belə olan hallarda insan bilmir kimi günahlandırsın. Yazılan qədərimi? Öz səhlənkarlığımızımı? Yoxsa yaradılmayan şəraitimizimi?

Bu kimi çətin suallar qarşısında qalmamağımız üçün ilk növbədə ehtiyatlı olmağımız lazımdır. “Ehtiyatlı olmaq” zamanımzın şüarıdır desəm yanılmaram. Bu xüsusən də sağlamlığımızda öz ifadəsin tapmalıdır. Xəstəliklərin bizi cənginə aldığı müasir dövrdə müayinə olunmağımız mütləqdir. Normalda isə insan ildə özünü 2-3 dəfə müayinə etdirməlidir. Lakin insanlarımızın özünü müayinə etməkdən qaçırlar.  Bəs görəsən insanlarımızı belə qorxudan nədir?! Buna isə çox zaman səhiyyə ocaqlarımızdakı vəziyyət, maddi sıxıntılar- xəstələrə oxunan və şişirdilmiş analiz qiymətləri səbəb olur. İnsanlarımızın maddi durumu imkan vermir ki, ildə ən azı bir dəfə də olsa özünü tam müayinə etdirə bilsin.

Xəstəliklərin bir çoxu bəzən illərlə özünü büruzə vermir, özünü göstərəndə isə artıq hər şey çox gec olur. Ancaq tibbdə , dünyanın əksər ölkələrində uğurla tətbiq olunan “Çek-ap“ müayinə vasitəsilə bir çox xəstəliklərin qarşısı alınır.  “Çek-ap“ heç bir xəstəlik və ya şikayət olmadan, insanda mövcud ola biləcək xəstəliyin gələcəkdə hər hansı bir xəstəliyə yol aça biləcək risk faktorlarının qabaqcadan ortaya çıxarılmasını təmin edən müxtəlif müayinə  metodlarını özündə birləşdirən sağlamlıq müayinəsidir. Belə bir müayinənin aparılmasında məqsəd insanların uzun illər sağlam həyat sürməsini təmin etməkdir. Son illər Azərbaycanda “çek-ap“ müayinəyə üstünlük verənlərin sayının artdığı qeyd olunsa da, əslində onların sayı çox azdır. Bunun bir çox səbəbləri var. Həmin səbəblərdən birincisi, insanlar arasında bu mövzuda maarifləndirmə işlərinin qənaətbəxş səviyyədə olmaması, digəri isə iqtisadi çətinliklərdir. Məsələn, deyək ki, adam var “çek-ap“ müayinənin üstünlüklərindən xəbərdardır, amma bunun üçün maddi imkanı yoxdur. Lakin elə adamlar da var imkanı çatır, ancaq bu barədə heç nə bilmir. “Çek-ap“ müayinə odur ki, insanlar xəstələnməmişdən öncə həkimə müraciət edirlər. Bizdə isə insanların psixologiyası elədir ki, xəstələnməmiş həkimə getmirlər.  İnsan sağlamlığını heç nə ilə əvəz etmək olmaz. Bu gün Azərbaycandakı tibb müəssisələrinin çoxunda müasir tibbin və texnologiyanın imkanlarından istifadə edilərək müxtəlif  xəstəliklərin erkən diaqnostikası və müalicəsi aparılır. Lakin təəssüf olsun ki, əhali əksər vaxt bundan yararlana bilmir, nəticədə xaricə üz tutmalı olurlar.

Sağlamlığımızın keşiyində bu cür durmmalı olduğumuz halda müayinə olunmaq istərkən qarşılaşdığımız hallar bizi çek-ap müayinədən yayındırır. Özünü müayinə etməyə gedən insanlar çek ap müyinə zamanı verməli olduğu analizlərin qiymətləri o həddə gəlib çatır ki, insanlar bir daha özünü müayinə etdirməyəcəkləri qərara gəlirlər. “Çek-ap“ müayinənin qiymətləri 200-1000 manat arasında dəyişir. Bütün orqanların tam “çek-ap“ı Azərbaycanda demək olar ki, yoxdur. Yəni “çek-ap“ın bir və ya bir neçə növü tibb müəssisələrinin birində varsa digərində yoxdur və ya əksinə. Ümumilikdə isə bizdə tam “çek-ap“ın qiyməti 2000-5000 manat arasında dəyişir. Buna isə təbii əksər ailələrin imkanı çatmaz. Xəstəxanalarda yatan xəstələr lazım olan dərmanlarıb da özləri almalı olurlar. Halbuki 2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Amma hamı bilir ki, dövlət xəstəxanalarında tibbi müalicə və müayinənin, o cümlədən cərrahiyyə əməliyyatların havayı olması yalnız sözdədir. Həmçinin dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının qiymətlərinin özəl xəstəxanalardakından fərqlənmədiyi kimsəyə sirr deyil. Fərq ondadır ki, özəl və təsərrüfat hesabına işləyən xəstəxanalarda hər bir əməliyyatın neçəyə başa gəldiyi xəstəyə, yaxud da onun yaxınlarına bildirilir. Dövlət xəstəxanalarında isə bu məsələ gizli şəkilə həyata keçirilir. Bütün bunlarsa insanlarımızın özünü  xəstəliklərdən qoruma şansını azaldır.

Əksər ölkələrdə isə bu kimi problemlərin qarşısı müxtəlif yollarla alınır. Beynəlxalq təcrübədə ın geniş yayılan metodlardan biri tibbi sığortalardır.
Bu sığortalar vasitəsilə vətəndaşlar özlərini ildə 2-3dəfə özlərini müayinə etmək imkanı qazanırlar. Amma bu təcrübə hər bir ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri, əhalinin mənəvi, mədəni dünyagörüş səviyyəsi, səhiyyənin təşkilati forması, ümumiyyətlə, mövcud tibb imkanlarının insanlara çatdırılması yolları nəzərə alınmaqla tətbiq olunur. Elə ölkələr var ki, ümumiyyətlə, tibbi sığorta deyilən anlayış yoxdur. Orada səhiyyənin bütün xərcləri dövlət üzərindədir. Bəzi ölkələrdə həm dövlət, həm də özəl səhiyyə obyektləri fəaliyyət göstərdiyindən tibbi xərclərin bir hissəsini dövlət, qalanını əhali qarşılayır. Bəzi ölkələrdə isə tibbi xərclərini əhali özü qarşılayır. Qarışıq səhiyyənin fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrdə əhaliyə tibbi xidmətin göstərilməsinin maliyyələşdirilməsinin ən optimal yollarından biri icbari tibbi sığorta hesab olunur.

Ümid edirəm ki, bizim əhalinin də özünü ildə ən azı 1 dəfə tam müayinə etmək imkanları nə vaxtsa genişlənəcək. Qarışıq səhiyyə sistemi hökm sürən ölkəmizdə əhalini diqqətli olmağa və nə olur-olsun səhhətlərinə fikir verməyə çağırırıq.

Elmira Manaflı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı