Modern.az

Polis Rastropoviçin nəvəsini qarışığa saldı...

Polis Rastropoviçin nəvəsini qarışığa saldı...

Ölkə

6 İyul 2013, 23:39

Mstislav Rastropoviç  Prezident Heydər Əliyevin dəvəti ilə Bakıya gəlmişdi. Görüşlərini Az.TV xüsusi olaraq işıqlandırırdı. İndi Mstislav və Leapold Rastropoviçlərin adını daşıdığı küçədə maestronun ata-baba yurduna gəlməsini, köhnə qonşularıyla görüşünü AzTV-nin əməkdaşı kimi mən çəkməli oldum.

Bütün məhlə onun pişvazına çıxmışdı. Mstislav Rastropoviç, arvadı, qızı, nəvəsi  maşından düşüb evə girdilər. Polislər də asayişi qoruyurdular. Balaca uşaqlar da o yana qaçırdılar, bu yana qaçırdılar.    
Səs-küyləri götürmüşdü aləmi. Axırda iş o yerə çatdı ki, yüksək çinli polis zabiti serjantlara əmr verdi ki, uşaqları uzaqlaşdırın ərazidən. Bu göstəriş bizim də ürəyimizdən oldu. Polislər də “ay uşaq qaçın, mane olmayın!” deyə-deyə başladılar uşaqları qovmağa. Birinə də dedilər ki, “ay uşaq qaç burdan!”. O, getmədi. Rusca “uxodi!” dedilər, yenə də tərpənmədi. Polis serjantı eləmə tənbəllik aldı bunu qucağına apardı. Daha dəqiq desək, vurdu qoltuğuna ki, həmin ərazidən uzaqlaşdırsın. Birdən qonaqları müşayiət edənlərdən biri  başladı polisin dalınca qışqırmağa:

“İşin olmasın. Burax onu. Bu Rastropoviçin nəvəsidir”.

 “AÇILIŞ” BİƏDƏB SÖZDÜR

“Xəbərlər” proqramında gedən bəzi süjetləri “Səhər” proqramı da efirə verirdi. Hansısa məktəb istifadəyə verilmişdi. Görkəmli jurnalistimiz Valid Sənani dedi ki, “Mahir, yolun düşsə kadr arxası mətni gətir. Videosun axşam götürərik”. Dedim ki, “Baş üstə”.  Öz efirimiz üşün materialı hazırladıqdan sonra kadrarxası mətni götürüb qalxdım “Səhər”in redaksiyasına. Valid müəllim öyrətməyi sevən adam idi. Kağızı əlinə alan kimi qırmızı qələmlə “qanına qəltan elədi”. Bu bir az mənə toxunsa da, özümü sındırmadım. Öyrənmək heç vaxt gec deyil. Özü də ki, öyrədən olan yerdə.

- Valid müəllim, o düzəlişlər elədin a, onları mənə də başa sal da...

- Bax Mahir, yazmısan – “Yasamal rayonunda məktəbin açılış mərasimi olub”. Bu ruscadan tərcümə olunmuş bir sözdür “tseremoniya otkrıtie”. Amma sən bunu belə - “məktəbin açılışı olub” verməliydin. Bildin?

- Axı, Valid müəllim, bu cür biədəb səslənir?

- Burda biədəb nə var ki?  “Məktəbin açılışı”.

- Yox e, Valid müəllim, mənim arvadım doğum evində işləyir. Mən belə şeyləri Sizdən yaxşı bilirəm. Açılış məktəbdə olmur. Açılış doğan qadınlarda olur. Bir barmaq, iki barmaq, üç barmaq, dörd barmaq. Sonra da uşaq ordan çıxır.

Valid müəllim gözlərini üzümə dikib baxırdı. Bircə bunu dedi:

- Bərəkallah Mahir. Get, bala, get.

QURBANDI SƏNƏ

 

Televiziya günü yaxınlaşırdı. Təltiflər olacaqdı. Siyahı da artıq Prezident Aparatına göndərilmişdi. Mənim umacağım yox idi. Çünki cəmi 10 il stajım, qabağımda isə ömrünün 30-40 ilini televiziyaya həsr edən mogikanlar, ustadlarım vardı.  Amma ürəyimdən keçirdi ki, mənə də dövlət təltifi versinlər.  Evdə atamla söhbət əsnasında bunu ona da dedim. Birdən:

- Dur o siyirtməni çək.

- Çəkdim. Nə lazımdır ki?

- Nə var orda? Bir-bir de.

- Orden-medallardır. Axşam nəsə dövlət tədbiri var?

- Yox, sadəcə orda olanları bir-bir sadala.

- Əməkdar İncəsənət xadimi. Sovetin iki medalı.

- Sonra.

- Xalq şairi.

- Sonra.

- Azərbaycan SSR Dövlət Mükafatı.

- Sonra.

- “Şöhrət” ordeni, “İstiqlal” ordeni. Vəssalam.

- Day hamısı evdə var da. Hansını istəyirsən götür. Qurbandı sənə.

YAŞLI DİKTORLAR CANLI EFİRDƏN NİYƏ UZAQLAŞDILAR

Qocaman diktorlarımızın Azərbaycan televiziyasının inkişafında rolu danılmazdır. Onlar təkcə veriliş aparmırdılar. Həm də tamaşaçıya Azərbaycan ədəbi dilindən dərs deyirdilər. Nizami Xudiyev sədr təyin olunandan sonra diktorlara xüsusi qayğı göstərməyə başladı. Qonorarların artırdı. Efir paltarları almaq üçün hərəsinə ildə iki dəfə (yaz-payız mövsümü) yüksək məbləğdə  pul ayırdı. Təkcə onlara yox, dövlət tədbirlərinə gedən müxbir, operator, rejissor və texniki işçilərə də o vaxt dəbdə olan “Centlemen” mağazasından dövlətin hesabına geyimlər aldırdı. “Siz AzTV–ni təmsil edirsiniz. Xarici görünüşünüz də yaxşı olmalıdır” deyərək.

Nə isə, diktorlar “Xəbərlər”in canlı efirinə çıxmağa başladılar. Latın qrafikasına keçilməyinə baxmayaraq, yazı makinalarımız hələ də kirill əlifbasındaydı. Prezident Aparatından faksla gələn prezident məktubları, fərman və sərəncamları latın qrafikasında. Qocaman diktorlarımızın gözü  isə kiril əlifbasına öyrəşmişdi.

Günlərin bir günü efir gedə-gedə  prezidentin 7-8 səhifəlik fərmanı gəldi. Özü də latın qrafikasında. Diktorlarımızdan biri də yazını höccələyə-höccələyə axır ki, oxuyub başa çatdırdı. Sonra isə sədrin yanına gedib canlı efirdən imtina elədi.

Qocaman diktorların efir mədəniyyəti yüksək idi. Öz şəxsiyyətlərinə də hörmətlə yanaşırdılar. İllər boyu qazandıqları hörməti  latın qrafikasına qurban vermədilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı