Hər bir cəmiyyətin ekstremal şəraitdə həvəsləndirilməsi, həyəcana gətirilməsi tarix boyu sınaqdan çıxmış metodlardan biri sayıla bilər. Savaş öncəsi yəqin ki, oxumuşlar Roma senatorlarının çıxışlarını, Napoleonun bəlağətli əsgər duyğusuna xitab edən manevrlərini, Hitlerin xalqa yönəlik ritorikalarını xatırlayarlar.
Həyəcanlandırma bu gün ən çox idman sahəsində azarkeş-idmançı münasibətlərində özünü büruzə verir. Bu həyəcanlandırma olayı artıq o qədər ciddi problemlər yaratmağa başladı ki, idman sahəsində təbii stimullaşdırma ilə kimyəvi stimullaşdırmaya fərq qoyulmağa başlanıldı. İnsana əlavə enerji verən və başqaları ilə mübarizədə qeyri-bərabər motivasiya yaradan qadağan olunmuş dərman preparatlarının istifadəsi üzərində nəzarət gücləndirilməyə başlandı və hər bir mötəbər yarışdan sonra yoxlama testlərinin keçirilməsi məcburi bir prosedur olaraq qəbul edildi. Bunun qısaca izahı budur ki, insan təbii duyğularla həyəcanlana bilər, əzm və güc ortaya qoya bilər, bunu süni vasitələrlə edəndə artıq insanlıq dəyərlərinə hörmət etməyən bir status qazanır. İdmanda buna dopinq nəzarəti deyilir, ixtisaslaşmış tibbi test tətbiq etmə yolu ilə aşkarlamaq mümkün olur. Bəs cəmiyyət həyatında dopinqi necə aşkarlamaq mümkündür?
Azərbaycan cəmiyyəti xarakter etibarilə dopinq cəmiyyətidir. Keçici ağrıkəsicilərlə müalicə üsulunu sevən bir düşüncə bizdə hakimdır. Bütün kriminal hadisələrin böyük əksəriyyətində insanın niyyətində tutduğu cinayəti həyata keçirmədən öncə ya spirtli içki qəbul etdiyinin, ya da narkotikdən istifadə etdiyinin şahidi olarsınız. Adam namus üstündə kimisə qətlə yetirməlidirsə, ilk öncə 200 qram arağını içir, sonra gedib zərərçəkmişi qətlə yetirir. Nəşəsini çəkib, anasını doğrayır.
Xatırlayıram, yeniyetmə çağlarında çadır toylarının dəbdə olan vaxtlarında əyalət cavanlarının çoxu toyda oynamaqdan utanmamaq üçün yüngülvari spirtli içki içib meydançaya girirdilər və içkili vəziyyətdə özlərini qızlara göstərmək üçün dava-dalaş salırdılar. Sizlər əksər dağlı xalqlarında bunun fərqli tərəflərini müşahidə edərsiniz. Savaşa girməzdən əvvəl namazını qılıb, Allah rizası üçün hədəfini ortadan qaldırmağı qərarlaşdırıb mübarizəyə girir, yaxud qan intiqamını alır. Azərbaycanda cəmiyyətin ən yoxsul adamlarının çoxunun cibində təsadüfən zəngin edə biləcək lotereya biletləri tapa bilərsən. Türkiyədə də buna bənzər bir durum var. Hər şey əlahəzrət təsadüfün ağlı üstələməsinə indekslənib. Cəmiyyətin bu xarakterini çözə bilməyənlər siyasətdə də bu aldadıcı, keçici duyğularla təlatüm yaradaraq insanların təbii ağıl və idrak yolu ilə uğura doğru istiqamət götürməsini əngəlləyir.
