
Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Təhsil və səhiyyə işçilərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi sərəncamından uzun vaxt keçsə də ortada real bir nəticə yoxdur. Təhsil və Səhiyyə nazirlikləri sərəncama uyğun olaraq, öz təkliflərini hazırlayıb Nazirlər Kabinetinə göndərdiklərini dəfələlərlə bildirsələr də, ortada real nəticə görünmür.
Uzun intizardan sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bu ilin yayında məsələyə aydınlıq gətirərək, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlandığını bildirmişdi. Bu açıqlama ilə müəllim və səhiyyə işçiləri nəhayət yaxın vaxtlarda bu prosesin reallaşacağına və ona müvafiq olaraq maaşların artacağına ümid edirdilər. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir
İndi bu məsələ ilə bağlı yeni xəbər var. Belə ki, Prezident İlham Əliyevin bir neçə gün öncə - oktyabrın 24-də imzaladığı sənərcamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiqləndi. Bu strategiyada qeyd edilib ki, əsas məsələlərdən biri “Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılmasıdır”.
Dövlət Strategiyasında bildirilib ki, “müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması” əsas məsələlər sırasına daxildir.
Buradan belə bir sual çıxır. Əgər müəllimlərin əmək haqları bu strategiyaya uyğun artılacaqsa, o zaman təhsil işçilərinə dövlət qulluğunun xüsusi növünün verilməsi haqqında Prezidentin sərəncamı necə olacaq?
Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, sözügedən Dövlət Strategiyası bütün sahələrlə yanaşı, müəllimlərin statusunun dövlət qulluğunun xüsusi növünə aid edilməsi məsələsini də əhatə edəcək.
“Strategiya bütün bunların hamısını əhatə edəcək. Müəllimlərin əmək haqlarında artım olacaq. Dövlət büdcəsindən aldığı əmək haqqı ilə artıq hər bir müəllim əlavə pedoqoji fəaliyyətlə məşğul olmağa ehtiyac duymayacaq. Lakin bu stretgiyanın tez bir zamanda reallaşacağını da demək mümkün deyil. Keçid mərhələsi olacaq, müəyyən işlər aparıldıqdan sonra strategiyada göstərilən məqamlar tam olaraq yerinə yetiriləcək”.
Preziden İlham Əliyevin sərəncamına görə, Nazirlər Kabineti Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. İndi müəllimlər yeni Təhsil Strategiyasının həyata keçirilməyə başlanacağı günü səbirizliklə gözləyirlər. Amma ondan da narahatdırlar ki, görəsən Nazirlər Kabineti bu sənədi 2011-ci ilin aprelində verilmiş sərəncamla hazırlayacağı Konsepsiya layihəsi kimi ləngidəcək, yoxsa vaxtında ölkə başçısına təqdim edəcək?
Aytən ƏLİYEVA