Hər bir insan özünü ağıllı hesab edir. Bu təbii prosesdir. Heç kim özünə dəli demir və yaxud da kimsənin onun haqqında bu cür mənfi ifadələr işlətməsilə qətiyyən razılaşmır. Amma təvazökar insanlar və daha çox ağıllı olanlar bu barədə danışmaqdan ümumiyyətlə çəkinirlər. Çünki, onları ağılları idarə edir, bəzilərini isə hissləri…
Azərbaycan teleməkanı bərbad durumdadır. Bu virus ölkədə mövcud olan 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalının demək olar ki, hamısına keçib. Təbii ki, hamısı deyəndə ümumi mənzərə nəzərdə tutular. Ancaq bəzi proqramlar da var ki, necə deyərlər, baxmağa dəyər.
Son illər efir məkanımızı izləyən hər bir ağılı başında olan tamaşaçı bunu açıq-aydın hiss edə bilər. Gün ərzində efirə gedən təkrar xəbərlər, bayağı şou verilişləri, milli-mənəvi dəyərlərimizə - ailə mentalitetimizə təcavüz edən gic-gicə müəllif proqramları, milli mətbəximizə yad olan yemək-içmək qonaqlıqlarını seyr etdikcə yazılı mətbuatın varlığına şükür edirsən.
Konkret televiziya adı çəkmək istəmirəm. Nədən ki, hamısı bir gündədir, oxşar müəllif proqramlarına baxıb xəcalət çəkmək əvəzinə, yeni bir ideyanı gerçəkləşdirən dahilər kimi ətrafa poz verirlər.
Əlbəttə, mətbuat cəmiyyətin güzgüsüdür. Elektron media isə bu güzgünün daha böyük ölçüsüdür. Təəssüf ki, biz bu güzgüdə özümüzü görə bilmirik. Daha doğrusu özümüzü göstərmirlər. Bəlkə elə Allah eləməmişkən, həqiqətən də millət etibari ilə bu qədər cılızlaşmışıq, mental dəyərlərimizdən uzaqlaşmışıq?
Yazılı mətbuatdan fərqli olaraq, elektron mediya hər evə daxil ola bilir. Necə daxil olur?
Bu bir acı həqiqətdir ki, televiziyalarımız haqqında müsbət fikir söyləmək çox çətindir. İstər yaradıcı heyət, istər aparıcılar, istərsə də onları istiqamətləndirən başbilənləri bu işi vicdanla yerinə yetirə bilmirlər. Baxmayaraq ki, hamısı obyektiv olduqlarını iddia edirlər.
Bizə xəbər deyil, dərd daşıyırlar, sosial problemlərimizi qabartmırlar, əksinə onları yaradırlar. Belə olan təqdirdə niyə bu güzgüyə baxmaq zorundayıq. Əlbəttə, kimsə bunu bizə məcbur etmir. Amma vətəndaş-tamaşaçı olaraq televiziyalara baxmaq istəyirik. Baxanda isə dəli oluruq, iyrənirik. Bəlkə də bu cür bəd düşünməyim kimlərinsə xoşuna gəlməyə bilər, onlara hörmətlə yanaşıram. Reallıq isə bəndənizin nə qədər haqlı olduğunu göstərir.
Bəli, axı biz meymun deyilik. Bəs onda telemaqnatlar niyə bizi meymun yerinə qoyurlar?!
Professor Şahlar Əsgərovun bir xeyli əvvəl oxuduğum “Düşüncə Tərzi” kitabında (Bakı, 2008) belə bir maraqlı fikirlə qarşılaşmışdım: “Yaxşı vərdişlər çətinliklə əldə olunur, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər, əksinə asan öyrənilir, ancaq onlarla yaşamaq çətindir”.
Görünür, telekontingentimiz asan yolla öyrəndikləri pis vərdişlərlə yaşamağa məhkumdurlar.