Siyasətdə görə-görə gəlirik. Azərbaycanda 20 ildir iqtidar dopinqlə idarə edir: Analoqsuz iqtisadi inkişaf, Lazım gəlsə Qarabağ, Əsas kapital İnsan kapitalı və sair və ilaxır. Müxalifət cinahını da 25 ildir kütlənin ötürdüyü dopinq idarə edir. Meydan hadisələrini xatırlayın! 20 Yanvar vaqeəsini yada salın! Taktika doğru seçilməmişdi. Hədəfsiz və proqramsız təbii müqavimət duyğusu bir neçə gündən o tərəfə keçmədi. Qarabağ savaşını xatırlayın! Aldığımız bir strateji mövqeni ən azı iki-üç ay əlimizdə saxlamaq mümkün olmadı. Savaşan, sonadək oturan cəsur fərdlərin haqlarını unutmayaq, ancaq çoxluğun xarakterində hər savaşdan sonra həm də bir təmənna yatırdı: “Hanı mənim Milli Qəhrəman adım, mənim ordenim, mənim şöhrətim...” Şücaət üçün də, qəhrəmanlıq üçün də titul dopinqi istənirdi. Ona görə də xalqın xarakterindəki sabit imanla keçici emosionallığı ayırmadan, dopinqi görmədən sağlam siyasət yürütmək mümkün deyil.
İndi də mitinqlər vasitəsilə insanları həyəcana gətirməyin, seçkilərə səfərbər etmənin, dopinqlə yeni tərəfdar zümrəsini yaratmanın mümkünlüyünə özlərini inandırmışların ənənəvi faciəsini ürək ağrısı ilə seyr etməyə bilmirsən. Sosial şəbəkələrdə ağıllı, sağlam təhlillərlə bir milyon insana xitab edə bilməyənlər, meydanda onsuz da öz tərəfdarın ola beş-on min insanla soyuqqanlı şəkildə hansı doğru görüşləri paylaşacaqsan? Doğru təhlil etdinizmi ki, bu insan Misirdəki kimi üç ay meydanlarda dura biləcək xarakterə sahibdir? Yaxud öz səsini qoruyacaq ardıcıllıqla sənin arxanca gedəcəkmi?
Xalqa ümid verməklə dopinq verməyi qarışdırmaq doğru olmaz. “Qarabağı altı aya alacağam”, “Bütün xaricdəki pulları qaytaracağam”, “O taylı-bu taylı Azərbaycanı birləşdirəcəyəm” kimi qəti hökmlərin dopinq şəklində cəmiyyətə ötürülməsi az-çox olub-qalan ümidlərin də öləziməsinə vəsilə ola bilir. Ötənlərdə siyasətə yeni girməsinə baxmayaraq, dopinq təklif etdiyinə görə xalqa mümkün və realist yol təklif edən bizlərdən daha çox etibar qazanmış birisi maraqlı və qəti bir hökm ortaya qoymuşdu. Konkret belə: “Tam əmin olun, payızda seçkilərdən sonra Azərbaycanın prezidenti başqa şəxs olacaq”. Doğrudanmı anlamaq çətin idi ki, Azərbaycanın real vəziyyətini eninə-uzununa əqli-səlim təhlil etmədən səslənən bu qəti hökm artıq dopinq də sayılmazdı, birbaşa uyuşdurucu idi?
Xatirimə həbsxanada qocaman bir məhbusdan eşitdiyim maraqlı bir söyləşi düşdü. Biri həbsə düşür, yatıb-çıxmışlar məsləhət verirlər ki, heç bir artıq söz danışma, kimsənin sənlə işi olmayacaq. Adam bir neçə ay səsini çıxarmır, hamıdan xüsusi hörmət görür. Bir gün pəncərəyə yaxınlaşanda havada qara buludları görüb sakitcə mızıldanır: “Deyəsən, yağış yağacaq!” Bu zaman arxadan böyrünə bıçağı dirəmiş üç-dörd məhbusun qəzəbli səsini eşidir: “Yağmasa, yortacağıq!”
İndi payızı gözləyirik. Yağış yağmasa, nə olacaq?..