Nəriman Qasımoğlu: “Tanrının ən gözəl əsəri İnsandır."
Modern.az saytı “XXI əsrin adamı” layihəsində üçüncü müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirəcək, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Budəfəki qonağımız isə şair, tərcüməçi, ilahiyyatçı-alim Nəriman Qasımoğludur.
- XXI əsrin dünyası və Azərbaycan Nəriman Qasımoğlunun gözündə hansı rəngdə görünür?
- Bilirəm nəyi nəzərdə tutursunuz, amma sualınızdakı “dünya və Azərbaycan”, “rəng” sözləri məndə nədənsə elə bir assosiasiya yaratdı ki, aydayam, yaxud hansısa kosmik gəmidə, və buradan da gözlərimi zilləyirəm planetimizə. Yer kürəsi inanılmaz dərəcədə gözəldir, ən çeşidli rənglərin qarışığından hasilə gəlmiş bir sənət əsəri. Tanrının möhtəşəm və gözəl əsəri. Və inanıram ki, bu əsər kainatın ən görümlü, baxımlı, şərəfli yerində sərgilənir.
Müqəddəs Oxu-da (Quran-da) bir ayə var, 90-cı surənin 4-cü ayəsi. Bütün, ənənəvi olsun, ya qeyri-ənənəvi, açıqlamalar belə təlqin edir ki, Rəbbimiz insanı sixintı içində, məşəqqətlər girdabında yaşamaq üçün yaradıb. Son araşdırmam ayənin fərqli və yeni bir yozumunu açdı. Dəqiqlik olsun deyə öncə ərəbcəsini yazım: “lagad xəlaqnə-l-‘insənə fi kəbədin”. Sonuncu sözü “sıxıntı”, “məşəqqət” və bu qəbildən sözlərlə mənalandırırlar və belə çevirirlər: “Biz insanı sıxıntıda (məşəqqətdə, əzab-əziyyətdə və s.) yaratdıq”. “Kəbəd” sözünün daha işlək lüğəti mənalarını aşkarladım – “düz orta”, “zenit”, “zirvə”. Deməli, ayənin daha doğru aşıqlaması belədir: “Düz ortada yaratmışıq insanı”. Burada “orta” sözü müqəddəs Oxunun orta yol fəlsəfəsinə aid “vasat”, “tavassut” terminindən fərqli olaraq konkret həndəsi məqam anlamındadır, insanın kainat içində harada yaradıldığına işarədir.
Ayənin özü kosmoloji həqiqətlərin araşdırılması üçün təfəkkür açan bir məzmunda. Başqa bir hikmət qatına toxunaraq mövzudan yayınmalı olsam da qısaca deyim ki, insanın zirvədə, mənəvi ucalıqda, mələklərdən üstün bilinən bir statusda yaradıldığı anlamı da var ayədə. Hər halda ayənin kosmoloji tərəfi daha düşündürücüdür və belə bir məlum həqiqətə işıq tutur ki, yer kürəsi müşahidə oluna bilən kainatın mərkəzində yerləşir. Əlbəttə, müşahidə oluna bilən kainatın mərkəzində görünməsi təbiidir və bu, kainatın mərkəzində olduğunu elmi baxımdan isbatlamır. Ancaq bir məsələni xüsusi olaraq vurğulayım. Quran-dan aldığım qənaət budur ki, insan yer kürəsində yaradılmayıb. Ayələr yaradılmış insanın yer kürəsinə endirildiyini bildirir. Bəs onun mərkəzdə, ortada yaradılmasına aid ayənin təlqinini necə anlamalıyıq? İnsanın yaradılış “laboratoriyası” bəzi ufoloqların, kosmoloqların fərziyəsinə görə, Marsda olub. Bu sonuncu ilə Yer kürəsi arasında məsafə kainat ölçüləri baxımından, necə deyərlər, “bir addımlıqdır”. Onu da qəbul edək ki, Tanrının kainatın ən görümlü yerində sərgilənən Yer kürəsi əsərindən də gözəl əsəri İnsandır. İnsandır ki, onu düz ortada, maddi dünyamızın kainat ölçülərinə görə lap yaxınlığında yaradıb – kosmosun mərkəzində! İnsandır ki, onu Özünə oxşar kimi tanıdır Rəbbimiz Bibliyada. Tanrı bu gözəl əsərini sıxıntı içində qoymaq üçün yaratmaz. İndi yer kürəsinə enə-enə bu İnsanın gözü ilə dünyaya baxıram və dünya ən gözəl çalarları ilə qarşımdadır. Azərbaycan isə bu rəngarənglik içində göy, qırmızı, yaşıl boyalarda...
- Əbu Turxanın təbirincə desək, “Bütün dinlər Şərq hadisəsidir”. Bəs XXI əsr insanı nədən sonuncu din olan İslamda Qərb təfəkkürünün rüşeymlərini görə bilmir?
- İcazə verin Əbu Turxanın ifadəsilə razılaşmayım. Aktuallığını itirmiş ifadədir. Söhbət Tanrı-insan münasibətlərinə (hətta bütpərəstlik rakursundan olsa belə) iddialı dinlərdən gedirsə, “bütün dinlər şərq hadisəsi” ola bilməz. Məgər Amerika hinduları Kolumbdan əvvəl dinsizmi idilər? Afrikalıların heç bir dini yox idi? Avropalıların xristianlıqdan öncə dinləri olmamışdımı? Ümumiyyətlə isə, istərdim qeyd edim ki, din anlayışına aid tərif də artıq aktuallığını itirmiş görünür. Din deyəndə stereotip düşüncə belə qəbul edir ki, bu, müqəddəs kitablardan, yaxud da müqəddəs (?!) tutulan insanlara aid rəvayətlərdən gəlmə qayda-qanunları ehtiva edən dəyərlərdən ibarətdir. Təbiidir ki, bütün bunlar din kimi qəbul edilə bilər və çoxları da dini məhz bu müstəvidə qavrayır. Bu ənənəvi bir yanaşmadır. Qeyri-ənənəvi, müasir tərifi isə müqəddəs Oxu məntiqi diqtə edir. Yazıdakı ayələrə görə, Tanrını tanımayan, Ona asi olan küfr daşıyıcıları və inadcıllarının da tapındığı dəyərlər sistemi din adlanır. Bu mənada ateizm də dindir, solçuluq da dindir, marksizm də, nə bilim, freydizm də, eləcə də bütün ideologiyalar, bu ideologiyaların təlqinləri, daşıyıcılarının əməllərini tənzimləyən davranış və düçüncə tərzinə aid nə varsa, hər şey müvafiq dinlə çərçivələnir. Bəzən eşidirsən kimlərsə “Mən Tanrıya inanıram, amma dini qəbul etmirəm” deyir və belələri də dinin mahiyyətcə hansı anlam daşıdığından xəbərsizdirlər. Müqəddəs Oxunun qeyri-ənənəvi din tərifi əslində İlahi Yazının təlqin etdiyi tolerantlıq fəlsəfəsinə də işıq tutur. Tanrıya iman gətirənlərlə imansızların tapındıqlarını eyni ad altında – din termini ilə təqdim etməklə Quran tolerantlığı təməl prinsiplərdən biri kimi car çəkir. Kafirlər surəsində olduğu kimi: “De “Ey kafirlər, mən qulluq qılmaram o nəsnəyə ki, siz qulluq qılırsınız. Siz də qulluq qılanlar deyilsiniz mənim qulluq qıldığıma. Nə mən qulluq qılanam sizin qulluq qıldığınıza, nə siz qulluq qılanlarsız mənim qulluq qıldığıma. Sizin öz dininiz var, mənim də öz dinim var””. Əlbəttə, bax elə təkcə bu tolerantlıq fəlsəfəsinin aşıladığı dəyərlərə görə Quran İslamını indi Qərbin gəlişmiş dəyərləri içində görmək çətin deyil. Görənlər azlıqda da olsa var. Ancaq məsələni qəlizləşdirən odur ki, dünya ictimai rəyində də, elə əksər müsəlmanların şüurunda da şəriət islamçılığı, hədis islamçılığı, siyasi islamçılıq, tarixi-ənənəvi islamçılıq, cihad islamçılığı dediklərimizin yeri İslam dinini təmsil edən ideoloji qaynaqlar qismində hələ çox möhkəm olaraq qalır.
- Necə düşünürsünüz, XXI əsrdə rasionallığa və elmə söykənən sivilizasiya ruhsuzluqdan əziyyət çəkirmi?
- Rasionallığı, elmi müqəddəs Yazıların ruhiyyəsilə ziddiyyətli fonda təqdim etmək də, əslində, vaxtı ötmüş və köhnəlmiş yanaşmadır. Amerikadan yenicə qayıtmışam. Bir il ərzində rasionallığa, elmi tərəqqiyə söykənən nəhəng bir sivilizasiyanın içində oldum, özü də bu sivilizasiyanın ən böyük elm-təhsil ocağı Harvard Universitetində. Ən sanballı rəy sorğularına görə, amerikalıların cəmi 4 faizi özünü ateist sayır. Bu cəmiyyət, ənənəvi təriflə desək, xeyli dindar cəmiyyətdir, “ruhsuzluq” dediyinizdən necə əziyyət çəkə bilər ki?..
- XXI əsrin insanını informasiya seli boğmadadır. Özümüzü bu seldən necə xilas edə bilərik?
- Məlumat bolluğu yaxşı nəsnədir, buna çağdaş inkişafın əlamətlərindən biri kimi baxılmalıdır. Bəli, məlumat seli İnternet və peyk antennaları vasitəsilə milli, siyasi, coğrafi, dini-ideoloji sərhədləri yuya-yuya dünyanı basmaqdadır. Nəhəng faydaları ilə yanaşı, əlbəttə, beyinlərin yuyulması da var. Bu sel savadlı, elmli, təhsilli insanlara ancaq fayda verər. Savadsızlarımız isə boğulacaq, onları xilas üçün savadlandırmaq lazımdır.
- Özümüzə qayıdaq. Azərbaycan və XXI əsr. Ölkəmiz əsrin intellektual tələblərinə cavab verə bilirmi?
- Sual həddindən artıq mücərrəd qoyulub. Ölkə adına ümumiləşmiş bir söz deyə bilmərəm, desəm də doğru olmaz. Azərbaycanın ən çeşidli sahələrdə çalışan ayrı-ayrı istedadları var. Və təbii ki, intellekt deyilən nəsnədən uzaq kütlələri də öz yerində. Ancaq bu yerdə Mirzə Fətəli Axundovun “mənim xalqımın fitri istedadı ümumAvropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır” sözlərini də xatırlamaya bilmirəm...
- Qədim Şərq mədəniyyətinin təmsilçilərindən olan Azərbaycan XXI əsrdə özünüdərk, özünəqayıdış prosesini yaşamaqda çətinlik çəkir. Buna səbəb olan amillər hansılardı?
- Mədəniyyətimizin kökündə Şərq ənənələri dayansa da, biz artıq Avropa ailəsinə daxil oluruq. Proses ciddi olaraq 20-ci əsrin əvvəllərindən başlayıb. Bunun ideoloji və praktiki əsaslarını böyük maarifçi demokratlarımız, Azərbaycan Cumhuriyyətinin qurucuları hazırlamışlar. Azərbaycan əsrlər uzunu gəlişdirdiyi dəyərlərlə Qərb dünyasında öz layiqli yerini tuta bilər və tutmalıdır. Milli özünüdərk, milli özünəqayıdış məhz, bu yöndə gəlişdikcə, əminəm ki, millətimizin dünyada yeri də möhkəmlənəcək. “Qədim Şərq mədəniyyəti” özlüyündə gözəl ifadədir, kimlərsə bunu siyasi-praktiki perspektivdən məhrum tarixi-kulturoloji müstəvidə fəxrlə işlədə bilər.
- XXI əsrdə Yer üzündə din bir siyasət vasitəsidir, yoxsa həqiqətə aparan körpü?
- Başa düşürəm ki, söhbət ənənəvi tərifə uyğun dindən gedir. Əslində isə bütün dinlərə, o cümlədən, islam, xristianlıq, yəhudilik, marksizm, ateizm, liberalizm, millətçilik və s. dinlərə aid olaraq deyim ki, bunlardan təbii olaraq siyasi məqsədlərlə istifadə edilir. İndi paralel olaraq o proses də gedir ki, Tanrı-insan münasibətlərinə iddialı dinlərin gerçək mahiyyətinə uyğun islahatçılığa, çağdaşlığa uyğun yozumların ortaya çıxarılmasına və insanların dini düşüncəsinin tərəqqiyə yönümlü məzmunda gəlişməsinə uğurlu cəhdlər edilir. Mən bu cəhdlərin perspektivinə inanıram. Xristianlıqda reformasiya Qərb düşüncəsində hansı gəlişmələr yaratdısa, İslamda da Quran əsasında bu islahatçılıq mütləq getməlidir, müsəlmanların sadəcə başqa çarəsi yoxdur. Əks-halda qaranlıqlar içində qalmağa, əzilməyə məhkum olacaqlar.
- Bəs bizdə necə, din bir siyasət vasitəsidir, yoxsa həqiqət körpüsü?
- Bizdə də gerçək İslam adına islamçılıqla məşğul olan, olmaq istəyən, dindən siyasi məqsədlərlə istifadə edən və etmək istəyənlər var. Və insanları haqqa yönəldən yozumlarla maarifçilik işini aparanlar da...
- Bir Şərq məsəli var: cahilin ibadəti cahilliyə, aqilin ibadəti aqilliyə xidmətdir. Sizcə bizim cəmiyyətdə bu gün cahilliyə çox ibadət edilir, ya aqilliyə?
- “İbadət” sözü dilimizə tərcümədə “qulluq” deməkdir. Tanrıya qulluğun, bəndəliyin konkret reseptləri, şəkilləri, qaydaları yoxdur. Tanrıya qulluğun sərhədləri olmaz. Yaradanı razı salan hər hansı əməl ibadətdir. Bununla belə ritual qulluqları da var, namaz və oruc kimi. Quran-da cahil ibadətinə aid belə bir ayə var, Rəbbimiz buyurur: “Vay halına o namaz qılan kimsələrin ki, görməzliyə vururlar namazlarını, göstərirlər özlərini” (107:4-6). Göründüyü kimi, cahilin ibadətində reklam dindarlığı da var, cəhalətə aparan reklam dindarlığı. Belələrinin ritual ibadəti-qulluğu-namazı, əlbəttə, ayədən də anladığımız qədərincə, Tanrıdan qəbul görməz. Bizim cəmiyyətdə isə insanlardan kimlərin namazının nəyə xidmət etdiyini, Rəbbimizdən qəbul görüb-görmədiyini mən deyə bilmərəm, Tanrı Özü bilər.
- Bir şərqşünas kimi fikirlərinizi bilmək maraqlı olardı. Biz yəni, Azərbaycanlılar kimik, hardan gəlmişik və bu gün XXI əsrdə hara gedirik?
- Biz heç yerdən gəlməmişik, elə Azərbaycanda olmuşuq, sığınacaq istəyən etnik qrupları xoşgörü ilə qəbul etmişik, qaynayıb qarışmışıq, zənginləşmişik, müstəqil dövlətlərimiz olub, məğlubiyyətli illərimiz olub, yenə də güc tapıb dövlət qurmuşuq, torpaqlarımızın bir qismini itirmişik və hökmən azad edəcəyik. XXI əsrdəki yolumuz isə Avropaya inteqrasiya yoludur.
- Bu getdiyimiz yolda mayak kimi nəyi görürsünüz: Dini yoxsa elmi? Mənəviyyatı, ya məntiqi?
- Müqəddəs Kitabımızın ilk enən ayəsi oxu, öyrən təlqinidirsə, Rəbbimiz insanları onun elçisinin haqq elçisi olduğuna inandırmaq üçün qələmə, qələmin yazdıqlarına and verirsə, bunları bir-birindən necə ayırmaq olar? Məhəmməd Seçilmişin sözləridir: "Elm Çində də olsa, arxasınca gedin"; "Alim öldü, aləm öldü"; "Bir saatlıq elm 60 illik ibadətdən əfzəldir"; "Qiyamət günündə şəhidin qanı ilə alimin qanı tərəziyə qoyulsa, alimin qanı ağır basar" və s.
Quran ayələri də, yəni vəhylərin bir adı da elm termini olaraq keçir Kitabda. Elmə Quran təşviqləri vaxtilə müsəlman intibahının əsasını qoyub Abbasilər xilafəti zamanında. Bütün əski yunan elmi ədəbiyyatı ərəbcəyə çevrilib ki, müsəlmanların istifadəsinə verilsin. Yunanların elminə İslam elmi deyil deyə, heç bir qısqanclıq-filan olmayıb, çünki Quranın elmə təşviqləri vardı, bunu bir iman borcu olaraq dərk edirdilər. Xəstəxanaların Bağdadda olduğu bir zamanda Avropada bunlar yox idi, müalicə üçün Bağdada gəlirdi Avropa kübarları... İbn Sinanın tibbə aid kitabları Avropada altı yüz illik bir müddətdə insanların stolüstü kitablarından olub. Xeyli sayda belə alimlərin adını çəkə bilərəm ki, əsərlərinin öncə latın dilinə, sonra da Avropa dillərinə tərcüməsi Qərbdə elmin inkişafına təkan verib vaxtilə...
Bunları qeyd etməkdə məqsədim sizin anladığınız dinlə elmi inkişafı fərqli və ziddiyyətli müstəvidə qarşılaşdırmağın önəmsiz olduğunu vurğulamaqdır. Müsəlmanları əksəriyyəti 21-ci əsrin ümumi inkişafından geri qalırsa, bunun bir xeyli tarixi-siyasi nədənlərilə yanaşı, bir nədəni də hədislərdə, parallel din məxəzlərində, rəvayətlərdəki yozumlarla, Quransızlıqla əlaqəlidir.
Yeri gəlmişkən, dahi Eynşteyn özünün iman sisteminə “kosmik din” deyə istinad edirdi. Onun iman gətirdiyi sistem elmlə dinin konfliktini rədd edir və elm üçün kosmik dinin önəmli olduğunu irəli sürür. Müsahibələrinin birində deyir: “Tanrı bir sirdir, fəqət qavranıla bilən bir sirr. Mən təbiət qanunlarını müşahidə edəndə heyran olmaya bilmirəm. Qanunverən olmasa qanunlar olmaz. Bəs bu Qanunverən necə görünür? Əlbəttə ki, insanın böyüdülmüş şəklində də ola bilməz”. Sonuncu ifadəsində Eynşteyn Bibliyada insan yaradılışına istinadən keçən “Tanrı insanı Özünə oxşar yaratdı” ayəsinin o zamankı primitiv yozumuna sadəcə olaraq tənqidi münasibətini də bildirir. Hazırda müsəlmanların ümumi geriliyi fonunda dünya şöhrətli alimləri də var. Biri - Nobel mükafatçısı, pakistanlı fizik Abdussəlam. Deyir: "Mən insan beynindəki on milyarda yaxın hüceyrənin olduğunu və bunların bir nizama tabe olduğunu dərk edəndən sonra iman etməkdən başqa çarəm qalmır". Bu alimin müsəlman dövlət başçılarına müraciəti də var ki, Quranın elmə təşviqlərini nəzərə alaraq, məscidlər yerinə universitetlərə, fundamental elmlərə milyonlarla yatırımlar etsinlər...
- Sonda XXI əsrin gənclərinə sözünüz.
- Oxumaq, oxumaq, yenə də oxumaq; öyrənmək, öyrənmək, yenə də öyrənmək; çalışmaq, çalışmaq, yenə də çalışmaq.
Bir dəfə Almaniyanın Heydelberq şəhərində gəzinti zamanı gözlərim divar yazılarına sataşdı. Almanca yazıların yanında türkcə yazılar da vardı. Sonuncuların xeyli hissəsində bu ifadə keçirdi: “türkəm, doğruyam, çalışqanam!”. Və gənclərimizə həm də belə bir şüur arzulayıram.
Elmin Nuri