Modern.az

Turizm mütəxəssisi nazirliyə xeyli irad tutdu: “Aktivlik azdır...”

Turizm mütəxəssisi nazirliyə xeyli irad tutdu: “Aktivlik azdır...”

Ölkə

21 May 2013, 13:45


Turizm mövsümünün açılmasına az vaxt qalıb. Amma hər il olduğu kimi, bu il də çox güman ki, turist sarıdan qonşu ölkələrə nisbətən qıtlıq çəkəcəyik. Maraqlıdır ki, Azərbaycan gözəl təbiəti, turizm üçün əlverişli yerləri, tarixi abidələri ilə bol olsa da, nədənsə ölkəmizi turizm məkanı kimi təqdim edə bilmirik. Məsələn, 2012-ci ilin dünyanın sonu olacağı ilə bağlı söz-söhbət başlayanda Türkiyə bütün ölkələri qabaqlayaraq, dünyanın sonunun Şirincə kəndinə gəlməyəcəyi ilə bağlı əfsanələr uydurmağa başladı. Uydurma əfsanə hesabına Türkiyənin bu kəndi bir-neçə gün ərzində turizmdən milyonlarla gəlir əldə etdi.

İş burasındadır ki, Azərbaycanın kifayət qədər tarixi, əfsanələrlə dolu məkanları olmasına baxmayaraq, turizmdən qazanılan gəlir bu yerlərin yanında elə əfsanə qalır. Elə götürək Naxçıvanın Əshabi-Kəf mağarasını. Adı müqəddəs kitabda keçməsinə, barəsində müxtəlif rəvayətlər dolaşmasına baxmayaraq, həmin yeri turizm məkanı kimi dünyaya tanıda bilməmişik. Bundan başqa, yüzlərlə belə yerimiz var ki, hələ də dünyanın turizm məkanları arasına düşə bilməyib.

Modern.az Qobustan, Şirvanşahlar sarayı, Yanar dağın və s. yerlərin dünyanın turizm məkanları sırasına düşməsi üçün nə etməli olduğumuz barədə turizm mütəxəssisi ilə söhbətləşdik.

Ekspert Bahadur Bilalov deyir ki, turizmlə bağlı aparılan təbliğatın effektli olması üçün fasilə vermək lazım deyil. Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının təbliği işinin daimi olaraq gecə-gündüz və peşəkarcasına aparılmasına ehtiyac var:
“Azərbaycan 2001-ci ildən sonra hər il dünyanın bir sıra ölkələrində keçirilən turizm sərgiləri, yarmarkaları və birjalarında iştirak edir. Hər il təxminən 25-ə qədər belə tədbirlərdə Azərbaycanın turizm potensialı təbliğ edilir. Bundan əlavə dünyanın aparıcı telekanallarında ölkəmizi əks etdirən video-çarxlar nümayiş etdirilir. Yəni əslində təbliğatla əlaqədar iş görülür və buna vəsait xərclənir. Sadəcə olaraq bu məsələnin fasilələrlə deyil, daimi olaraq gecə-gündüz aparılmasına, həm də peşəkarlıqla aparılmasına ehtiyac var. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinin bu işlə məşğul olan qurumunda ştatların sayı artırılmalı, peşəkar reklamçılar, etnoqraflar, folklorşünaslar bu prosesə cəlb edilməli, yeni-yeni cəlbedici reklam şüarları ortaya qoyulmalıdır. Həmçinin xarici ölkələrdəki səfirliklərimiz yanında, xüsusən də Azərbaycana potensial turist göndərəcək ölkələrdə turizm ofisləri yaradılmalı və onlar sutkanın 24 saatını ölkəmizin təbliği ilə məşğul olmalıdırlar. Bu işə də mütləq turizm təhsili olan şəxslər cəlb edilməlidir. Ən azından bu məsələdə qardaş Türkiyənin təcrübəsini öyrənmək və onu tətbiq etmək yetərli ola bilər”.

Tarixi məkanların xüsusi olaraq turizm imkanlarını artırmaq üçün etnoqrafların və folklorşünasların prosesə cəlb edilməsini deyən Bahadur Bilalovun sözlərinə görə, abidələrimiz haqqındakı əfsanələr, tarixi faktlardan da reklam üçün istifadə edilməlidir:
“Doğrudan da ölkəmiz ərazisində xarici turistlərin marağına səbəb ola biləcək xeyli sayda obyektlərimiz, müxtəlif əfsanələrimiz var. Hər il Mədəniyyət və Turizm Nazirliyi bölgələrimizdə “Əfsanələr paytaxtı”, “Sənətkarlar paytaxtı” və s elan edir. Düşünürəm ki, bu məsələni daha da genişləndirmək və xarici turistlərin diqqətinə çatdırmaq lazımdır. Bundan əlavə bizim abidələrimiz haqqındakı əfsanələr, tarixi faktlardan da reklam üçün istifadə edilməlidir. Qız qalası haqqında olan əfsanələrdən milli kimliyimizə, mentalitetimizə uyğun olanı əsas götürməklə reklam təşkil etmək mümkündür. Yaponlar Qız qalasını astofizika qurğusu kimi qəbul edir, orada əfsanəyə əsaslanan reklam çox cəlbedici ola bilər. Sumqayıt və Ceyranbatan gölü haqqındakı, Əshabi-Kəf mağarası haqqındakı əfsanələrdən, Əlincə qalasının 14 il monqol qoşunlarına təslim olmadığı haqqındakı tarixi faktlardan və s. mütləq turizm reklamı yaradılmasında istifadə edilməlidir. Bundan başqa Bibiheybət və Nardaran pirlərinin ziyarəti üçün İranda tarixi faktlara əsaslanan təbliğat aparmaqla xeyli zayda dini turistləri cəlb edə bilərik”.

Mütəxəssislə söhbətdən sonra belə başa düşmək olar ki, ölkəyə turist cəlb etməyin ən birinci yolu reklam olunmaqdan keçir. Odur ki, bizə düşən işi yerinə yetirib məsələnin köklərini bir balaca araşdırdıq. İndi iş düşür dövlətə və reklamçılarım üzərinə.

Gültəkin ƏLƏSGƏR  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı