Modern.az

Milli Qəhrəmanlar Müdafiə Nazirliyindəki islahatdan DANIŞDILAR

Milli Qəhrəmanlar Müdafiə Nazirliyindəki islahatdan DANIŞDILAR

Ölkə

30 Oktyabr 2013, 16:10

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində ciddi kadr islahatları aparır. Yeni təyinat almış şəxslərdən biri Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş polkovnik Fəxrəddin Cəbrayılovdur.

Bəs digər Milli Qəhrəmanlar yeni müdafiə naziri barədə nə düşünür? Onlar nazirin apardığı kadr islahatlarını necə qiymətləndirirlər? Bu kadr islahatlarını müharibəyə hazırlıq kimi dəyərləndirmək olarmı?

Milli Qəhrəman Maşallah Abdullayev yeni müdafiə nazirinin keçmişdə daxili qoşunların komandanı olaraq, ordumuz üçün yaxşı işlər gördüyün vurğuladı: “İnanıram ki, Zakir Həsənov müdafiə naziri olaraq da bu missiyasını çox uğurla yerinə yetirəcək. Orduda nəzərə çarpacaq dərəcədə nöqsanlar var. Gündə bir əsgərin ölüm xəbərini eşidirik. Amma inanıram ki, bu, zamanla aradan qaldırılacaq və general Zakir Həsənovun rəhbərliyi altında orduda uğurlu islahatlar həyata keçiriləcək”.

Yeni nazirin apardığı kadr islahatlarına da münasibət bildirən Maşallah Abdullayev bunu ordumuz üçün lazımlı olduğunu bildirdi. “Çünki orduya daha perspektivli və enerjili insanlar lazımdır. Əminliklə deyə bilərəm ki, Zakir Həsənov bu işlərin öhdəsindən layiqincə gəlir və çox uğurlu kadr islahatları həyata keçirir”.  

Milli Qəhrəman
Məhəmməd Həsənov Ali Baş Komandanın müdafiə naziri ilə bağlı yeni təyinatını bəyənir: “Orduya yeni ruh və yenilik lazım idi. Səfər Əbiyev kimi insanları nəinki vəzifədən uzaqlaşdırmaq, onun rütbəsini də geri almaq lazımdır. Azərbaycan ordusuna o insan çox böyük zərbələr vurub, əsgər ölümlərini çoxunu  gizlədib, bəzi faktlar açılmamış qalıb. Bunlar ölkəmizin  imicinə xələl gətirən məsələlərdir. Artıq yeni müdafiə naziri təyin olundu. Bütün xalq ondan islahatlar gözləyir. Yeni nazirin vəzifədən uzaqlaşdırdığı insanların hər birini yaxşı tanıyıram. Düşünürəm ki, onların artıq pensiya yaşı çatmış, enerjiləri tükənmişdi. Zakir Həsənovun oduda bir sıra uğurlu islahatları həyata keçirəcəyinə ümid edirəm”.

Milli Qəhrəman deyir ki, əgər orduda korrupsiya olmayacaqsa, islahatlar edib, ordumuzun gücünü daha da artırmaq olar. “Ordumuzun hərbi texnikasının yüksək səviyyədə olması bizə bunları deməyə imkan verir”.

Milli Qəhrəman Vahid Quliyev da yeni təyinatı müsbət hal kimi dəyərləndirib: “Orduda durğunluq yaranmışdı və yeni ruha ehtiyac vardı. Bunu da Ali Baş Komandan çox uğurlu şəkildə həyat keçirdi. Yeni müdafiə nazirinin təyin olunması həm orduda müəyyən dəyişikliklərə səbəb olacaq, həmdə yeni nazir gənc olduğuna görə çatışmazlıqları tezliklə aradan qaldıracaq. Aparılan kadr islahatlarını müharibəyə hazırlıq adlandırmaq olar”.
 

Digər Milli Qəhrəman Fariz Qəhrəmanov “yaşlı kadrların artıq öz yerlərini daha perspektivli və ordumuz üçün daha təkanverici işləri görə biləcək insanlara verməsinin vaxtı çatmışdı” dedi.

“Yeni nazirin ordumuz üçün çox uğurlu islahatlar həyat keçirəcəyinə əminəm. Aparılan kadr islahatları da bunun göstəricisidir. Zamanla həm korrupsiya halları və s. neqativ hallar həllini tapacaq”, – deyə Milli Qəhrəman Mirzə Quliyev qeyd edib.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı